İnformasiya savaşında incə məqam:“Düşmənə özünüifadə imkanı yaradılmaldır”


"Ermənilər mövcud durumdan əziyyət çəkdiklərini dilə gətiriblər"

"Amma dediyim kimi, sonadək etiraf edə bilmirlər"

“Müharibədən beziblər, savaş istəmirlər”

“Sadəcə hansısa siyasi liderin, ya da beynəlxalq güc mərkəzlərinin girovuna çevriliblər”


“Ermənistan Silahlı Qüvvələrinin zabiti olaraq mən Azərbaycanın işğal altında olan ərazilərində xidmətimi davam etdirmək istəməmişəm”.
Bunu cəbhənin Goranboy rayonu istiqamətində Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində müəyyən edilərək saxlanılan Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan videomüraciətində deyib. O qeyd edib ki, hərbi qulluqçu kimi məcburiyyət qarşısında qaldığı üçün Azərbaycanın işğal edilmiş ərazilərində xidmət edib:


“Törətdiyim əmələ görə peşmanlıq hissi keçirməklə yanaşı, mənim kimi Ermənistan Silahlı Qüvvələri tərkibində xidmət edən bir çox hərbi qulluqçuların məcburi olaraq Azərbaycanın işğal edilmiş ərazilərində xidmətə göndərildiyini bildirmək istəyirəm”.

Baş leytenant qeyd edib ki, saxlanıldıqdan sonra təsəvvürlərinin tam əksinə olaraq ona qarşı heç bir qeyri-insani davranış, işgəncə, təzyiq olunmayıb:

“Eyni zamanda qidalanmağım və saxlanma şəraitimlə bağlı heç bir şikayətim yoxdur. Mən Azərbaycan Respublikasında qalmaq istəyirəm və bilik-bacarıqlarımla bu dövlətə xidmət etmək niyyətindəyəm. Mən həmçinin başa düşdüm ki, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələrinə qalib gəlmək şansı yoxdur”.
 
 Erməni hərbçisinin etirafı barədə “Sherg.az”a danışan hərbi jurnalist Asəf Quliyev düşünür ki, bu, yerli cəmiyyətin inikasıdır: 

“Nəinki düşmən ordusunda, ümumiyyətlə, Ermənistan cəmiyyətdə ciddi mənəvi-psixoloji travma var. Bu, əslində bizim istədiyimizdir.

Ermənistandakı anaların ağlayaraq övladlarının hərbi xidmətə aparılmasına razı olmamaları, həmçinin baş leytenantın sözügedən etirafı göstərir ki, onlar Dağlıq Qarabağı əldə saxlamalarına sonadək əmin deyillər.

Müharibədən artıq beziblər, savaş istəmirlər. Sadəcə hansısa siyasi liderin, ya da beynəlxalq güc mərkəzlərinin girovuna çevriliblər. Əslində bunu özləri də başa düşürlər.

Lakin dövlətə xəyanət ola biləcəyindən ehtiyatlanaraq  açıq şəkildə elan edə bilmirlər. Erməni jurnalistlərlə, ekpertlərlə dəfələrlə söhbətlər etmişəm, müzakirələr aparmışam. Onlar hər dəfəsində mövcud durumdan əziyyət çəkdiklərini dilə gətiriblər.

Amma dediyim kimi, sonadək etiraf edə bilmirlər. Biz bəzən unuduruq, fəqət informasiya müharibəsinin ən vacib məqamlarından biri düşmənə özlərini ifadə etmək üçün imkan yaratmaqdır. Bu, çox incə məqamdır”.