Azər Həsrətdən mesaj: "İstəklərinə nail ola bilməyəcəklər"

“Dövlətə qarşı sosial şəbəkədə çağırışlar edən qüvvələrin əməlləri baş tutmayacaq”. Bunu Sherg.az-a açıqlamasında siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət deyib.

Ekspert bildirib ki, ölkəmizdəki durumun sabit olması və bu sabitliyin davamlı xarakter alması, dövlətin vətəndaşların rifah halının yüksəldilməsi üçün addımlar atması Azərbaycanı sevməyənləri çox narahat edir:

“Ona görə də həmin insanlar bir an belə dinc durmurlar. Əllərindən gələni edirlər ki, Azərbaycanda ictimai narazılıq yaratsınlar. Bunun üçün isə tutarlı dəlillər əldə edə bilmirlər. Beləliklə uydurulmuş yaxud da köhnəlmiş məsələləri ortaya atıb, Azərbaycanda baş veribmiş kimi təqdim etməklə ictimai rəyi çaşdırmağa çalışırlar. Onların əsas məqəsdi dövlətin avtoritetini zədələmək, vətəndaşın dövlətə güvənini sarsıtmaqdır. Ümumiyyətlə, elə bir şərait arzusundadırlar ki, vətəndaş dövlətinə heç cür güvənməsin, inanmasın. Düşünürlər ki, bu inamsızlıq mühitində də özlərinin siyasi məqsədlərini həyata keçirə bilərlər. Amma bir məqamı unudurlar ki, Azərbaycan vətəndaşı xüsusən də 1990-cı illərdəki qeyri-sabit şəraiti yaşayıb. İnsanlarımız bilir ki, Azərbaycan bu günkü sabitliyə qanlar bahasına gəlib çıxıb, böyük qurbanlar verilib. Ona görə də vətəndaşlarımız qara qüvvələrin çirkin əməllərinə alət olmur. Həmin adamlar düşünürlər ki, nəyisə dəyişə bilərlər. Lakin vətəndaşlarımız sabitliyin qiymətini bilir, gözünün qarşısındakı Suriya, Liviya, İraq kimi dövlətlərin vəziyyətini görür. Biz ağıllı millət olduğumuza görə, başqalarının səhvindən öyrənirik, özümüz həmin səhvlərə yol vermirik. Məhz bu səbəbdən sosial şəbəkələrdə dövlət əleyhinə paylaşım edənlər istəklərinə nail ola bilməyəcəklər”.