Televiziyanın vəzifəsi nədir? İctimai qurum yaradılanda da onun məram və məqsədlərini açıqlayırlar. Səbəbsiz heç nə olmur. Olmamalıdı. Televiziya isə ən güclü təbliğat vasitəsidir. Çünki milyonlarla izləyici auditoriyası onun əlindədir. Əldə olan bu imkandan dövlətin siyasətini dəstəkləmək, müsbət işləri xalqa çatdırmaq, məlumatlandırmaq, ictimaiyyəti maarifləndirmək televiziyaların bacaracağı işdir. Amma bizim televiziyalar sanki bütün bu vəzifələri unudub, üzərindən xətt çəkərək kənara qoyub. Müstəvidə isə yalnız şou proqramları saxlayıblar. Şou da bir şou olsa, yenə dərd yarıdır. Vay o gündən ki, şou etik qaydalara, əxlaq kodeksinə, milli dəyərlərə, eləcə də insanların hissləri ilə oynayıb əsəb limitini ölçməyə hesablansın. Hazırda Azərbaycan efirində büdcədən maliyyələşən telekanalları çıxmaq şərtilə, bütün digərləri uçuz, bayağı və ən dəhşətlisi - xalqımızın əsrlərlə qoruyub saxladığı, gələcək nəsillərə ötürməyə çalışdığı milli-mənəvi və ailə dəyərlərini yox etməyə kökləniblər. Hər gün efirlərdə əxlaqdan xaric, normal (!) insanı iyrəndirən, diksindirən, ekrana tüpürmək həddinə çatdıran proqramlar yayımlanır. Bu sərsəm gedişata “dur” deyən də yoxdur. Bir Milli Teleradio Şuramız var ki, tənqidləri bol, tövsiyələri alqışalayiq, amma tələbi sıfırdır. Etirafı da səmimidir: “Heç nə edə bilmirik. Səlahiyyətimiz yoxdur”. Bəs necə olsun? İzləyici pula görə şərəfini, mənliyini, qadınlığını, kişiliyini heçə sayan bir qrup adamın girovundamı qalsın?
Mövzunu gündəmə gətirən səbəb son zamanlar çox izlənən, tamaşaçı auditoriyası formalaşmış, yəni perspektivli görünən ARB telekanalında xoşagəlməz halın yaşandığı oldu. Telekanalda yayımlanan "Sayqa ilə" verilişində baş verən hadisə tamaşaçıları, sözün əsl mənasında, şoka salmışdı. Bu barədə bir neçə gündür məlumatlar verilir, müzakirələr səngimir. Hadisəni qısaca xatırladaq ki, oxucuya aydın olsun. Proqramın aparıcısı Sayqa Cahid müğənni Afaq Aslanı verilişinə qonaq qismində çağırıb. Əlində gül studiyaya girən bir gənc Afaqa evlilik təklif edib. İfaçının qarşısında diz çökən 24 yaşlı gənc "Sənin üçün ailəmi, hətta əzizlərimi qurban verərəm. Səni modellik yarışmasında görəndən sevirəm. Mənə "yox" desəniz, ömrümün sonuna qədər evlənməyəcəm" - deyib. "Yox" cavabı alan oğlan ağlamağa başlayıb və “ürəyi gedərək”, yerə yıxılıb.
“Sən bu sözləri Gülzar xalana da demisən...”
Sonra İTV telekanalı verilişi “parodiya” edib. ARB TV-nin efirində müğənni Afaq Aslana evlilik təklif edən gənc oğlan bu dəfə “3D” verilişində Dadaş Dadaşlinskinin katibəsi Lyubaya evlilik təklif edib.
“Səni ilk gördüyüm gündən heç ağlımdan çıxmırsan, Lyuba. Sənə görə hər şeyimi, hətta əzizlərimi də qurban verməyə hazıram. Mənimlə evlənərsən?” deyə, oğlan bildirib.
Lyubanın “Sən həmin sözləri dünən ARB-də demirdin” sualına “Burada da yox desəniz, “Real”a (Real TV - red.) gedəcəm” sözləri ilə cavab verib.
Daha sonra verilişdə qonaq olan Azərbaycan Avtomobil Yolları Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi və ARB TV-nin aparıcısı Anar Nəcəfli efirlə sağollaşarkən sözügedən gənc yerdə uzanıqlı şəkildə olub.
