Link jurnalistləri linç edir? - Professor “hə” deyir, kulturoloq isə “yox” -  Fikirlər haçalandı 

“Müəyyən istisnaları nəzərə almaqla bu meylin ənənəyə çevrilməsinin qarşısını almaq lazımdır”

“Mənim jurnalistlərdən ilk tələbim linki göndərmək olur. Yalnız razılıq alandan sonra ekspert rəyimi verirəm”


İnformasiya əmtəədir. Həm də, bəlkə, ən qiymətli əmtəə. Jurnalistlər isə xəbər istehsalçılarıdır. “Cəmiyyətin güzgüsü” olmağa çalışan qələm adamlarının məhsulu hazırladıqları yazıdır. Bu peşə nümayəndələri məzmuna uyğun fotoşəkillə, sərlövhə ilə belə demək mümkünsə, materialı “qablaşdırır”lar. Onu saytda, qəzetdə dərc etmək isə artıq “vitrinə yığmaq” mərhələsidir. Qalır bircə auditoriyanı gözləmək. Amma bir çox oxucular, xüsusilə açıqlama verən ekspertlər ( xəbər alıcıları) buna da yaxın durmurlar.


KİV-in köməkliyi ilə ictimai rəyə nüfuz etməklə yanaşı, həm də yazının linkini tələb edir, bir az gecikən kimi reaksiya bildirirlər. Əlbəttə, burada jurnalistlər üçün çətin iş yoxdur. Cəmi bir neçə saniyə kifayətdir.  Amma qarşı tərəf sayta daxil olsa, qəzet alsa, daha yaxşı olmazmı? Axı “Dördüncü hakimiyyət” nümayəndələrinin yeganə istədikləri, bütün zəhmətlərinin hədəfi də məhz budur-məhsullarının normal satılması. 


 Etiraf etmək lazımdır ki, link tendensiyası günü-gündən artır. Beləliklə, daha çox gözləməyin daha böyük fəsadlara səbəb ola biləcəyini düşünərək “Sherg.az” olaraq məsələnin üstünə düşdük. 

 BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin fikrincə, müəyyən istisnaları nəzərə almaqla bu meylin ənənəyə çevrilməsinin qarşısını almaq lazımdır: 

“Qaldırdığınız məsələ daha çox etik məqamlarla bağlıdır. Əlbəttə, multimedia bilikləri olmayanlara, texnikadan baş çıxarmayanlara linki göndərmək başa düşüləndir. Bu, ədəb göstəricisidir. İkinci bir tərəfdən, ola bilər ki, respondentin sayta girmək, yazını axtarmaq baxımından imkanı yoxdur. Lakin belə hallar təsadüfən olur. Mən medianın tərəfindəyəm və belə təsadüflərin vərdişə çevrilməsinin əleyhinəyəm. Çünki sayt ekspertin rəyini verirsə, o da KİV-ə dəstək olmalıdır. Müxtəlif ekspertlərin  fərqli KİV-i izləməsi həm də həmin media qurumunun məsuliyyətini artırır. Bu nöqteyi-nəzərdən məsələyə həssas yanaşmaq lazımdır”. 

Vətəndaş Cəmiyyəti Alyansı TŞ  rəhbəri, Yeni Yazarlar və Sənətçilər İB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə düşünür ki, media ekspertin xahişini normal qarşılamalıdır: 

“Çox az ekspert var ki, hər an- günün istənilən saatında suala ətraflı cavab verə bilər. Həmin ekspertin bir yox, onlarca KİV-lə işlədiyini və həmin media qurumlarının hər birini müntəzəm izləməyə vaxtı olmadığını nəzərə almaq lazımdır.

Ona görə şəxsən mənim jurnalistlərdən ilk tələbim linki göndərmək olur. Yalnız razılıq alandan sonra ekspert rəyimi verirəm.

Avropada vəziyyət başqa cürdür. Mütəxəssislər hər cümlələrinə görə qonorar alırlar. SSRİ dövründə də belə ənənə var idi. Sonradan unuduldu. Axı biz vaxt itirir, efirlərə gedir, intellektual məhsulumuzu ortaya qoyuruq.

Müğənni də deyilik ki, toy tutaq. İstədiyimiz də qonorar yox, efirə gedən çəkilişin diski və ya bir linkdir”.