"“Yeni Müsavat"ın varlığını, kollektivin birliyini qorumaq əsas hədəfimizdir"  - Rauf Arifoğlu

"Gələcəklə bağlı ümidlərimiz çoxdur. İnşallah, jurnalistlərimizi yüksək maaşla təmin etmək imkanlarına da sahib olacağıq"


Bu gün “Yeni Müsavat" qəzetinin ad günüdür. Müasir mətbuat  tariximizin ən uzunömürlü qəzetlərindən  olan nəşrin ilk sayının çap edilməsindən 33 il ötür. Qəzet 10 noyabr 1989-cu ildə Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb. Qəzetin qurucusu hazırkı təsisçi və baş redaktor Rauf Arifoğludur.

Müasir mətbuat tarixində öz dəsti-xətti ilə seçilən, fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularına yön verən  “Yeni Müsavat” qəzeti  bu illər ərzində təkcə cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməmiş, eyni zamanda, Azərbaycanda ictimai fikrin obyektiv və düzgün əsaslarla formalaşması sahəsində böyük xidmətlər göstərmiş, gərgin mübarizədə müstəqilliyini bərpa edən ölkəmizin siyasi sisteminin milli maraqlara uyğun qurulmasında mühüm rol oynayıb.




 
Qəzetin keçdiyi keşməkeşli yola kiçik də olsa bir nəzər salmaq, həm də “Şərq” qəzeti adından həmkarlarımızı təbrik etmək məqsədi ilə Rauf Arifoğlu ilə əlaqə saxlayıb, bir neçə sual ünvanladıq. 

- “Yeni Müsavat" adı Rauf Arifoğlu üçün hansı anlam  ifadə edir?

- “Yeni Müsavat” həyatımın layihəsidir. 33 ildir bu adla yol gəlirəm. “Yeni Müsavat” qəzetini qurarkən yaşımız 30-dan aşağı idi. Qəzetin ilk nüsxəsini nəşr edəndə 23 yaşlı gənc idim. İndi Qəzetimizin və Azərbaycanın II  İstiqlalının yaşı 30-dan yuxarıdır!  Demək ki, missiyamız alınıb!  Demək ki, boşuna yaşamamışıq! Biz tarix olmadıq!  Biz tarix yazdıq! 56 yaşımda belə bu qəzeti nəşr edirəmsə, bu müddət və  fürsət üçün Allaha çox minnətdaram. 

-33 yubley yaşı olmasa da, qoşa rəqəmdi. Bir tədbir planınız varmı..?

- 33 il həm də bir qərinə deməkdir.   “Yeni Müsavat”ın ad günü ilə bağlı “Bir qərinənin qəzeti” adlı  qısa film hazırlamışıq. Kollektivimiz və bizə yaxın olan media nümayəndələri ilə həmin filmin təqdimatını  edib, axşam yeməyi ilə tədbiri sonlandıracağıq. 

- Çox gərgin bir dövrdə qeyri leqal  çıxan partiya məcmuəsinin uzun ömürlü qəzet olacağı belə böyük bir uğurkən  bu gün böyük bir holdinq olaraq fəaliyyətini davam edtdirir.  “Yeni Müsavat”ın bu qədər böyüyəcəyini gözləyirdiniz,yoxsa hədəfiniz bundan da böyük idi?



















- “Yeni Müsavat” milli azadlıq hərəkatının axarında, dalğasında yaranmış bir media quruluşudur. Qəzeti sadəcə yenicə qurduğumuz Azərbaycan Milli Demokrat Yeni Müsavat partiyasının mətbuat orqanı kimi düşünürdük . Partiyanın ən gənc katibi olduğum üçün yayım orqanını yaratmaq mənə həvalə olundu. Məqsəd qeyri- leqal da olsa partiyamızın təbliğatını bir mətbu orqan üzərindən təşkil etmək idi. Daha əvvəl “Birlik” Cəmiyyətinin eyni adlı qeyri- formal dərgisinin 3-cü və 4-cü saylarını mən çıxartmışdım. Həm gizli mətbəələri, həm də yayım işinin təşkilini yaxşı bilirdim. Amma nə yalan deyim bu qədər uzun yol gələcəyimizi də düşünmürdüm.
33 il bundan öncə - 10 noyabr 1989-cu ildə sadəcə gizli fəaliyyət göstərən bir qəzet qurduq və var gücümüzlə davamlılığını təmin etdik. O bizi, biz onu böyütdük!  Media Qrup statusuna yüksəltdik. Buralara qədər gətirdik. Uzun Yol getmək deyil bu. Uzun Yol çəkməkdi!
 Bu yol boyunca “Yeni Müsavat” qəzeti də çağdaş dünyaya uyğunlaşdı və müxtəlif obrazlara büründü. İldən – ilə böyüdü, öz əhatəsini genişləndirdi və nəhayət  bir partiya orqanından başlanan yol “Yeni Müsavat”  Media Qrupuna qədər uzandı. Bu gün “Yeni Müsavat” öz fəaliyyətini sadəcə qəzet olaraq yox, rus və Azərbaycan dilində yayım edən internet portalı, televiziyası, sosial media seqmenti var. Yəni 33 il əvvəl kommunizmə qarşı mübarizə üçün samizdat nəşr bu gün Azərbaycanın ictimai-siyasi, söz tarixinin bir parçasıdır. 
Azərbaycan şərtlərində mən bunu çox ciddi və tarixi bir uğur hesab edirəm. Hədəflərimiz isə hər zaman böyük olub.  Regional əhəmiyyətli bir televiziya yaratmaq iddiamız vardı, amma bu günümüzə də şükür! 

