Əl Cəzirə Media Şəbəkəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondu ərəbdilli jurnalistlər üçün təlimlərə başlayıb

Avqustun 31-də Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Əl Cəzirə Media Şəbəkəsi ilə birgə təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, təlimlərin açılış mərasimində Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Səbinə Seyidova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “525-ci qəzet”in baş redaktoru, BAMF-in himayəçilik şurasının üzvü Rəşad Məcid, Əməkdar jurnalist Qulu Məhərrəmli və Rey Kərimoğlu, BAMF-in Proqram departamentinin rəhbəri Xudaverdi Quliyev iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan BAMF-in prezidenti Umud Mirzəyev keçiriləcək təlimlərin konsepsiyası, məqsəd və metodologiyası barədə ümumi məlumat verərək onun zərurəti barədə danışıb. Avrasiya Fondunun yaranmasından keçən 30 illik müddətdə yerli media ilə qurulan əlaqələrdən danışan Umud Mirzəyev beynəlxalq təşkilatlar, habelə dünya miqyasında izlənilən media qurumları ilə yaranan münasibətlərdən söhbət açıb. O, xüsusilə, son illər Əl Cəzirə Media Şəbəkəsi ilə əldə olunan əməkdaşlıq barədə məlumat verərək bugünkü təlimlərin də onun nəticəsi olduğunu vurğulayıb.

Təlimlər BAMF-in baş ofisində Əl-Cəzirə Media Şəbəkəsinin aparıcı jurnalisti, peşəkar təlimçi Məhəmməd Qulam Bouba tərəfindən keçiriləcək. Təlimçi xüsusi olaraq, BAMF-in və “Ednews.net” analitik informasiya portalının ərəbdilli əməkdaşlarına təlim keçmək üçün Bakıya səfər edib. M.Bouba, eyni zamanda, Beynəlxalq Mətbuat İnstitutunun müxbir üzvü, tanınmış beynəlxalq media ekspertidir.

İki tərəfdaş təşkilatın qarşılıqlı anlaşmasına əsasən, Əl-Cəzirə Media Şəbəkəsi elektron və yeni media sahəsində qazandığı təcrübəni və öz standartlarını regionda əsas partnyoru olan BAMF ilə paylaşacaq.

31 avqust – 11sentyabr tarixlərində keçiriləcək təlimlər nəzəri və praktik hissələrdən ibarət olacaq. Bakıda BAMF-in ofisində baş tutacaq beş günlük nəzəri təlimlərdən sonra Məhəmməd Qulam Bouba “Ednews.net”in əməkdaşları ilə birlikdə Əl-Cəzirə Media Şəbəkəsi və onlayn xəbər saytı üçün Azərbaycanın mina problemi haqqında hesabat hazırlayacaq. Təlimlərdən sonra anlaşmaya əsasən, iki qurum arasında davamlı informasiya mübadiləsinin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, cari ilin mart ayında əməkdaşlıq memorandumu imzalayan BAMF ilə Əl Cəzirə Media Şəbəkəsinin 10 ildən çoxdur ki, uğurlu əməkdaşlıq təcrübəsi var.