Canavarlar önündə, gülüm, ağlamaq olmaz!"

Firəngiz xanım da haqq dünyasına qovuşdu, kimsə onun göz yaşını görmədi

Həyatlarında bir-birinə hədsiz bağlı insanların ölümü, insanı sakitləşdirir. Hüzur, rahatılıq gətirir. Düşünürsən ki, nəhayət nigaran ruhlar qovuşdu. Doğmasını, əzizini itrmiş insanlar üçün, təbii ki, bu, çox kədərli, ağır yükdür. Amma ömür-gün yoldaşından sonra ömrünü yalnız onun xatirəsinin qorunmasına, əsərlərinin əbədi qalmasına, unudulmamasına (sözsüz, Xəlil Rza Ulutürk unudulacaq şəxs deyil) həsr etmiş birisinin nəhayət həyatla vidalaşması əbədi dünyanın başlanğıcı, ruhların qovuşmasıdırsa, bu, insana yalnız rahatlıq və təskinlik gətirir. 

Azadlıq şairimiz, istiqlal şairimiz, xalqın şairi Xəlil Rza Ulutürkün sadiq həyat yoldaşı Firəngiz Ulutürkün vəfat xəbəri bu düşüncələrin ərsəyə gəlməsinə səbəb oldu. Firəngiz xanım az qala 30 ilə yaxın idi ki, Xəlilinin, həm də Təbrizinin həsrətini çəkirdi. Onların eşqiylə yaşayırdı, birgə ömür sürdükləri, bəzən sevincli, şad, amma daha çox əzablı, kəşməkeşli günlərin xatirəsinə sığınmışdı. Eynən Xəlil Rza kimi, eynən şəhid balası Təbriz kimi vüqarlı, qürurlu idi. Sınmırdı, əyilmirdi. Amma, kədərli, qəmli olurdu. Xəlil Rzanın Firəngiz xanıma ünvanlanmış bir şeiri var: 

Mən səni ömrüm boyu təbəssümlü görmüşəm,
Gülümsər gözlərindən sevinc, fərəh dərmişəm.
Sənin səadətinə həyatımı vermişəm,
Bəs nədir bu hıçqırıq? Göz yaşın almaz-almaz, 
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

Firəngiz xanım şərlə döyüşən, iblislər, şeytanlar önündə əyilməyən qalib həyat yoldaşının tövsiyəsini qəbul etmişdi. Bu illər ərzində kimsə onun gözlərində yaş görmədi. Firəngiz xanım Xəlil Rzadan sonra onun əsərlərini qorudu, nəşr etdirdi, neçə-neçə kitaba müəlliflik etdi.  Özünü Xəlil Rza və şəhid Təbrizin şərəfli ömrü ilə ovutdu.  Dünənsə 89 yaşında dünyaya əlvida dedi və Xəlilinin, Təbrizinin yanına tələsdi. 

Firəngiz Ulutürk “Gözün aydın, Təbrizimiz şəhid oldu”, deyən Xəlil Rzanın xanımı və bir şəhid anası idi. Taleyə bax ki, Xəlil Rzanın və Firəngiz xanımın nəvəsi də 44 günlük Vətən müharibəsi şəhidi oldu. Ulutürk ailəsi Vətənə qurban adanmış insanlar idi. Azadlıq şəhidi Xəlil Rza, Vətən şəhidi Təbriz Xəlilbəyli və şəhid ruhların hamisi, qoruyucusu Firəngiz xanım. Ruhları şaddır artıq, ruhları qovuşub!.. 
Allah rəhmət eləsin!..