Kinoteatrların dublyaj problemi: Filmlər çox vaxt rusca...”

Vüsal Murtuzəliyev: “”Google Translate” ilə tərcümə olunmuş bərbad altyazını verməkdənsə, verməmək daha yaxşıdır”

Mahir Qəribov:“Türk serialları artıq Azərbaycan dilində dublaj olunur. Daha çox təkmilləşdirilməsi nəzərdə tutulur”

Kinoteatrlarda bəzi filmlər çox vaxt rusca dublyaj olunur. Azərbaycan dilində isə, belə dublyajlar çox azdır. Bu məsələ son zamanlarda cəmiyyətdə və sosial şəbəkələrdə müzakirə predimetinə çevrilib. Və məlum mövzu ilə bağlı ciddi qınaq və tənqidlər səsləndirilir. 

Bəs, bu məsələ ilə bağlı hansı addımlar atılmalıdır?

Sualımızı cavablandıran aktyor Vüsal Murtuzəliyev “Sherg.az”a dublyaj məsələsinə qarşı laqeydliyin bu gün mühüm problemlərdən biri olduğunu bildirib:

“Nəzərə almaq lazımdır ki, indiki gənc nəsilin əksəriyyəti rus və ingilis dilini bilmir. Çox adam mənə müraciətində Azərbaycan dilində dublyaj olunmuş film istədiyini bildirib. Bizdə dublyaj işini yaxşı bacaracaq aktyor və aktrisalar var. Amma bunun üçün vaxt və müəyyən maliyyə tələb olunur. Təşkil etmək olar. Necə ki, “CinemaPlus” bir neçə xarici filmi Azərbaycan dilində dublyaj etmişdi. Mən rusca və ya başqa dildə verilməsinə qarşı deyiləm. Sadəcə, öz dilimizdə də dublyaj olmalıdır. Ən sonda tamaşaçı özü dil ilə bağlı seçim etməlidir”

O, ana dilində subtitrın biabırçı vəziyyətdə olduğundan, dilimizin qaydalarına və normalarına uyğunlaşmadığından bəhs edib:

“”Google Translate”lə tərcümə olunmuş bərbad altyazını verməkdənsə, verməmək daha yaxşıdır. Həqiqətən, dəhşətlidir”
V.Murtuzəliyev bunu bacaracaq insanların olduğunu söyləyib:

“Dublyajla bağlı işə güc sərf edə biləcək müəyyən şəxslər var ki, onlarla birgə addımlamaq olar. Bir şeyi də qeyd edim, uzun illər öncə biz “Space” TV üçün "Həzrəti Yusif" serialını 20-ə yaxın aktyor heyəti ilə 6 ay müddətində öz dilimizdə dublyaj etdik. Həmin serial ölkədə reytinq qazanmışdı. O vaxtlar “Youtube” yox idi. Məndən serialın disklərini istəyirdilər. Deməli, əmək var, sübut var, nəticə var. Bunu etmək olar. Uğurlu alınacaqdır”.

Ssenarist Mahir Qəribov da “Sherg.az” açıqlamasında qeyd edib ki, prodakşınların sayının artırılması bu işə daha çox kömək olacaq:

“Yəni, işə marağın artırılması üçün yeni layihələrin hazırlanması məqsədə uyğundur. İnanıram ki, bu sahədə dövlətimiz tərəfindən atılan addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Çünki bizdə də serialların, yeni filmlərin çəkilməsi nəzərdə tutulur. Bu iş artıq aktualdır. Fikir verirsinizsə, türk serialları artıq Azərbaycan dilində dublyaj olunur. 

Daha çox təkmilləşdirilməsi nəzərdə tutulur. Son dövrlərdə bu məsələ mədəni əlaqələrin inkişaf etdirilməsi baxımından aktualdır”. 

Cəmilə ƏZİM