Musiqinin əfsanəsi - Zeynəb Xanlarova: 3 qitəni fəth edən Azərbaycan səsi

Musiqi insan ruhunun qidasıdır. Zamanın sürətlə ötüb-keçməsinə baxmayaraq, elə səslər var ki, onlar unudulmur, əsrlərlə insanların yaddaşına həkk olunur. Belə səslərdən biri Azərbaycan musiqi xəzinəsinin incilərindən olan, muğamın hikmətini, milli operamızın ehtişamını və keçmiş musiqilərimizin dərin ruhunu öz bənzərsiz səsi ilə yaşadan novator sənətkar - Zeynəb Xanlarovadır.

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərinin Dağlı məhəlləsində anadan olub. O, ilk təhsilini Yasamal rayonundakı Cəfər Cabbarlı adına 161 nömrəli orta məktəbdə alıb. Uşaqlıq yaşlarından onun poeziyaya, musiqiyə, xüsusilə də muğama böyük həvəsi olub. Atası Yəhya kişi muğam və qəzəl dinləməyi çox sevdiyindən balaca Zeynəb də tez-tez Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Həqiqət Rzayevanın ifalarını sevə-sevə dinləyir, özü də zümzümə edirdi. Zeynəbin ifalarını dinləyən hər kəs onun həzin, lirik səsinə valeh olur və gələcəkdə bu qızın zirvələr fəth edəcəyini hiss edirdi.

Musiqiyə bağlı olan və bənzərsiz səsə malik balaca Zeynəb Xanlarova Bakıda bədii özfəaliyyət dərnəyinə üzv yazıldı və “Cücələrim” mahnısını ilk dəfə xorla oxuması onun həyatında unudulmaz anlardan birinə çevrildi.

Zeynəb xanım daha sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Məktəbinə daxil oldu və yenə də öz çalışqanlığı ilə seçilərək məktəbin bədii özfəaliyyət kollektivinin fəal iştirakçısı oldu. 1950-ci illərdə münsiflər heyətinin üzvləri - Cahangir Cahangirov, Qəmbər Hüseynli, Əfrasiyab Bədəlbəyli olan Dövlət Filarmoniyasında baş tutan konsertdə o, “Azərbaycan maralı” mahnısı ilə çıxış etdi və birincilik qazandı. Əfrasiyab Bədəlbəylinin təkidi ilə səsi və ifası bəyənilən Zeynəb xanım Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin tələbəsi oldu. Böyük milli vokal ustadı, dahi xanəndə Seyid Şuşinskinin sinfində dərs aldı və bütün müəllimlərinin sevimli tələbələrindən birinə çevrildi. Zeynəb Xanlarova muğam sənətinin dərinliyinə və incəliyinə baş vuraraq zəngin bilik əldə etdi. Tələbələr içərisində ifa tərzi və səs tembri (milli vokalda soprano olaraq qeyd edilir) ilə seçildi. O, IV kursda təhsil alarkən geniş səs diapazonu və məharət tələb edən, kişi xanəndələrin oxuduğu qəliz muğamlardan biri olan “Çahargah” dəstgahını öyrənərək lentə yazdırdı. Buna görə də Azərbaycan muğam tarixində bir ilkə imza ataraq “Çahargah” muğamını dəstgah halında ifa edən ilk qadın xanəndə məhz Zeynəb Xanlarova oldu. Zeynəb xanımın səs tembrinin soprano (milli vokalda) olmasına baxmayaraq, hər şöbə yeni emosional vəziyyət alırdı. Bəzən incə, bəzən isə qalın və dramatik çalarlar xüsusi boğazlar və zəngulələrlə birləşərək dəstgaha əlvanlıq qatırdı. Əslində burada xanəndənin ustadı Seyid Şuşinskidən bəhrələndiyi görünsə də, özünə xas bir ifa yaratdığı da aydın olur. Onun bu ifası dövrün məşhur müğənniləri və dahi şəxsiyyətləri tərəfindən çox yüksək qiymətləndirilib.

