"Kovidlə mübarizə bir çox ölkələr üçün ölüm-qalım savaşı sayılır"

Hikmət Babaoğlu: "İlham Əliyevin peyvəndlərin bərabər paylanması ilə bağlı təşəbbüsü 171 ölkə tərəfindən dəstəklənib"

İctimai və dövlət maraqlarının müdafiəsi

2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxış edən Prezident İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayıb. Dövlət başçısı və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi. Noyabrın 18-də BMT Baş Assambleyasının 3-cü komitəsində sözügedən qətnamə layihəsi müzakirə olunub və səsvermə ilə qəbul edilib. 171 ölkə qətnamənin lehinə səs verib. Heç bir ölkə qətnamənin əleyhinə səs verməyib. Qəbul edilən sənəd dekabr ayında bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq. Qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən biri regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır.

Bu, Ermənistanın bütün məsələlərə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının nümunəsidir. Qeyd etmək lazımdır ki, kifayət qədər müfəssəl məzmunda olan qətnamədə digər məsələlərlə yanaşı, COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilmiş bir sıra əhəmiyyətli qlobal təşəbbüslər, o cümlədən Prezidentin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası alqışlanır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir. Bunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca faktorlardan biri olduğu vurğulanır. 

COVID-19-a qarşı mübarizədə çoxtərəfliliyin, eləcə də beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilir. Bu xüsusda, bütün dövlətlər, özəl şirkətlər və digər aktorlar peyvəndlərlə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi istiqamətində konkret tədbirlər görməyə çağırılır. Bütün dövlətlər peyvəndlərin ixracı ilə bağlı mövcud olan əsassız maneələri aradan qaldırmağa və peyvəndlərin hazırlanması və səmərəli paylanması sahəsində əməkdaşlığa dəvət olunur. Heç şübhəsiz, sözügedən qətnamənin qəbulu Prezidentin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisidir. Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olub. Dövlət başçısı bu istiqamətdə bir çox təşəbbüslər icra edib.

 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı keçirilib. 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilib. Varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq ölkə rəhbərinin gündəmində olub. Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları göstərib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü maliyyə töhfəsi ayırıb. Bu yaxınlarda 4 ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib. Dövlət başçısı cənab İlham Əliyevin vaksinlərlə bağlı problemi davamlı gündəmə gətirməsi çox vacib məqamdır. 

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, koronavirus epidemiyası qlobal miqyasda təsirlərini davam etdirir. Ümumilikdə 254 milyondan çox insan infeksiyaya yoluxub və 5 milyondan artıq şəxs virus səbəbindən həyatını itirib. Ardıcıl dördüncü həftədir ki, qlobal miqyasda yoluxma və ölüm saylarında artım müşahidə olunur. Ötən həftə 3,3 milyon insanın virusa yoluxduğu və bunun böyük hissəsinin də Avropa ölkələrinin payına düşdüyü vurğulanıb. 

Ekspertlər yoluxmaların artmasını əsasən virusun mutasiyaya məruz qalması nəticəsində daha yoluxucu “Delta” və “Delta+”, yəni “Ay.4.2” variantının yayılması və mövsümlə əlaqələndirirlər. Bu səbəbdən pandemiyaya qarşı məhdudiyyətlər yenidən gündəmdədir. Yoluxma və ölüm sayının artması bir çox ölkəni əlavə tədbirlər görməyə məcbur edib. Bir çox ölkələr maska və sosial məsafə qaydalarını yenidən bərpa edib, qapanma tədbirlərinin tətbiqinə başlanılıb. Azərbaycanda isə görülən qabaqlayıcı tədbirlər sayəsində hələlik COVİD-lə bağlı vəziyyət hökumətin tam nəzarətindədir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 milyonu ötüb. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 12 min 689 nəfər, ikinci mərhələ üzrə isə 4 milyon 464 min 36 nəfərdir. Səhiyyə naziri əvəzi Teymur Musayev hələlik məhdudiyyətlərin tətbiq edilməsinə ehtiyac olmadığını açıqlayıb. Həkim-infeksionist Könül İsmayılova bildirib ki, hazırda epidemioloji vəziyyət ölkəmiz üçün stabil hesab oluna bilər, lakin, yanaşı olaraq mövsümi infeksiya halları izlənilməkdədir:

