Xarici mediada mövqelərimizi möhkəmlətməliyik

Bizim artıq informasiya savaşında uduzmağa haqqımız yoxdur

Xüsusən intellektual insanlarımız, bacarı qlı proqramçılarımız bu feykləri ifşa etməlidir

Müharibə dövründə döyüşlər tək cəbhə bölgəsində deyil, eyni zamanda informasiya cəbhəsində də gedir. Məhz bu səbəbdən müharibə dövründə medianın gücü daha çox görünür. Belə bir şəraitdə əhalini zəruri informasiya ilə vaxtında və aydın formada təmin etmək mütləqdir. Çünki müharibə dövründə media qurumlarının operativ informasiya yayımı ilə məşğul olması həm də onların informasiya müharibəsindəki yerini möhkəmləndirir. Bildiyimiz kimi, 27 sentyabr 2020-ci ildən etibarən başlayan Vətən müharibəsi dönəmində milli təhlükəsizliyin təmin olunması üçün ölkədə internet şəbəkəsi məhdudlaşdırıldı. Bu yerdə diqqət yenə də ənənəvi medianın fəaliyyətinə yönəldi.


Demək olar ki, bütün televiziya və radiolar öz yayım strategiyalarını müharibə vəziyyəti kommunikasiyasına uyğun formalaşdırdı. Respublikada fəaliyyət göstərən bütün televiziya və radiolar öz efir strategiyalarında dəyişiklik edərək, müxtəlif təyinatlı verilişləri cəbhə gündəminə uyğunlaşdırdılar. Buna "Antenn FM"-də yayımlanan “Düzgün hərəkət”, İctimai TV-də yayımlanan “Dikdaban”, İctimai Radioda yayımlanan “AvtoStop”, ASAN Radioda yayımlanan “OyanASAN” və sair kimi çoxsaylı verilişləri nümunə göstərmək olar.

İndiki müharibə periodunda istifadə olunan bu təqdirəlayiq kommunikasiya modeli həm əhalinin cəbhədə baş verən hadisələrlə bağlı geniş məlumat əldə etməsinə, həm də informasiya müharibəsində baş verə biləcək kənar hücumlardan qorunmağa hesablanan uğurlu addımdır.

Ənənəvi yayım günlərində yalnız musiqi və yollarla bağlı maarifləndirmə strategiyasına malik olan 107.7 "Avto FM" hadisələr başladığı günün ilk saatlarından etibarən öz yayım strategiyasını tamamilə dəyişdi. "Avto FM"-in efirində bütün janrlarda səslənən yerli və xarici musiqilər öz yerini vətənpərvərlik ruhu aşılayan yerli ifalara verdi.

Eyni zamanda, bu günə qədər xüsusi xəbər təcrübəsi olmayan radio hər gün səhər 07:30-dan gecə 03:00-a qədər hər yarım saatdan bir xəbərlərin xüsusi buraxılışını yayımlayır, cəbhəyə ezam olunmuş müxtəlif tanınmış media əməkdaşlarını efirə qoşur. Artıq radionun efirindən incəsənət xadimlərinin deyil, deputatların, ictimai xadimlərin fikirləri eşidilir, hazırlanan xüsusi cəbhə podkastları isə həm radionun efirindən, həm də digər media resurlarından mütəmadi yayımlanır. Bu hadisəni "Avto FM" kimi xüsusi ixtisaslaşmamış radiostansiya üçün inqilabi dəyişiklik hesab etmək olar. Eyni zamanda, media qurumlarının arasında yaranmış xüsusi əməkdaşlıq münasibətlərini də təqdir etmək lazımdır. Məhz 107.7 "Avto FM"-in xəbər buraxılışlarında görürük ki, AzTV, ARB TV, Real TV, ASAN Radio və digər media qurumları, onların əməkdaşları milli ruh altında birləşərək, reytinq mübarizəsini kənara qoyub, öz eksklüziv məlumatlarını biri-birləri ilə bölüşməyə başlayıblar.

