REAKSİYA! – “Rusiya insanları alternativ informasiya mənbələrindən məhrum edir” 

Azərbaycanın bir çox xəbər saytlarına giriş Rusiya ərazisində bloklanıb. Rusiyanın müstəqil, alternativ informasiya mənbələrinə qarşı bu münasibəti Azərbaycanın tanınmış media ekspertləri, jurnalistlərinin qınağına səbəb olub. Rusiyanın bu addımını Modern.az-a şərh edən "Şərq" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü Akif Aşırlı çağdaş dönəmdə informasiya mübadiləsinin zorən qarşısının alınmasını antidemokratik addım kimi dəyərləndirib:
 "Rusiyanın informasiya resursları zaman-zaman Azərbaycanın əleyhinə fəaliyyət göstərib, anti-Azərbaycan siyasəti yeridib. Ərazi bütövlüyünü sual altına almağa çalışıb, daxildə müxtəlif münaqişə ocaqları yaratmaq həvəsində, istəyində olublar. 44 günlük Vətən savaşında Rusiyanın bir sıra kütləvi informasiya vasitəsinin ədalətsiz, peşə prinsiplərindən kənar fəaliyyəti göz önündədir". 

A.Aşırlı Azərbaycanın bir neçə xəbər saytının Rusiyada girişinin bloklanmasını media müxbirliyinə zidd davranış adlandıraraq bu hadisəni pisləyib:

 "Rusiyanın bu davranışı insanların alternativ informasiya mənbələrindən məhrum olunması deməkdir. Bu barədə Azərbaycan jurnalist təşkilatları insan hüquq və azadlığı qurumlarını, beynəlxalq media mərkəzlərini məlumatlandırmalı və etirazlarını bildirməlidirlər".