Təəssüf doğurur...

Matəm günü ilə bağlı bəzi TV və radiolar efir cədvəlində dəyişikliklər etmədi

“14 igidimizin şəhid olması fonunda bəzi TV və radioların efir cədvəlində, ələlxüsus əyləncəli və yumoristik verilişlərin yayımında heç bir dəyişiklik etməməsi həqiqətən acı təəssüf doğurur”. Bu barədə Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş, mediaya dəstək layihələri departamentinin direktoru Rüstəm Əbülfətoğlu deyib. 

Qurum təmsilçisi feysbuk profilində yazıb ki, bu yanaşma ilk növbədə milli kimlik, milli düşüncə və milli mənəviyyat məsələsidir: 

“Yeri gəlmişkən, “Media haqqında” yeni qanun layihəsində TV və radiolar üçün nəzərdə tutulan vəzifə və yayıma dair tələblərdə bu məqama xüsusilə həssas diqqət yetirilib. 

Layihəyə əsasən, hüzn və matəm günlərində komediya və erotik filmlər, yumoristik, əyləncəli, ümumiyyətlə, matəm günlərinin mahiyyətinə uyğun olmayan musiqi janrında proqramlar, o cümlədən reklamlar yayımlanmamalıdır. Bununla yanaşı televiziya və radiolar ən azı hər 2 saatdan bir dəfə hüzn və matəm günü ilə bağlı ictimaiyyətə məlumat verməlidirlər. Bəli, aydındır ki, mənəviyyat məsələsi qanunla tənzimlənmir. 

Hər halda matəm və hüzn günlərində saat 12:00-da bir dəqiqəlik sükut elan edilməsi qanun layihəsinə salınıb ki, mənəviyyat boşluğumuzu vətəndaş məsuliyyəti ilə qanunun ayrıca, xüsusi maddəsi doldursun”.