Teleməkanın birlik nümunəsi

Fəxriyyə Lilpar yazır



Teleməkan poliqondur.  Müzakirədi, mübarizədir, qalibiyyətdir, məğlubiyyətdir. Bütün bunların fonunda əzəmətli var olmaqdır. Fərqli düşüncələr məkanıdır televiziya. Bu yaradıcılıq labüdlüyüdür. Sağlam mühit təzahürüdür. 

İctimai televiziya yaradıcılığımın əlifbasıdır. 2005-ci ildən etibarən bir çox gənclər kimi mənim də  yeni nəfəs ünvanımdır. O zamanlar hər atılan addım yeni intiziuazmla ərsəyə gəlirdi. Təmirlə əlaqədar bir otaqda hər masa bir departament  sayılırdı. Masa ətrafında toplaşıb aparılan müzakirələr gözlərin parıltısı, ürəklərin döyüntüsü idi. 3 dəqiqəlik süjet üçün gecə saat 2-də kadrarxası səs oxumağa gələndə zamanın fövqündə olmamaq idi. Hər kəsin ilk nəfəsinin şahidi olmaq idi. İlk stendap, ilk süjet, ilk veriliş, ilk kamera təması, ilk mikrafon titrəyişi, ilk... ilk... bir çoxlarının həyat müəllifi olan ilk məkan...
Belə bir coşqunun bünövrəsinin təməl daşının möhkəm olması mütləq idi.  Əks halda xaosu yığmaq olmazdı. Belə ki, hər kəs hər şey etməyə hazırdı. Amma necə ? 
İsmayıl Ömərov bunun necə olmasını bilirdi. Belə ki, hər həftənin 1-ci günü keçirilən letuckalarda redaktə olunurduq,  cilalanırdıq. Hər bir işçisinin nəyə qadir olduğunu, nə edə biləcəyini uzaqgörənliyi ilə təyin edirdi. Bu gün yüksək kürsülərdə fəaliyyət göstərən peşəkarların simasında bunun bariz təsdiqini görürük. Leyla Quliyeva, Hüsniyyə, Saleh Bağırov, Murad Arif və s. Letuckalarda hər birimizin fikrinə xüsusi önəm verər və mütləq ki, hesablaşardı. Bəzən yerində  ədalətsiz saydığımız qərarların bu gün doğru olduğunun şahidi oluruq.
Bir çox milli-mənəvi dəyərlər toplusu olan layihələr bu gün də öz aktuallığını qoruyur.
Yazıçı-dramaturq İmir Məmmədlinin departamentində çalışdığımdan bir sıra radio layihələrin uğulu olması İmir müəllimin novator düşüncələrinin, analizinin məhsulu olurdu. Bu gün mən aparıcı kimi varlığımın müəllifi həm də ustadım, müəllimim İmir müəllim idi. Musiqi departamentinin rəhbəri Sevil Əliyevanın xüsusi diqqətlə seçdiyi mahnılar da layihələrə rəng qatırdı. 
İctimai televiziyanın uğuru həm də ölkə ziyalılarının xüsusi diqqəti və fəaliyyəti idi. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının o zamankı sədri Cahangir Məmmədli əsl pedaqoq, peşəkar jurnalist,  gözəl insan kimi hər birimuzə əsl qayğı ilə doğru yol göstərirdi. Şuranın o zamankı üzvü akademik Vaqif Abbadovun izlədiyi hər bir verilişə xüsusi diqqəti əsl ziyalı mövqeyi idi. Xatirələr, insanlar, qiymətlər o qədər çox ki... silsilə əsər yəni...
 Xatirimdədir o zamanlar böyük zövqlə izlənilən məhşur "Ovqat " verilişi iclas müzakirələrində necə yarandı. Dəfələrlə müzakirələr edildi, janrı seçildi, qonaqlarının təyinatı, mövzu müxtəlifliyi və verilişin adının seçiminə qədər məhz orda yarandı. Aparıcılarından biri olduğum bu verilişə dəvət etdiyim qonaqlara necə həssaslıqla yanaşmalı, bir ziyalı müstəvisində mənəvi dəyərlərin necə təhlil olunmasını, o, hər iclas təhlilində xırda detallarla izah edərık sanki bizə dərs keçirdi. 
 Bir haşiyə olaraq deyim ki, bu gün müəllif və aparıcısı olduğum "Xəzərin sahilində " verilişinin ünvanına deyilən xoş sözlərin hər biri  ustad İsmayıl Ömərovun ünvanınadır. Çünki o belə yerdə nə deyib, nəyi necə edərdi redaktəsinin məhsuludur. Yenicə fəaliyyətə başlayan bir aparıcıya dünyaşöhrətli alim Cavad Heyət, akademiklər Vasim Məmmədəliyev, Bəkir Nəbiyev kimi dahilərlə müsahibə almaq imkanını yaratmaq o aparıcı üçün böyük bir dərs idi. 
Həyat bumeranqdır. Qiymətdir. Dərsdir.
Estafetin növbəti layiqli davamçısı Balaş Qasımovun İTV-nin 17 illiyində dəvət etdiyi qonaqlar sırasında keçmiş baş direktor İsmayıl Ömərov, keçmiş baş direktor Cəmil Quliyevin də dəvəti bu geniş və möhtəşəm poliqonun əsl cəngavər qalibiyyəti və dərsi idi. Bu addımı təqdirəlayiq təzim və alqışla qarşıladıq.
 Hər ilin mübarək, İTV... Hər günün mübarək, Balaş Qasımov !