Bu, Azərbaycan media qurumlarının, onların əməkdaşlarının informasiya müharibəsi şəraitinə hazır olduqları və informasiya cəbhəsində çiyin-çiyinə savaşdıqlarının nümunəsidir. Ancaq bütün bunlara baxmayaraq, düşmənlərin yaydığı feyk xəbərlərinin sayı-hesabı yoxdur. Hətta bu barədə birinci vitse-prezident Mehriban Əliyeva instaqram səhifəsində paylaşım edib. O, qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistanın, xüsusilə də erməni diasporunun vicdansızcasına feyk xəbərlər tirajladığını bildirib. Birinci vitse-prezident hər kəsi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıb. Bəs, görəsən, jurnalistlərimizin xarici media ilə əlaqələri necədir? Feyk xəbərlərinə qarşı mübarizə hansı formada aparılır? 

Tanınmış jurnalist Siyavuş Əmirli "Şərq"ə açıqlamasında bildirib ki, bu gün Azərbaycan həqiqətləri dünya mətbuatında geniş işıqlandırılır. O vurğulayıb ki, bu işdə Azərbaycan diasporunun fəaliyyətini də yüksək qiymətləndirmək olar: 

"Artıq on gündən çoxdur ki, cəbhədə Vətən müharibəsi gedir. Müharibənin gedişində biz açıq-aydın şəkildə gördük ki, nəinki cəbhədə, eyni zamanda informasiya müharibəsində də qələbələr əldə edirik. Düzdür, Ermənistanı həm real, həm də informasiya müharibəsində dəstəkləyən bir sıra ölkələr var. Onlar arasında Yunanıstan, Kipr , Fransa dövlətlərinin adlarını xüsusilə qeyd etmək istəyirəm. Həmin dövlətlərin mediasında Azərbaycan haqqında bir çox həqiqətə uyğun olmayan informasiyalar verilir. Amma hazırkı vəziyyət onu göstərir ki, Azərbaycan ordusu cəbhədə, sosial media şəbəkələri isə informasiya müharibəsində udurlar. Dövlətin bu istiqamətdə atdığı hazırlıqlı addımları xüsusi vurğulamaq lazımdır. Məsələn, müharibə başlayan kimi sosial şəbəkələrə və internetə məhdudiyyətlərin qoyulması dezinformasiyaların sayının kifayət qədər aşağı olması ilə nəticələndi. Bu da əhalinin orduya, dövlətə olan inamını daha da yüksəltdi. İndi hər kəs yalnız Müdafiə Nazirliyinin məlumatlarına inanır. Xarici mediada isə Azərbaycan diasporunun çoxsaylı nümayəndələrinin bu sahədə fəal iştirakı çox təqdirəlayiqdir. İndi onlar yalnız yaşadıqları ölkənin mediasında deyil, həm də kənar media orqanlarında Azərbaycanın haqq səsini ucaldırlar. Kifayət qədər bununla bağlı nümunələr gətirə bilərəm".

Ekspert qeyd edib ki, son illər görülən işlər, atılan addımlar ona gətirib çıxarır ki, Azərbaycanın xarici mediada mövqeləri möhkəmlənib: "Artıq həm beynəlxalq, həm də qlobal səviyyədə öz sözümüzü deyə bilirik.

Yəni bizim artıq informasiya savaşında uduzmağa haqqımız yoxdur. Çünki yetərincə resursumuz, kifayət qədər bu sahədə olan mütəxəssislərimiz də var.

Hətta misal çəkərdim ki, Norveçdə yaşayan, əslən Cənubi azərbaycanlı olan, dünya üzrə tanınmış modelyer Şervin Nəcəfpur informasiya müharibəsində aktiv iştirak edir. Bu günə qədər cəbhə bölgələrindən, o cümlədən Gəncə, Mingəçevir, Ağdam və Tərtərdə baş verən erməni təxribatlarını norveçli jurnalistlərə çatdırır. Həm də bizim xəbər saytlarına istinad edir.

Bir məsələni də qeyd edim ki, son zamanlar prezidentin köməkçisi Hikmət Hacıyevin çıxışı xarici mediada çox böyük effekt verir. Yəni həm yerli əhali, həm də bütün dünya mediası onun çıxışını təsdiqləyir. Maraqlısı odur ki, Rusiya telekanallarının sosial şəbəkə hesablarına baxsanız görərsiniz ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı bütün məlumatları onlar orada paylaşırlar. Bu çox gözəl haldır. Məsələn, Rusiyanın NTV kanalını misal gətirə bilərəm ki, bu, çox gözəl effekt verir".

