Təklif: “Türkiyə və Azərbaycan türkcəsində vahid informasiya agentliyi yaradılsın!”

"Ortaq bir televiziyanın yaradılması, gələcəkdə keçmiş sovetlər birliyində olan türk cümhuriyyətlərinin də bu teleməkana qatılması layihə olaraq nəzərdən keçirilməlidir"




"Türkiyə və Azərbaycan arasında vahid media platformasının yaradılması barədə razılığın əldə olunması müsbət hadisədir. Eyni soy-kökün, tarixin, mədəniyyətin daşıyıcısı olan eyni millətin də vahid informasiya məkanı olmalıdır".

Bu sözləri Moderator.az-a "Şərq" qəzetinin baş redaktoru, "Azərbaycan Türk ocağı"nın sədri Akif Aşırlı deyib.

Baş yazar qeyd edib ki, milli mətbutamızın əsası olan "Əkinçi" qəzetinin şriftləri 1874-cü ildə Həsən bəy Zərdabi tərəfindən İstanbuldan alınıb gətirilib. Türkiyəli jurnalistlər, Əhməd Kamal, Abdulla Cövdət, Xalid Xürrəm Azərbaycanda "Füyuzat", "Yeni Füyuzat", "İrşad", "Şəlalə" qəzet və dərgilərində çalışıb. Məhəmməd Hadi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ünsizadə qardaşları uzun müddət Türkiyə mətbuatının formalaşmasında iştirak edib. Yəni Türkiyə-Azərbaycan mətbuat əlaqələrinin tarixi özülü möhkəmdir. Biz bu özül üzərində vahid media informasiya məkanı yaratmaqla, dildə, fikirdə, işdə birlik nümayiş etdiririk.

 A.Aşırlı diqqətə çatdırıb ki, vaxtilə türkdilli ölkələrin vahid informasiya məkanının yaradılması təşəbbüsləri olub, amma bu alınmayıb:

 "Bu gün Türkiyə və Azərbaycan arasında bütün sahələrdə vahid strukturların yaradılmasının şahidi oluruq. Diaspor, QHT, mədəniyyət, parlamentlərarası əlaqələr, təhsil və ən əsası hərbi sahədə fəaliyyətin koordinasiyası üçün əsaslı işlər görülür. Bu birlik media sahəsini niyə əhatə etməsin?".

 A.Aşırlı vahid media platformasının yaradılması üçün bir neçə məsələyə diqqət yönəldib:

 "Ən başlıcası müstəqil media siyasəti üçün vahid informasiya agentliyinin və saytının yaradılması yaxşı olardı. Türkiyə və Azərbaycan türkcəsində ortaq bir televiziyanın yaradılması, gələcəkdə keçmiş sovetlər birliyində olan türk cümhuriyyətlərinin də bu teleməkana qatılması layihə olaraq nəzərdən keçirilməlidir.

Dövlətlərarası informasiya əlaqələri baxımdan "AzərTac" və "Anadolu" agentliklərinin, İctimai Televiziya və TRT-nin birgə layihələrinə yenidən baxılmalı, imkanlar genişləndirilməlidir.

Azərbaycan və Türkiyənin müstəqil jurnalistləri arasında əlaqələrin intensivləşməsi, onların vahid platforma ətrafında birləşməsi də müsbət nəticə verər. Hər iki ölkənin jurnalist təşkilatlarının vahid platformada çıxışı da nəzərə alınmalıdır".