24 jurnalist Ankarada təlimə qatılıb

"Bizim buna çox böyük ehtiyacımız var idi"

Ankarada “Hərbi jurnalistika” təlim proqramına start verilib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA), Anadolu Agentliyinin, Türkiyə Polis Akademiyasının və Türk Əməkdaşlıq, Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə keçirilən təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb. Avqustun 20-dək davam edəcək təlimlərdə iştirakçılara jurnalistika, şəxsi təhlükəsizlik, müharibə hüququ, ilk yardım, müharibə zamanı davranış qaydaları, suda həyatda qalma, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, fövqəladə vəziyyətlərdə fəaliyyət və digər mövzularda məlumat veriləcək. Təxminən 60 faizi praktiki hissədən ibarət olacaq dərslərdə jurnalistlərə böhran, təbii fəlakət və müharibə bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin qarşılaşa biləcəyi çətinliklər və təhdidlərin dəf olunması mövzularında da təlimlər keçiriləcək.

Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərdə iştirak edəcəklər. Təlim proqramını uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan "Hərbi jurnalistika sertifikatı" ilə təltif olunacaqlar.

Media eksperti Azər Həsrət "Şərq"ə təlimin əhəmiyyətindən danışıb. Ekspert qeyd edib ki, jurnalistlərin peşəkarlığının və biliklərinin artırılması yönündə atılan istənilən addım təqdirəlayiqdir:

"Bu qeyd olunan tədbir həqiqətən də Azərbaycanın çox ehtiyac duyduğu tədbirdir. Təəssüflər olsun ki, illər ərzində Azərbaycanda bu sahədə sistemli işlər görülməyib. Halbuki, bizim buna çox böyük ehtiyacımız var idi. Müstəqil Azərbaycan jurnalistikası məhz elə müharibə, münaqişələr dövründə bəhrələnməyə başlayıb. Azərbaycan müstəqilliyə doğru ilk addımlarını atanda biz münaqişə içində olmuşuq. Ermənistandan soydaşlarımızın qovulması, 1990-cu ilin 20 yanvarında Bakıya Rusiya Sovet qoşunlarının yeridilməsi, Xocalı soyqırımı, bütövlükdə Qarabağın işğalı  və s. bütün bunlar əlbəttə ki, münaqişə jurnalistikasının inkişafını şərtləndirən amillərdəndir. O dövrdə fərdi şəkildə bizim jurnalistlərimiz məhz hadisə meydanlarında özlərini yetişdirirdilər və kifayət qədər də səslərini dünyaya çatdıra bilirdilər. Lakin sonrakı mərhələdə, yəni Azərbaycan dinclik dövründə hərbi jurnalistikanı, münaqişə jurnalistikasını ümumiyyətlə, fövqəladə vəziyyət jurnalistikasını yetərincə inkişaf etdirmədi. Biz fürsəti əldən verdik".

A.Həsrət vurğulayıb ki, bu günləri jurnalistlərimizin yetişdirilməsi üçün yeni şərait yaranıb:

"Hesab edirəm ki, bu şəraitdən səmərəli istifadə edilməlidir. Bu, Azərbaycan jurnalistlərinə sadəcə Azərbaycan üçün deyil, dünya jurnalistikası üçün daha faydalı olma yolunu açacaq. Yəni bizim jurnalistlərimiz istər öz ölkəmizlə bağlı, istərsə də başqa ölkələrdə münaqişə və yaxud da hərbi jurnalistika sahəsində öz sözlərini deyəcəklər. Bu baxımdan düşünürəm ki, qeyd olunan tədbir həqiqətən də təqdirəlayiqdir".