S.Əmirli vurğulayıb ki, ermənilər bütün dövlətləri öz tərəflərinə çəkmək üçün daim saxta məlumatlar paylaşırlar:

"Bir müddət əvvəl Rusiyanın “Moskovski Komsomolets” qəzetində ermənilərə qarşı döyüşmək üçün, guya, Azərbaycana “islamçı terrorçular” gətirilməsi barədə böhtan xarakterli məqalə dərc edilmişdi. Eyni məzmunlu material “Nezavisimaya qazeta”da  yayımlanmışdı. Bu da onu göstərir ki, ermənilər Azərbaycanı terror təşkilatları ilə əlaqədə suçlamağa çalışır və bunun üçün üçüncü dövlətlərdən istifadə edirlər.

Təbii ki, Rusiya mediasında yer tutan məqalələr heç bir fakt və sübuta söykənmir, sadəcə, erməni mətbuatında yayılan feyk xəbər və tezislərdən istifadə olunub. Amma ermənilər anlamalıdırlar ki, artıq Azərbaycan onların bütün yalan və böhtanlarını ifşa etmək, bunun üçün lazımi faktları tapıb ortaya çıxarmaq gücündədir".

Tanınmış jurnalist Qulu Məhərrəmli "Şərq"ə açıqlamasında bu gün xaricdəki fəal soydaşlarımızın, blogerlərimizin informasiya cəbhəsində ciddi savaş apardıqlarını qeyd edib. O vurğulayıb ki, Azərbaycan Ordusu Qarabağda işğalçı Ermənistan ordusunu əzməkdədir:

"Ölkə başçısı İlham Əliyev beynəlxalq miqyasda siyasi təzyiqləri uğurla zərərsizləşdirə bilir. Həm burada, həm də xaricdə yaşayan fəal soydaşlarımız, blogerlərimiz informasiya cəbhəsində ciddi informasiya müharibəsi aparırlar".

İrəvanın da Azərbaycana qarşı informasiya savaşını genişləndirdiyini diqqətə çatdıran ekspert qeyd edib ki, məkrli düşmənlərimiz məğlubiyyətlərini gizlətmək üçün ənənəvi üsullarına başlayıblar:

"Ermənilər hərbi uğursuzluqlarını təbliğatla ört-basdır edir, ənənəvi yalan metodları ilə dünya mediasını, xüsusilə də ABŞ, Fransa, Rusiya və bir sıra beynəlxalq ictimai rəyi bizə qarşı çevirməyə çalışırlar. Bizim Avropada dil bilən və cəmiyyətə inteqrasiya olunmuş soydaşlarımız bu istiqamətdə müqaviməti əlbəttə ki, diplomatik korpusumuzun dəstəyi ilə artırmalıdırlar.

Xüsusən də onlar infoqrafikaların köməyi ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıdırlar. Kompüterin arxasından durmadan sosial şəbəkələrdə də informasiya müharibəsini davam etdirmək vacibdir. Bəzi soydaşlarımızın sosial şəbəkələrdə yayılan erməni feyklərinə və dezinformasiyalarına inanır. Çox təəssüf ki, hətta onların təsir altına düşürlər.

Belə olmaz! Ermənistanın yalan fabrikinin istehsal etdiyi, montaj üsulu ilə düzəldib yaydığı bu iyrənc feyklərin əsas məqsədi indi bir yumruq halına gəlmiş Azərbaycan cəmiyyətində ruh düşkünlüyü, təlaş və xof yaratmaqdır.

Odur ki, xüsusən intellektual insanlarımız, bacarıqlı proqramçılarımız bu feykləri ifşa etməlidir.

Bu çox önəmlidir! Xüsusilə xaricdə yaşayan soydaşlarımız Azərbaycan həqiqətlərini dünya mətbuatına çatdırmaqda daha fəallıq nümayiş etdirməlidirlər".