Lyuba həmin şəxsə yaxınlaşaraq “Ay oğlan, veriliş bitdi, dur. Qonorarını mühasibatlıqdan alarsan” deyə, söyləyib. Bu xəbəri oxuyanda yadıma “Bəxtiyar” filmi düşdü - klub müdiri Ağabalanın xalaları, bacıoğullarını yığıb fövqəladə iclas çağırması epizodu. İTV-nin 3D proqramında Lyubanın “sən bu sözləri dünən ARB-də demirdin” sualı da Ağabalanın xalasının “sən bu sözləri Gülzar xalana da demisən” söyləməsinə oxşadı. İstər dünya kino tarixi, istərsə də televiziya məkanı olsun, tamaşaçı yaxşını-pisdən ayırmağı bacarıb həmişə. Gülüş də mənalı olmalıdır, kədər də dərin məna daşımalıdır. Bizim televiziyalarda isə hazırda yalnız günlük proqramlara üstünlük verilir. Onları düşündürən “Bu gün hansı verilişdən, kimdən nə qədər qazanacağıq”dı. Ona görə də yüngül mövzular qoyulur, gözümüzü yağır eləmiş müğənnilər efirlərdə ekspertlik edir. Bəzisi də sponsoruna arxalanıb efirdə “pərəstişkar”ını yerə uzandırır. Yadıma Andrey Malaxovun verilişlərinin birini hind kinosunun ulduzu Xema Maliniyə həsr etdiyi yadıma düşdü. Proqrama bir neçə nəfər fanat dəvət edilmişdi. Biri rəssam idi, aktrisanın portretini çəkmişdi, hədiyyə etdi. Biri ona həsr etdiyi şeiri dedi, digəri aktrisanın rol aldığı filmlərdəki mahnıları hind dilində ifa edirdi. Aktrisa təsirlənmişdi və dedi ki, Rusiyada sevildiyini bilirdi, amma bu qədərini gözləmirdi. Andrey Malaxovun verilişi də şou-proqramdır. Orda niyə şit hərəkətlər, bayağı davranışlara yer verilmir? Gərək anormallıqların hamısı bizim efirlərdə olsun? Özünü top-model kimi təqdim edən birisi efirə çıxıb dəyərlərə meydan oxuyur, heç kim, heç bir qurum da reaksiya vermir, biabırçılığın qarşısını almır. Milli Teleradio Şurası “qarışa bilmirik” deyib yaxasını kənara çəkir.
İTV-dəki “3D” proqramı da tənqidlərə tuş gəlir artıq. Efirə robot çıxarmaqla yeniliyə imza atdıqlarını düşünürlərsə, yanlışdır, bizcə. Bu televiziyalarda ağıllı-başlı bir yenilik görmədik də. Tükənib hamısı.
MTRŞ bacarmırsa, onda nəyə lazımdır?
Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında Milli Teleradio Şurasının bu tip proqramlara qadağa qoymalı olduğunu dedi:
- Necə yəni, “biz proqram siyasətinə qarışmırıq”. Onda bu Şura nəyə lazımdır? Nə iş görür. Ötən illərin təcrübəsi göstərdi ki, televiziyalar qaydaları pozduqda MTRŞ bəzən məsələyə çox dəqiq, yerində qarışa bilir və lisenziyaları ləğv edir. Haqlıdırlar. Belə də olmalıdır. Bəs televiziyalardakı bu biabırçılıqlara niyə göz yumurlar? Efirlərdə bizim dəyərlərimiz təhqir olunur, millət, xalq olaraq aşağılanırıq. Səviyyəsiz qonaqların səviyyəsiz danışıqlarına, etikadan xaric hərəkətlərinə nə qədər baxmaq olar. Yəni bu insanlar anlamır ki, Azərbaycan televiziyaları dünyaya yayımlanır. Hansısa bir ölkədə ekran qarşısında əyləşmiş tamaşaçı Azərbaycan haqqında nə düşünəcək? Deməzmi ki, bu xalqın hörmət olunası, qorunası adət-ənənəsi yoxdur məgər?!. “Sənə görə ailəmi, əzizlərimi ataram” nə deməkdir? Sonra da boşanmalardan, ailə institutunun dağılmasından danışırıq. Bunu görən, belə proqramları izləyən gəncdə hansı fikirlərin formalaşacağını təxmin etmək çətin deyil. Zənnimcə, bu tir proqramların məzmununu sponsorlar müəyyənləşdirir. Biz belə istəyirik, proqrama filankəsləri dəvət edin, deyib şərt kəsirlər.
L.Mehralı özəl televiziyalara da dövlət nəzarətinin olması tərəfdarıdır.
- Hesab edirəm ki, özəldir deyib televiziyaları başlı-başına buraxmaq olmaz. Onlara da dövlət nəzarəti olmalıdır. Yoxsa cəmiyyətə çirkab ötürməkdə davam edəcəklər.
