Böyük hədəflərimizdən yayınmayaq

İctimai və dövlət maraqlarının müdafiəsi

Hər kəs yanğınlara qarşı diqqətli olmalıdır

İlk növbədə öz həyatımızı, ikincisi isə iqtisadiyyatımızı qorumalıyıq

İstər işğaldan azad edilmiş ərazilərimiz, istərsə də digər dağlıq-meşəlik bölgələrimizdə yanğınların baş verməsi gələcək planlarımıza zərbə vura bilər


Dünyanın bir çox ölkəsində günlərlə davam edən meşə yanğınları göstərdi ki, heç bir ölkə bu cür fəlakətlərdən sığortalanmayıb. Xüsusən, qardaş Türkiyədəki yanğınlar təbiət, ekologiya, insan həyatı, iqtisadiyyat və turizm üçün nə qədər təhlükəli olduğunu əyani göstərdi. Məlum olduğu kimi son günlər Azərbaycanda da yanğınlar müşahidə olunur. Öncə Yardımlının Honuba kəndində, daha sonra isə Lənkəranın Milli Parkında meşə zolağında yanğınlar başlayıb və iki gün davam edib.

Sonra Ağsunun Gəgəli kəndində alovlar yüksəlib. Yanğın FHN əməkdaşları və kənd əhalisinin köməkliyi ilə söndürülsə də, Şamaxı rayonu istiqamətinə keçməsinə mane ola bilməyiblər. Meşə yanğınlarının təsnifatlandırılmasına baxsaq, əksər yanğınların məhz insan ehtiyatsızlığından, qaydalara düzgün əməl olunmamasından qaynaqlandığını görərik. Təsadüfən bir nəfər siqaret atır, yaxud başqa məqsədlə od qalayır və bununla da yanğın başlayır. Bu, ehtiyatsızlıqdır. Digər səbəb isə təxribatdır. Qardaş Türkiyədə meşə yanğınlarının PKK terrorçuları tərəfindən törədildiyinə dair əsaslı faktlar mövcuddur. Lakin vurğulandığı kimi, meşə yanğınları əsasən insanların ehtiyatsızlığından, yaşıllıq zonasının tələblərinə riayət etməməkdən meydana gəlir.

Çoxlarımızın hektarlarla sahəni əhatə edən meşələrin, sıx kolluq və çəmənliklərin kiçik qığılcımla qısa müddətdə məhv olacağına ehtimal vermirik. Məsələ ondadır ki, meşə yanğınları sadəcə 50-100 ağacın tələf olması deyil. Günlərlə davam edən və geniş ərazilərə yayılan yanğınlar fauna və floraya ciddi zərbə vurur. Eyni zamanda insan itkisinə səbəb olur, yaşayış evlərini, iaşə obyektlərini, meşə və ev heyvanlarını yandırıb kül edir. Turizm sektoru da yanğınlar nəticəsində ciddi ziyan görür. Bütövlükdə dövlət, vətəndaşlar, o cümlədən sahibkarlar böyük maliyyə itkisi ilə üzləşirlər. Yanğının məhv etdiklərini yenidən bərpa etmək üçün milyonlar, bəzən isə milyardlar lazım olur. Məhz bunların baş verməməsi, dövlətimizin və xalqımızın əziyyət çəkməməsi üçün hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Hamımız daşıdığımız məsuliyyətin fərqində olmalıyıq. Xüsusən yay aylarında, insanların istirahət üçün dağlıq-meşəlik ərazilərə üz tutduğu bir vaxtda maksimum ehtiyatlı davranmalıyıq. Vətəndaşlar təbiət qoynunda olarkən açıq alovdan qətiyyən istifadə etməməlidir. Piknik yerlərini tərk edərkən ərazidə qalanan ocağın sönməsindən tam əmin olmalı, meşəlik ərazilərə siqaret kötüklərini atmamalıyıq. Dövlətin və ictimaiyyətin maraqlarını qorumamaq hər birimizin vətəndaşlıq borcu, konstitusion vəzifəmizdir. Bəzən, kənd təsərrüfatı məqsədilə əkilmiş sahələr biçildikdən, məhsul yığıldıqdan sonra adətən sahələrə od vurulur və düşünülür ki, növbəti dəfə məhsuldarlıq daha da çox olacaq. Bu, tamamilə yanlış yanaşmadır. Çünki yanğın torpağın üst hissəsində olan mineralların məhv olmasına gətirib çıxarır. Həm də əkin sahələrindəki yanğınlar asanlıqla meşəlik ərazilərə keçir və qarşısını almaq çətin olur. Əgər həmin günlərdə küləkli hava müşahidə olunarsa, yanğınlara müdaxilə etmək daha da qəlizləşir. 

Millət vəkili Cavid Osmanov “Şərq”ə açıqlamasında vurğulayıb ki, Türkiyədə meşə yanğınları geniş ərazini əhatə etdi. Deputat vurğulayıb ki, Türkiyənin turizm bölgəsində baş verən yanğınlar ciddi fəsadlara yol açdı:

“Azərbaycan dövləti və xalqımız həmişə olduğu kimi bu dəfə də hər anlamda qardaş Türkiyənin yanında olduq. Prezident İlham Əliyev hadisə baş verən kimi dərhal Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla əlaqə saxladı, yanğında həyatını itirənlərə baş sağlığı verdi və istənilən yardımın göstəriləcəyini vurğuladı. Yüzlərlə şəxsi heyət və texnika Türkiyəyə dəstəyə göndərildi. Əlbəttə, heç bir ölkə yanğınlardan sığortalanmayıb və son günlər dünyanın bir neçə ölkəsində baş verən hadisələr bunu əyani sübut etdi. Əfsuslar olsun ki, Azərbaycanın bəzi şəhərlərində də yanğınlar baş verdi. Əvvəlcə Yardımlı və Lənkəranda, sonra Ağsu və Şamaxıda meşə yanğınları ilə üzləşdik. Yanğınların arealının genişlənməsi ekologiyanı pis günə qoymaqla yanaşı, insan tələfatına da yol açır. Eyni zamanda evlər, obyektlər yanır, infrastruktur məhv olur. O cümlədən iqtisadiyyata böyük zərbə dəyir. Ona görə də hər vətəndaş bu məsələdə ayıq-sayıqlığı əldən verməməlidir. İsti yay günləridir, həm də kənd təsərrüfatı işlərinin getdiyi, taxıl biçininin vaxtıdır. Bəzən əkin sahələrini də yandırırlar. Əksər hallarda isə insanlarımız sərinləmək, istirahət etmək üçün dağlıq-meşəlik ərazilərə üz tuturlar”. 

Parlament üzvü vurğulayıb ki, meşələrdə və yaşıllıq bölgədə hansısa məsuliyyətsiz yanaşma, ehtiyatsızlıq böyük faciə ilə nəticələnə bilər:

“Bu baxımdan hamımız diqqətli olmalıyıq. İlk növbədə öz həyatımızı, ikincisi isə iqtisadiyyatımızı qorumalıyıq. Yanğınlara səbəb olacaq məsuliyyətsiz hərəkətlərin qarşısını almalıyıq. Bu, hamımızın vətəndaşlıq borcudur və ona görə də laqeyd yanaşmaq yolverilməzdir. İstər işğaldan azad edilmiş ərazilərimiz, istərsə də digər dağlıq-meşəlik bölgələrimizdə yanğınların baş verməsi gələcək planlarımıza zərbə vura bilər. Azərbaycanın qarşısında böyük hədəflər var. Ələlxüsus, işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işlərinə start verilib”.