"İnkişaf gedir, gələcək nəsil yetişir!" - 125 yaşlı kinomuzun "Sara"sı  

Azərbaycan kinosunun yaranmasının 125-ci ildönümüdür. Bir əsrdən çox yaşı olan kinomuz mədəniyyətimizə neçə-neçə şah əsərlər, sənətkarlar bəxş edib. 

Xatırladaq ki, Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Məhz həmin gün milli kinonun yaranma günü hesab olunur.

Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

125 yaşlı kinomuz bir çox maraqlı obrazları, yaddaqalan səhnələri, filmləri ilə mədəniyyət tariximizdə xüsusi rol oynayıb. Elə o unudulmaz personajlardan  biri də “Bəxt üzüyü”nü itirən Saradır. 
Əməkdar artist Gülşad Baxşıyeva bəxti gətirməyən, ailə həyatı uğursuz olan Saranı Azərbaycan tamaşaçısına sevdirib, yaddaşına həkk edib. 
Gülşad xanımın kinomuza, mədəniyyətimizə xidmətləri tək kamera önündə, səhnədə olmayıb. 
O, həm də illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. 
Sevilən aktrisa neçə-neçə tələbələr yetişdirib, incəsənətə müəllim, professor kimi də töhfələr verib. 

“Sherg.az” bu əlamətdar gün münasibəti ilə Əməkdar artistlə əlaqə saxlayıb, həm onu təbrik edib, həm də Kino günü ilə bağlı təəssüratlarını öyrənib:

“Kinomuz çox yaxşı inkişaf edir. Tutaq ki, mən indi kinoya çəkilmirəmsə, bu, o demək deyil ki, inkişaf getmir. Hər barədə gözəl gələcək nəsil yetişib. İstər yaxşı  rejissorlarımız, istərsə də operatorlarımız var. Yeni texnika mövcuddur. Mənim çox xoşuma gəlir. Bir-iki filmə çəkilmişəm, dəvət ediblər. Qısa metrajlı filmlərdə rol almışam, bəyənmişəm. Kinonun inkişafı dayanmayıb. Hər şey axır, inkişaf edir. Ümid edirik ki, gələcəkdə bundan da yaxşı olacaq”.

Sənətçi həmçinin ötən həftələrdə iki kino ittifaqının birləşməsi ilə bağlı yaydıqları bəyanata münasibət bildirib: 

“Bu məsələlərə qarışmıram. Heç bilmirdim ki, iki kino ittifaqı var. Düşünürdüm ki, birdir. Mən də onun üzvü olmuşam. Sadəcə üzv idim, heç yerə getməmişəm, gəlməmişəm. Amma... Məsələn, sizdən əvvəl məni  Nizami Kino Mərkəzindəki tədbirə dəvət etdilər. Əfsuslar olsun ki, hazırda Şəkidəyəm, seriala çəkilirəm. Mən universitetdə də çalışıram. Ona görə də vaxtım olmur, seriallarda çəkilə bilmirəm. İndi isə məzuniyyətdəyəm. Dəvət etdilər, rol xoşuma gəldi, maraqlı obrazdır. Cavan, yeni komandadır. Çox gözəldir, hər şey inkişaf edir”.