İnsanların zərrə qədər də gözlərində qorxu yoxdur


Müharibə şəraitində cəbhədə baş verən hadisələrin daha operativ və dolğun şəkildə ictimaiyyətin diqqətinə çatdırılmasında, əhalinin məlumatlandırılmasında KİV-in üzərinə böyük məsuliyyət düşür. Artıq bir neçə KİV öz əməkdaşlarını cəbhə bölgəsinə ezam edib. Ezam olunmuş KİV nümayəndələri arasında News24.az-ın hərbi reportyoru, detektiv yazıçı Müşfiq Abbasov da olub. O səkkiz günlük təəssüratlarını "Sherg.az" ilə bölüşüb. Söhbət zamanı Müşfiq Abbasov bildirib ki, Tərtər rayonunda olduğu müddət ərzində hər gün həmin ərazilər mütəmadi olaraq top atəşinə tutulurdu. O vurğulayıb ki, düşmənlər əsasən mülki əhalini hədəfə alır:



"Ermənilər Tərtəri dayanmadan atəşə tuturlar. Onlar həm toplardan, həm də raket kompleksindən istifadə edirdilər. Axşam saatlarında artilleriya zərbələri daha da şiddətlənirdi. Bir hüquqşunas kimi deyə bilərəm ki, onların mülki əhalini hədəfə götürməsi və zərər yetirməsi hamılıqla qəbul edilmiş Cenevrə konvensiyasının tələblərinə ziddir və bu müharibə cinayətidir.

Düşmən illərdir ki, Ağdərədə möhkəm sədd yaradıb. Ağdərədə hər dağ, təpə uğrunda qızğın döyüşlər gedirdi. Düşmən hara gəldi vururdu. Ancaq ordumuzun bölmələrinin artilleriya zərbələri olduqca dəqiq idi. Döyüşlər komandir heyətimiz tərəfindən çox peşəkarlıqla idarə olunur, bölmələr arasındakı koordinasiya isə çox mükəmməl idi".

Hərbi reportyor Tərtər camaatının şücaətindən də söhbət açıb:

"İnanın ki, oranın əhalisi o qədər mərd və qoçaqdır ki, onların bu cəsarəti insanı heyran etməyə bilməz. Hətta onlar atəş səsi eşitməyəndə belə darıxdıqlarını dilə gətirirdilər. Yəni camaatın bir qram bombardımandan, qəlpədən, top atışından qorxusu yoxdur. Təsəvvür edin ki, ermənilərin atdığı top mərmiləri kənd sakinlərinin əkin sahəsindən 50 metr, 100 metr aralı düşür.



Amma buna baxmayaraq, o top mərmisinin altında əkin sahəsində işləyənlərə, heyvan otaranlara, toyuğuna yem verənlərə rast gəlmək mümkündür. Həmin insanlar bunu çox adi qəbul edir və onların zərrə qədərdə gözlərində qorxu yoxdur.

Düz üç dəfə çəkiliş apardığımız zaman top mərmiləri bizdən 70-80 metr aralıya düşdü. Xoşbəxtlikdən həmin mərmilər bizi tutmadı. Amma real olaraq orada çox böyük təhlükə var. Suqovuşan alınan günün səhərisi ermənilər Tərtərə 2 minə yaxın hara gəldi mərmi atdılar. Onların atdığı mərmilərin əksəriyyəti məsələn, deyək ki, 10 mərmi atırdılarsa hardasa onun 3-ü partlamırdı.

Onların artilleriyası heç bir koordinat olmadan atılır. Hesab edirəm ki, onlar Ağdərədə çox tab gətirə bilməyəcəklər. Çünki ordumuz hər istiqamətdən oranı vurur. Əminəm ki, tezliklə qələbə bizim olacaq".