Səviyyəsiz şouların qarşısı alınmalıdır
Sabiq millət vəkili, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova da bayağı verilişlərin dayandırılması üçün MTRŞ-yə xüsusi səlahiyyətlər verilməli olduğunu dedi:
- Milli Teleradio Şurasına əlavə səlahiyyətlər verilməlidir. Çünki cəza olmayanda özbaşınalıq ayaq tutub yeriyir. Amma bununla da iş bitmir. Tutalım, hansısa telekanal cəzalandı, yaxud qapandı. Başqa birisini yenidən açacaqlar, eyni səviyyəsiz, bayağı, şit, xalqımızın əsrlərlə qoruyub saxladığı dəyərlərimizi təhqir edən, milli dəyərlərə təcavüz edən proqramlar yenə başlayacaq yayımlanmağa. O qədər belə hallar olub ki. Hansısa telejurnalist, aparıcı bir kanaladan uzaqlaşdırılıb, gedib başqa bir telekanalda proqram açıb, «layihə rəhbəri» olub və yenə başlayıb köhnə peşəsi ilə məşğul olmağa. Telekanallara çəki-düzən vermək üçün birinci növbədə gərək telekanal rəhbərləri də müzakirələrə dəvət edilsin, onlar da dinlənilsin, bəlkə bu insanların deyəcəkləri bir söz var, bir təklifləri var. Görək, onlar bu bayağılıqla bağlı hansı arqumentləri səsləndirirlər. Deməsinlər ki, reytinqli proqramdı, guya millət səviyyəsiz müğənniləri tələb edir, filan. Hamımız da yaxşı bilirik ki, şit, səviyyəsiz verilişlərə dəvət edilən bayağı müğənnilər, yalançı ekspertləri telekanal və proqram rəhbərləri özləri dəvət edirlər. Tamaşaçıya da onları zorla alqışladırlar. Televiziyalara televiziya məkanını bilən peşəkarlar dəvət edilməlidir. Qoy xarici telekanallardan örnək alsınlar. Türkiyənin ATV telekanalında insan talelərindən bəhs edən proqram var. Bütün dünya türkləri ona baxır, izləyir. Niyə bizim telekanallarda bölgələrdə yaşayan əməksevər, zəhmətkeş insanlarımız, Qarabağ müharibəsinin iştirakçıları, Aprel döyüşlərinin şəhidləri haqqında danışılmır, onların ailələri, anaları, bacıları göstərilmir? Niyə verilişlərə tanınmış, dünyaca məşhur ekspertlər, analitiklər dəvət edilmir? Nə qədər eyni simaları görmək olar? Televiziya kütləvi yayım vasitəsidirsə, burada bütün təbəqələrin marağı nəzərə alınmalıdır.
Reytinq telekanalları bu qədər “şikəst” etməsəydi…
Uzun illərdir telejurnalistika sahəsində çalışan həmkarımız Azadə Balayeva ucuz şouların zövqləri korladığı fikrindədir. Xanım jurnalist həmkarlarını incitməmək üçün etik çərçivəyə riayət etdi:
- Mən ilk növbədə yalnız elektron KİV-lərdə deyil, bütün media vasitələrində zorakılıq, cinayət xarakterli məlumatlar, intihar xəbərlərinin verilməsinin əleyhinəyəm. Bu xəbərlər dolayısı ilə həmin çirkinliklərin təbliğidir. Milli-mənəvi dəyərlərin aşınmasına gəldikdə isə, inanmıram ki, bu yalnız bəzi telekanalların günahıdır. Bu, daha çox nəzarətsiz qalan internet şəbəkəmizin, orta məktəb şəhadətnaməsini belə ala bilməyən savadsız, dünyagörüşsüz şəxslərin açdığı wap saytların günahıdır. Bu gün hər valideyn uşağının əlinə bir smartfon verib, onun nəyə baxdığına, çoxu qadağan olunmalı saytlardan nəyi öyrəndiyinə qətiyyən nəzarət etmir. Bu isə zorlamalara, zorakılıqlara yol açır. Telekanallardakı qeybət xarakterli, ucuz şoulara gəldikdə isə, onlar olsa-olsa zövqləri korlayır, intellektual kəsimi ekranlardan uzaq salır. İndiki şəraitdə televiziyaların əsas auditoriyası internetdən uzaq yaşlı təbəqədir. Bu gün əksər insanlar, xüsusilə gənclər demək olar ki, televizor izləmir, bütün xəbərləri sosial şəbəkələrdən və internet saytlardan əldə edirlər. Reytinq telekanalları bu qədər “şikəst” etməsəydi təbii ki, telekanallarda da səviyyəli verilişlər ortaya çıxar, tamaşaçı toplayardı. Amma bugünkü bəzi aparıcılar asan yolla reytinq qazanmağı, ucuz şoularla sponsor cəlb etməyi, məşhurlaşmağı üstün tuturlar. Bu da onların, onların çalışdıqları telekanalların seçimidir. Məsələn, mən Space TV-də “Üz – Üzə” talk show-nun aparıcısı olarkən verilişimizdə ciddi mövzular müzakirəyə çıxarılırdı. Talk show-muz intellektual çevrələrdə kifayət qədər rəğbət qazanmışdı. Hətta nazirliklərdən biri cəmiyyət üçün faydalı olacaq birgə layihə də həyata keçirməyi təklif edirdi. Amma Azərbaycan reallığına uyğun olaraq, ciddi verilişlərə marağın azlığını nəzərə alsaq, bu verilişin də reytinqi kifayət qədər aşağı idi. Ona görə də həmin vaxt mənə verilişə şou elementləri qatmaq, saxta səhnələr qurmaq təklif olundu. Təbii ki, mən belə bir verilişdən imtina etdim.