Çağırış ! – Düşmənin yeni informasiya “tələ”si : “Ancaq rəsmi məlumatlara inanmalıyıq”

“Belə məsələlərdə hər birimiz diqqətli olmalı, vətəndaş məsuliyyətimizi dərk etməliyik”


Dünəndən etibarən cəbhədə vəziyyət yenidən gərginləşib. Amma atışmalar təkcə cəbhədə yox, informasiya məkanında da gedir. Belə ki, sosial şəbəkələrdə yayılan bir foto diqqət çəkib. Özünü türk kimi təqdim edən istifadəçi guya bizdən narahat olduğunu deyərək informasiya almağa çalışıb. Lakin ifşa edilib. Bu, düşmənin hətta ən ağlagəlməz üsullarə əl atdığını göstərir. Deməli, oxşar hallara qarşı diqqətli olmalıyıq. 

Vəziyyəti dəyərləndirən  “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı sözügedən məsələyə dair fikirlərini “Sherg.az”a bildirib:


 “Əlbəttə, bunun tələ olduğunu biləndən sonra necə reaksiya verəcəyimiz aydındır. Amma istənilən halda tanıdığın adama, bəlkə, nələrsə demək olar. Tanımadığına isə gərək sadəcə cavab yazmayasan.

Ya da ümumi bir söz demək olar ki, çox sağ olun, hər şey yaxşıdır. Və əlavə etmək olar: “Düşmən çaşıb üstümüzə gələrsə, yumruqtək birləşib, burunlarını əzəcəyik”. 

E.Şıxlı, həmçinin informasiya müharibəsində vətəndaşların necə davranması barədə də danışıb:

“İndi elə dövrdür ki, texnologiya vasitəsilə istənilən informasiyanı əldə etmək olar. Hətta “Zoom” funksiyası vasitəsilə kilometrlə məsafəni çəkə bilən fotokameralar da var.

İstifadə edilən texnoloji alətlər vasitəsilə düşmənin “burnu”nu kimin qaşıdığını da görə bilərik. Təbii, onlar da bizi izləyirlər.

Həm də vətəndaşın postda, səngərdə nə işi var? Əlbəttə, belə məsələlərdə hər birimiz diqqətli olmalı, vətəndaş məsuliyyətimizi dərk etməli və ancaq rəsmi məlumatlara inanmalıyıq”.