Vətəndaş cəmiyyətinin inkişafı üçün ən vacib şərtlərə əməl olunmalıdır

Daha effektiv nəticənin əldə olunması üçün layihələr və onların maliyyələşdirilməsi də davamlı, uzunmüddətli olmalıdır

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

   Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanlarının paralel fəaliyyəti təmin edilib. Əksər dövlət orqanları yanında ictimai şuraların formalaşdırılması və bu şuraların ictimaiyyəti narahat edən məsələlərlə bağlı qərarların qəbulunda söz sahibi olması, şura üzvlərinin fikirləri, təklif və rəylərinin nəzərə alınması bunu deməyə əsas verir. Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaranması tarixi ötən əsrdən başlayır. Ölkəmiz ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra ictimai birliklər, vətəndaş cəmiyyəti institutlarının aktiv fəaliyyət dövrü başladı. 

Qeyri-hökumət təşkilatlarının fəaliyyəti daha səmərəli olsun deyə, dövlət tərəfindən maliyyə dəstəyi ilə təmin edildilər. Qeyri-hökumət təşkilatları Milli QHT Forumunda birləşdi. Layihələr icra edildi, vətəndaşların maarifləndirilməsi, sosial dəstək proqramları, hüquqi problemlərin həllində qht-lər aktiv fəaliyyət göstərdi. Bu gün də eyni vəziyyətdir. Hazırda Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərlə səmərəli işbirliyi mövcuddur. Bu gün Azərbaycanda 4 minə yaxın qeydiyyatdan keçən qeyri-hökumət təşkilatı var. Bu barədə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə bildirib. Sektor müdiri qeyd edib ki, onların bəziləri aktiv fəaliyyət göstərmir. Ancaq əksəriyyəti aktiv işləyir. “İctimai iştirakçılıqla bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün bizə təkliflər daxil olmaqdadır”, söyləyən V.Quliyev qeyd edib ki, bu təkliflər QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə regionlarda keçirilən zona müşavirələrində də səsləndirilir. “İyunun ortasında biz yekun konfransı Bakı şəhərində keçirərkən həmin təklifləri də orada səsləndirəcəyik. Ümumi təkliflər müzakirə edildikdən sonra Milli Məclisə təqdim olunacaq”. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə bildirib ki, Agentliklə Birləşmiş Millətlər Təşkilatı arasında bu il iyunun 13-də memorandum imzalanacaq. Agentlik bir ilə yaxındır ki, fəaliyyət göstərir: "Biz artıq 6 aydır görüşlər keçiririk. Bu yaxınlarda Qubada regional konfrans keçirdik. Orada QHT-lərlə görüşlər oldu. Vəziyyət bizim istədiyimiz kimi deyil, qənaətbəxş sayılmır". 

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva  çıxışı zamanı elektron məhkəmə sistemi, Mediasiya Şurasının yaradılmasının əhəmiyyətindən danışıb: “Əhalinin ən həssas qruplarının hüquqlarının qorunması, onların ədalətə çıxışının olması BMT üçün əsasdır. BMT və Azərbaycan tərəfindən 2021-2025-ci illərlə bağlı saziş mərhələli şəkildə həyata keçirilir. Bizim ölkədə həssas qrupların ədalətə çıxışının təmin olunması istiqamətində işlər aparılır. Bu məqsədlə biz qeyri-hökumət təşkilatları və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi sıx əməkdaşlıq edirik. Yaxın vaxtlarda Agentliklə memorandum imzalanacaq”. 

Ş.Mustafayeva qeyd edib ki, həmçinin Azərbaycan hökuməti Dayanıqlı İnkişaf məqsədlərinə böyük önəm verir:

 "Azərbaycan hökuməti indiyə qədər də hesabatlar verib. Bu yaxınlarda Azərbaycan hökuməti yeni hesabatını verməyə hazırlaşır. Bu da onu göstərir ki, Azərbaycan hökumətinin Dayanıqlı İnkişafa sədaqəti çox möhkəmdir. Hökumət məsələni çox ciddi qəbul edir. Düşünürəm ki, 2030-cu ilə qədər Azərbaycan bu məsələdə dünyada ən qabaqcıl ölkələrdən olacaq". Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanda mobil qanunvericilik tətbiqi istifadəyə veriləcək. O bildirib ki, bu tətbiq vasitəsilə vətəndaşlar qanunvericilik aktları, sənədlərlə tanış ola biləcəklər. 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Şərq”ə açıqlamasında ictimai müzakirələrin önəmini vurğuladı: 

- Hər bir müzakirə irəliyə doğru bir addımdır. Müsbət haldır ki, müzakirələr keçirilir və bu cür toplantılarda mövcud problemlər qabardılır, həlli yolları axtarılır. Vətəndaş cəmiyyətinin inkişafı üçün vacib şərtlərdən biri, qeyri-hökumət təşkilatlarının dəstəklənməsidir. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lərin təqdim etdiyi layihələri maliyyələşdirir. Daha effektiv nəticənin əldə olunması üçün layihələr və onların maliyyələşdirilməsi də davamlı, uzunmüddətli olmalıdır. Qısamüddətli layihələrlə istənilən nəticəni əldə etmək çətindir. Əsaslı nəticə üçün ən azından 5 illik layihələr icra edilməlidir. QHT-lərin fəaliyyətinin genişlənməsi məqsədilə hökumət tərəfindən müəyyən addımlar atılır. Bu məsələdə koordinasiyanın düzgün təşkili də önəmlidir. Məişət zorakılığından söhbət gedirsə, zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına, ictimai birliklərə əlçatanlığı təmin edilməlidir. Yaradılmış “Qaynar xətlər” daim aktiv olmalıdır. Qurbanların reinteqrasiyası üçün əməli proqramlar işlənib hazırlanmalıdır. Qurbanların hüquq-mühafizə orqanları tərəfindən istiqamətləndirilməsi düzgün aparılmalı, bu iş gücləndirilməlidir. Cənab Prezidentin məlum fərmanında bir neçə orqanın qeyd olunub, hansı ki, onlar vətəndaş cəmiyyəti ilə birgə fəaliyyət göstərməlidir. Doğrudur, ictimai şuralar bu gün fəaliyyətdədir. 

Lakin ictimai şuraların da müddəti 2 illik deyil, bir qədər uzun olmalıdır. Çünki şikayətlərin qəbulu, problemlərin həll edilməsi bəzən uzun müddət tələb edir. “İctimai Şuralar haqqında” qanunun da təkmilləşdirilməsinə ehtiyac var. İctimai Şuralara müraciətlər edilir, vətəndaşların problemlərinin həllinə köməklik göstərilir. Amma nazirliklər, rəsmi orqanlar özləri də aktiv çalışmalıdır ki, vətəndaşların problemlərinin həlli ictimai şuralara qalmasın. İctimai Şuralar fərdi problemlərə deyil, əsasən ictimai yüklü məsələlərin həllinə vaxt ayırsınlar.

  Bunun üçün də dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının sıx əməkdaşlığı, birgə fəaliyyəti vacibdir. Çünki vətəndaş cəmiyyəti hüquqi dövlətin əsas atributlarından biridir.