Dünya bu dəfə qalib xalqı tanıdı

Diaspor təşkilatlarımız Zəfər ilində fəallıqlarını daha da artırıblar

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Azərbaycan mustəqilliyini bərpa etdikdən sonra dövlət siyasətinin prioritetlərindən biri dispor quruculuğunun formalaşdırılması oldu. Əlbəttə ki, bu məsələdə ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və xalqına əbədi bağlılığı dayanırdı.  H.Əliyev çıxışlarında qeyd edirdi ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması xarici ölkələrdə diaspor təşkilatlarının güclənməsinə bağlıdır. 

Ümummilli liderin siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də xarici ölkərlərdə yaşayan soydaşlarımızın təşkilatlanmasına xüsusi önəm verdi. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində əsaslı islahatlar aparılması da bu siyasətin əhəmiyyətli hissəsidir. Son illərdə, xüsusən də Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizi düşməndən azad etməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi xarici ölkələrdə yaşayan soydaşlarımızı daha da fəallaşdırdı. 

Bu fəallıq özünü Diasporla İş üzrə Dövlət Komitəsinin işində də göstərir. 8 Noyabr – Zəfər Günü münasibətilə dünyanın dörd bir yanında “Azərbaycan!” sədaları ucaldı. Müxtəlif tədbirlər, mərasimlər təşkil edildi. Onlardan biri ABŞ-ın İllinoys ştatının Skokie şəhərində Azərbaycan icmasının üzvləri ilə birgə keçirilib.

 Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid və Mehriban Məmmədovların təşkil etdiyi görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüşdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbənin birinci ildönümü münasibətilə soydaşlarımızı təbrik edib, diaspor nümayəndələrini Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində bundan sonra da fəal olmağa çağırıb. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr edilmiş videoçarx, eləcə də 44 günlük müharibəni və Ermənistanın 30 illik işğal dövründə Qarabağda törətdiyi vandalizmi əks etdirən fotosərgi nümayiş olunub. Bundan bir neçə gün öncə isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-da fəaliyyət göstərən Azərbaycan icmasının və Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri ilə görüşmüşdü. Nyu-York ştatında baş tutan görüşdə ABŞ-ın müxtəlif ştat və şəhərlərində fəaliyyət göstərən diaspor fəalları iştirak ediblər. Tədbirdə çıxış edən F.Muradov 8 noyabr - Zəfər Günü münasibətilə bütün azərbaycanlıları təbrik edib. Vətən müharibəsi dönəmində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik fəaliyyətlərinə görə diaspor aktivlərinə minnətdarlığını bildirib. Qeyd olunub ki, 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platformalarda birləşməsi üçün mühüm addımlar atılıb. Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının fəaliyyətindən danışan komitə sədri bildirib ki, şura Amerikadakı soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi işində uğurlu yol qət edib. ABŞ-ın Nyu-York şəhərindəki Karnegi konsert zalında isə 8 Noyabr – Zəfər Günü münasibətilə bayram konserti keçirilib. Konsert Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminovanın və Florida Texnologiyalar Universitetinin professoru Pərvin Muradova-Dilbazinin təşkilatçılığı ilə baş tutub. Zəfər günü ilə bağlı Parisdə, Praqada, Qazaxıstanın Türkistan şəhərində bayram tədbirləri, konsertlər keçirilib, sərgilər təşkil olunub.

Millət vəkili Cavid Osmanov “Şərq”ə açıqlamasında Böyük Qələbəmizin, Zəfər bayramının xaricdə yaşayan soydaşlarımız və diaspor təşkilatlarımız üçün sanki ikinci nəfəs olduğunu dedi:

- Dünya azərbaycanlıları Azərbaycanın parlaq qələbəsini, zəfərimizin birinci ilini böyük sevinc və qürur hissilə qeyd edirlər. Cənab Prezident və birinci xanım Zəfər bayramını Şuşada qeyd etdilər, cənab Prezident hərbçilərlə görüşdü, Şuşada böyük atəşfəşanlıq oldu. Paytaxtda, ölkəmizin hər bir bölgəsində də Zəfər Günü coşqu ilə qeyd edildi. Eləcə də xarici ölkələrdə. Azərbaycan Prezidentinə dünya dövlət başçılarından təbrik məktubları gəldi. O cümlədən də Milli Məclisə, Mili Məclisin parlamentlərarası dostluq qrupları üzvlərindən. Bütün bunlar əlbəttə, Azərbaycanın artan nüfuzunun göstəricisidir. 

Həmçinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız da əvvəlki illərə nisbətən Zəfər ilində fəallıqlarını daha da artırdılar. 

Diaspor təşkilatlarımız, xarici ölkələrdə yaşayan soydaşlarımızın müqəddəs vəzifəsi  dünənədək Azərbaycanın məruz qaldığı işğal faktını dünya ictimaiyyətinə çatdırmaq idisə, bundan sonra Azərbaycanın işğal altındakı ərazilərini azad etmək kimi, beynəlxalq hüquqla təsbit edilmiş haqqına sahib çıxdığını, ərazi bütövlüyünü bərpa etdiyini çatdırmaqdır. Zəfər Gününün dünya ölkələrində geniş şəkildə qeyd edilməsi də bu işin bir parçasıdır. Əgər diaspor təşkilatlarımız, fəal soydaşlarımız Zəfər Günü ilə bağlı tədbirlər keçirib, konsertlər, sərgilər təşkil edirsə, bu, Azərbaycanın haqq işinin dünyaya bildirilməsi, tanıdılması baxımından çox vacibdir. 

Biz sübut etdik ki, qalib xalqıq. Zəfər tarizimizin ilk ili necə coşqu ilə qeyd edilibsə, inanıram ki, növbəti illərdə də eyni əzmlə qeyd ediləcək və bütün dünya Azərbaycan xalqını qalib xalq, öz Vətənini qoruya  bilən və onun azadlığı üçün canından keçməyə hazır xalq kimi tanıyacaq.