Elə həmin il Zeynəb xanım görkəmli rejissor Şəmsi və Əfrasiyab Bədəlbəylinin, dirijor Niyazinin, tarzən Bəhram Mansurovun və xanəndə Seyid Şuşinskinin təqdiri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yaradıcılığına qədəm qoyub. Birbaşa olaraq “Leyli”, ardınca “Şahsənəm”, “Əsli” rollarını məharətlə canlandırıb. Onun tərəf müqabilindən görkəmli xanəndələr Arif Babayev, Canəli Əkbərov, Qulu Əsgərov, Əbülfət Əliyevin adlarını çəkmək olar. Zeynəb Xanlarova opera tariximizdə xüsusi “Leyli” obrazı yaradıb və uzun illər operamızın solisti olub. Onun “Leyli”sinin xarakteri poema ilə tam uyğunlaşırdı və xanəndə ifa edərkən təkcə rolu oxumur, həm də Leylinin obrazını yaradırdı.

Bu hadisələrdən sonra adı dillərdə dolaşan gənc xanəndə Zeynəb Xanlarovanın səsi o dövrdə prokuror olan Ələkbər Tağıyevin də qulağına çatıb. Zeynəb xanımın səsini və ifasını bəyənən bəstəkar onunla əməkdaşlıq etməyə başlayıb. Müğənninin ifasında ilk olaraq “Qonşu qız” mahnısı lentə yazılıb. Ələkbər Tağıyevin bəstələdiyi silsilə mahnıların (“Qal sənə qurban”, “Şikayətim var”, “Arzu qızım”, “Azərbaycanım mənim”, “Sənin üçün”, “Sən gəlməz oldun”, “Həsrətindəyəm”, “Səni anaram”, “Leylam”, “İstəyirəm görəm səni”, “Sən-sən” və s.) əksəriyyətinin ilk və mahir ifaçısı məhz Zeynəb Xanlarova olub.

Ələkbər Tağıyev­dən sonra böyük bəstəkar Emin Sabitoğlu Zeynəb Xanlarova üçün silsilə mahnılar bəstələmiş və uzun müddət onunla əməkdaşlıq etmişdir. Hətta sənətkarın Emin Sabitoğlunun mahnılarından ibarət melodiyalar firmasının xüsusi valı da buraxılıb. SSRİ məkanında ən çox valı satılan Azərbaycan müğənnisi olan Zeynəb Xanlarova “Melodiya” firmasının “Qızıl val” mükafatı ilə təltif olunub. Ümumiyyətlə, Zeynəb Xanlarovanın ifasında muğamlar (Şahnaz, Qatar, Çahargah, Humayun və s.), təsniflər (Çahargah, Mahur-hindi, Şur, Bayatı-Şiraz, Dilkeş və s.), bəstəkar mahnıları (Ələkbər Tağıyev, Emin Sabitoğlu, Qara Qarayev, Tofiq Quliyev, Cahangir Cahangirov, Şəfiqə Axundova, Oqtay Kazımi, Ramiz Mirişli, Tahir Əkbər, Rauf Məmmədov və s.), müğənninin öz bəstələdiyi mahnılar (“Gecələr yuxusuz qoymusan məni”, “Bəxtiyaram mən”, “Necə səni anmayım”, “Neylərsən”, “Mənimtək sevənin olmayacaqdır”, “Xatirələrdən başqa”, “Gecələr, ay gecələr”, “Hər an məni anacaqsan”, “Unuda bilmirəm” və s.) və digər xalqların mahnıları (türk, fars, yapon, yunan, rus, bolqar, ərəb, əfqan, gürcü, erməni, özbək, əlcəzair, Moldova və s.) yer tutur. Zeynəb Xanlarovanın repertuarındakı ifaların böyük qismi Azərbaycan Televiziyasının “Qızıl fond”unda saxlanılır və qorunur. O, həm də Azərbaycan səhnəsinə hərəkət və canlılıq gətirən, SSRİ senzurasından çəkinmədən türk dilində mahnılar oxuyan və onları lentə aldıraraq repertuarında geniş yer verən ilk və yeganə müğənni olub. O, repertuarında Həbibi, Füzuli, Nəsimi, Vahid, Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə poeziyasına hər zaman diqqət göstərib və həmin ədəbi nümunələrə müraciət edib.

