Əhali gərək gözüaçıq olsun

İctimai və dövlət maraqlarının müdafiəsi

Qanunsuz ət kəsimi və ticarəti ilə məşğul olan fırıldaqçılardır

"Satışa çıxarılmış məhsulun keyfiyyətinə zəmanətin olmaması ictimaiyyət üçün təhlükədir. Bundan dövlət də zərər çəkir, vətəndaş da"


Qanunsuz fəaliyyətlərin qarşısının alınması, əhaliyə keyfiyyətli məhsulların satışının təmini məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi satış məntəqələri, mağaza və marketlərdə vaxtaşırı monitorinqlər  həyata keçirir. Bu günlərdə AQTA paytaxtda növbəti monitorinqini qanunsuz ət kəsimi məntəqələrində keçirib. Monitorinqlər  zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı ilə məşğul olan 5 məntəqə aşkar edilib. Məlum olub ki, bu məntəqələr dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, qanunsuz fəaliyyətlərini davam etdirir.

Əhalinin sağlamlığı və məlumatlılıq baxımından bu məntəqələrin harada yerləşdiyini qeyd edirik. Bu məntəqələrin 5-i də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşir. Müxtəlif ünvanlarda. “10 May” küçəsi, “Asəf Zeynallı” küçəsi və sair. Qeyd etməliyik ki, Agentliyin monitorinqləri davamlı xarakterdədir. Və Qida Təhlükəsizliyi Agentliyi qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması üçün qanunla müəyyən olunmuş qaydada ciddi tədbirlər həyata keçirir.

Şübhə yoxdur ki, AQTA-nın fəaliyyətində əhalinin qida təhlükəsizliyinin təmini əsas istiqamətdir.  Agentlik məhz bu məqsədlə,  Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli fərmanı əsasında yaradılıb. 

Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Agentlik tərəfindən indiyədək aparılan monitorinqlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan kəsim məntəqələri aşkar edilir, qanunsuz fəaliyyət göstərənlərə, həmçinin sanitar-gigiyenik qaydalara əməl etməyənlərə qarşı qanunamüvafiq tədbir görülür. İndiyədək paytaxtın Nizami, Binəqədi və Yasamal, N.Nərimanov, Suraxanı rayonları, Yeni Günəşli (AB, D yaşayış massivi ərazisində), Badamdar qəsəbəsində,  eyni zamanda regionlarda da – İsmayıllı, Yevlax, Bərdə rayonları ərazisində də analoji monitorinqlər keçirilib.

Bu zaman qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında qanunsuz olaraq quraşdırılan, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə sökülərək aradan qaldırılıb.

Agentlik heyvan kəsimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən sahibkarları müasir ət kəsimi məntəqələrinin yaradılmasında işitirak etməyə də dəvət edir. Nəzərə alsaq ki, bir neçə gündən sonra müqəddəs Qurban bayramıdır, ət kəsimi və satışı məntəqələrində qanunun tələblərinə və sanitar-gigiyenik qaydalara əməl edilməsi zəruri xarakter alır. 

Məsələ ilə bağlı “Şərq”ə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, qanunsuz ət kəsimi və satışı məntəqələrinin aşkarlanması ilk növbədə əhalinin – istehlakçının sağlamlığı baxımından vacibdir:

- Qanunsuz ət kəsimi, satışı, bu zaman gigiyenik normalara riayət edilməməsi, satışa çıxarılmış məhsulun keyfiyyətinə zəmanətin olmaması ictimaiyyət üçün təhlükədir. Bundan dövlət də zərər çəkir, vətəndaş da. İndiyədək görün, nə qədər mənşəyi naməlum ət məhsulları aşkarlanıb, satışının qarşısı alınıb. Belə məlumatlar tez-tez yayılır, ölü heyvan əti, hətta at ətinin bazara çıxarılmasına cəhdlər olur.  Avtomobillərə yüklənən ət parçalarından, heyvan skeletindən də görünür ki, kəsilib doğranmış heyvan əhalinin qidalanmada adətən istifadə etdiyi mal-qara əti deyil. Bilirsiz, burada əsas məsələ, satışa çıxarılan ət məhsullarının mənşəyinin gizli saxlanması, başqa, saxta ad altında istehlakçıya təqdim olunmasıdır. At ətini mal, dana əti kimi satmağa cəhd edirlər. Yaxud da kolbasa, sosiska sexlərinə, bəzi restoran və kafelərə, yeməkxanalara satırlar. Bunlar qanunsuz ət kəsimi və  ticarəti ilə məşğul olan fırıldaqçılardır. Əhali də gərək gözüaçıq olsun, yaxşını pisdən ayıra bilsin. Və qarşılaşdıqları neqativ hallarla bağlı aidiyyəti qurumlara məlumat versinlər.  Keyfiyyətli ərzaqla qidalanmaq hər kəsin təbii və konstitusion hüququdur.