Çukurova Universitetinin təşkil etdiyi I Beynəlxalq Çukurova Şeir Günlərində “Zəlzələ” şeiri ilə Türkiyəni duyğulandıran professor Teranə Turan Rəhimli Türk dünyasının tanınmış simalarından Qənirə Paşayevanın beynəlxalq konqreslə anılacağını açıqlayıb.
Türk dünyasının ortaq mədəni dəyərləri, ədəbiyyatı və birlik idealına yönəlmiş fəaliyyəti ilə tanınan azərbaycanlı siyasətçi, yazıçı və şair Qənirə Paşayevanın siyasi, ədəbi, mədəni və intellektual irsi dünyanın müxtəlif ölkələrindən alimlərin iştirakı ilə keçiriləcək beynəlxalq konqresdə müzakirə olunacaq.
Beynəlxalq akademik toplantı
Türk Akademiklər Birliyinin təşkilatçılığı ilə “Qənirə Paşayeva və Türk dünyası: Ədəbiyyat, Mədəniyyət, Siyasət və Birlik İdealı” mövzusunda beynəlxalq konqres 27-28 sentyabr 2026-cı il tarixlərində onlayn keçiriləcək.
Konqresdə Qənirə Paşayevanın Azərbaycanın siyasi həyatındakı rolu, parlament fəaliyyəti, Türk dünyasına baxışı, ədəbi əsərləri və mədəni fəaliyyəti müxtəlif elmi istiqamətlərdən araşdırılacaq.
Tədbirdə siyasət, diplomatiya, ədəbiyyat, mədəniyyət, təhsil, media, qadın araşdırmaları və gələcək perspektivləri kimi mövzular da müzakirə ediləcək. Təqdimatlar Azərbaycan, türk və ingilis dillərində olacaq.
Konqresə dünyanın müxtəlif ölkələrindən alimlər, tədqiqatçılar, yazıçılar, şairlər və mədəniyyət nümayəndələri qatılacaq.
Konqresə Türk Akademiklər Birliyinin başqanı dosent İzzettin Özpolat rəhbərlik edəcək. Təşkilat Komitəsinin sədri isə Türk Akademiklər Birliyinin sədr müavini, Beynəlxalq Nümayəndəliklər Komissiyasının rəhbəri professor Teranə Turan Rəhimlidir.
Qənirə Paşayevanın siyasi mübarizəsi, ədəbi yaradıcılığı və Türk dünyasının birlik idealına töhfələri sentyabrın 27-28-də keçiriləcək konqresdə müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə yenidən gündəmə gətiriləcək. Konqres Qənirə Paşayevanın irsinin araşdırılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm akademik platforma olmağı hədəfləyir.