“Təbii ki, daima yenilənən texnologiya və təbabət sahəsində sonunda hər bir tibbi problemin aradan qaldırılmasında nailiyyətlər əldə olunacaq. Koronavirusla mübarizədə tibdə digər virus xəstəlikləri üçün istifadə olunan virus əleyhinə preparatlar da tətbiq olunur və zamanla bu preparatların effektivliyi qiymətləndirilir. Koronavirusa qarşı dərmanların sayının artması əsas deyil, bu preparatların effektivliyi və insan sağlamlığı üçün təhlükəsizliyi önəmlidir”. 
Səhiyyə nazirinin müavini Rahim Əliyev də bildirib ki, maarifləndirmə aparılan, təhsilin yüksək olduğu yerlərdə peyvəndləmə faizi yüksəkdir: “Peyvəndlərin vaxtında aparılmasına dair dövlət proqramları var. Bunlar xəstəliklərin erkən aşkarlanmasında mühüm rol oynayır. İki il bundan əvvəl COVID-lə bağlı qaydalara riayət edilməməsini görürdük. Lakin bu gün açıq havada belə maska taxanlar var. Maarifləndirmə sahəsində irəliləyişlər var. Beləliklə, insanlarımızda sağlamlıq mədəniyyəti formalaşıb”.

Millət vəkili Hikmət Babaoğlu “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan beynəlxalq münasibətlərin sistemində təkcə milli dövlət, beynəlxalq münasibətlərin müstəqil aktoru kimi deyil, eyni zamanda üzvü olduğu mühüm beynəlxalq təşkilatlar vasitəsi ilə iştirak edir. Deputat vurğulayıb ki, Azərbaycan öz maraqları ilə yanaşı, qlobal gündəmi təyin edən əsas məsələləri də müzakirələrə çıxarır: 

“Ölkə rəhbərimiz daim mühüm təşəbbüslərlə çıxış edir. Bilirik ki, hazırda Azərbaycan BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Hərəkat üzvlərinin tələbi üzərinə Azərbaycanın sədrliyi 6 ay uzadıldı. Dünyanın ən aktual problemlərindən biri olan COVİD 19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı mühüm missiya həyata keçirməkdədir. Hələ koronavirus pandemiyası yeni yarandığı zaman Azərbaycan Prezidenti müxtəlif təşəbbüslərlə çıxış edib. Nəticədə BMT Baş Assambleyasının pandemiyaya görə xüsusi sessiyası keçirilib. Dövlət başçısı cənab İlham Əliyevin peyvəndlərin bərabər paylanması ilə bağlı təşəbbüsü də 171 ölkə tərəfindən dəstəklənib. Bu da koronavirusa qarşı mübarizə ilə bağlı addımdır. Azərbaycan rəhbərliyi dəfələrlə bəyan etmişdi ki, bütün ölkələr üçün vaksinlərin əlçatanlığı təmin olunmalı, pandemiyaya qarşı mübarizədə əlverişli şərait yaradılmalı və bütün dövlətlərə ortaq imkanlar tanınmalıdır. Bu təşəbbüs BMT tərəfindən yüksək qiymətləndirildi və qətnamə qəbul edildi. Reallıq odur ki, dünyada bir sıra ölkələr üçün COVİD-lə mübarizə ölüm-qalım savaşı sayılır. Pandemiyaya qarşı mübarizədə çox çətin şərtlər ortaya çıxmışdı. Hətta “covid milliyətçiliyi” deyilən anlayış ortaya çıxmışdı. Bu da üçüncü ölkələrdə xəstəliyə qarşı mübarizəni mürəkkəb hala salırdı. Belə şəraitdə Azərbaycanın vaksinlərlə bağlı təşəbbüsünün dəstəklənməsi mühüm humanitar aksiya olmaqla yanaşı, həm də imkanları məhdud olan ölkələrin koronavirusa qarşı mübarizəsində yeni mərhələ yaradacaq və onlara böyük dəstək olacaq”.