Onu da qeyd edək ki, müasir dövrdə də sevə-sevə dinlənilən, gənc müğənnilərin repertuarını bəzəyən “Əsən yellər”, “Nə qaldı”, “Niyə yox deyirsən”, “Ay bəri bax”, “Yaman könlümə düşmüsən”, “Sən bağışladın”, “De görüm vəfasız sənsən yoxsa mən”, “Dərdin alım”, “Mən bülbüləm”, “Sevənlərə nəğmə deyək”, “İncitmə məni”, “Gəl al qadamı”, “Durna qatarı”, “Külək”, “Yaşa mənim xalqım”, “Dünyanın xoşbəxti mənəm dünyada” kimi mahnıların da ilk ifaçısı məhz Zeynəb Xanlarovadır.

Zeynəb Xanlarova yeganə qadın müğənnimizdir ki, dünyanın üç qitəsində Azərbaycan musiqisini layiqincə təmsil edərək konsertlər vermişdir. Hətta BMT-nin konfrans zalında diplomatların qarşısında çıxış edib. O, Türkiyədə (1969) və Yaponiyada (SSRİ üzrə) konsert verən ilk Azərbaycanlı müğənnidir. Türkiyədə verdiyi konsertlərdən sonra prezident Cevdet Sunay tərəfindən qızıl kəmərlə mükafatlandırılıb və “İlin sənətçisi” adına layiq görülüb. SSRİ məkanında məşhurlaşan Zeynəb Xanlarova Avropada, Amerikada və Avstraliyada da böyük sevgi ilə qarşılanıb. O, Yəməndə 50 dərəcə istidə və Əfqanıstanda müharibə şəraitində konsertlər verib və buna görə mükafatlandırılıb.

1990-cı il 20 Yanvar faciəsinə görə Almaniyadakı konsertini ləğv etdirib, bir il yas saxlayaraq xalqı ilə həmrəylik nümayiş etdirib. Şəhidlərin dəfn mərasimində iştirak edib və Bəxtiyar Vahabzadənin sözlərinə Emin Sabitoğlunun bəstələdiyi “Şəhidlər” ağısını ifa edib. Hətta 20 Yanvar hadisələri ilə bağlı Ali Sovetin iclası da lentə alınıb və o, “Qarbaçova ölüm!” deyərək mövqeyini açıq şəkildə ifadə edib. Bu hadisədən sonra ona verilməsi nəzərdə tutulan “Sovet Sosialist Əmək Qəhrəmanı” fəxri adı verilməyib.

Uşaqlıqdan musiqi sənətində olan, heç bir təltifə ehtiyacı olmayan, “Zeynəb Xanlarova” adının özü fəxri ad olan bu ehtişamlı sənətkar Azərbaycan SSRİ-nin, Özbəkistan SSRİ-nin və SSRİ-nin xalq artistidir. O, “Şöhrət”, “İstiqlal”, “Xalqlar Dostluğu”, “Heydər Əliyev” ordenlərinin və onlarla mükafatın sahibidir. Müxtəlif ölkə başçıları tərəfindən xüsusi mükafatlara layiq görülüb. O, ifa texnikası, özünəməxsus boğazları və səs tembri ilə özündən sonra məktəb yaratmış bir sənətkardır. Azərbaycan musiqisinin ən böyük simalarından biri kimi milli mədəniyyətimizin canlı salnaməsidir.

Nəcəf Nəcəfov,

 Bakı Slavyan Universitetinin Jurnalistika ixtisasının tələbəsi