- Sizin də qeyd etyiniz kimi “Yeni Müsavat” dünənin yox, bir qərinənin qəzetidir. Bu müddət ərzində yeni müsavatın siyasətində nələr dəyişib. İlk günkü ilə bu günkü qəzetin oxşar və fərqli cəhəti?

- Çox şey dəyişib. Samizdat “Yeni Müsavat” ideoloji- siyasi qəzet idi. Sonradan  ictimai- siyasi qəzet, daha sonra isə informasiya xarakterli bir qəzet kimi öz fəaliyyətini davam etdirdi. Nəhayət ki partiya şinelindən çıxıb mərkəz mövqeyinə keçid edəərk müstəqil media qurumu olaraq öz fəaliyyətini davam etdirir.  Yəni biz əvvəl siyasətə, eləcə də bir düşərgənin başqasını tənqid və təhqirinə alışmış oxucu kütləsini xəbər, yenilik istəyən, dünyadan məlumat almaq istəyən oxucu kütləsi ilə əvəzləmişik. Həm də auditoriyanı böyütdük. Bizi indi həm narazı, həm də iqtidar elektoratı oxuyur. Eyni zamanda Azərbaycanın daxilində, xaricində informasiya almaq imkanı olan hər kəs oxuyur.Bu, böyük nəticədir. Sözsüz oxşar cəhətləri də var. Formatından asılı olamayaraq “Yeni Müsavat” qəzeti 33 ildir azərbaycançılıq ideyasını təbliğ edir, Azərbaycanın haqq davasını edir. O zaman da indi də Vətənə və millətə sədaqətlə  xidmət edir. 

-Son vaxtlar çap mətbuatına qarşı bir basqı var. Xüsusən, yeni media  nümayəndələri təkidlə  cəmiyyəti qəzetlərin artıq arxiv olduğuna inandırmağa çalışır. 33 illik bir qəzetin baş redaktoru və eyni zamanda internet media orqanlarının rəhbəri olaraq üstünlüyü hansı mediada görürsünüz?

-Real danışaq, print media həqiqətən də böhranlı dövrlər yaşayır. Problem tək bizdə deyil,dünyada bu tendensiya var. Çap mediası zəifləyir. Elektron mediasının o qədər üstünlükləri var ki, müqayisədə heç sıraya belə dayanmırlar.
Hər zaman deyildiyi kimi  21 əsr internet əsridir və xəbər anlayığı operativliyi, sürəti sevir. Çap mediasında xəbərin operativliyinə nail olmaq qeyri mümkündür. Qəzet sahəsində çalışan hər kəs bilir ki, gün ərzində ən aktual və gündəm yaradan xəbərlər toplanır  və  gecə şapdan çıxan qəzet ən tezi  səhər saat 06:00 radələrində köşklərdə  olur. Günün ən özəl informasiyasını əldə etsək belə  saatlarla onu saxlamaq məcburiyyətində qalırsan.  Hazırda isə informasiyanı gizləmək qeyri mümkündür. Məhz bu səbəbdən print medianın xəbər daşıyıcısı olaraq əhəmiyyəti azalıb. Amma çap mediası bir ənənə, bir tarixdir. Azərbaycanın bu günü, tarixi, gələcəyi baxımdan  qəzetlərin qorunub saxlanılması çox mühümdür.
Bu səbəbdən elektron  medianın  paralelində  qəzetimizin də inkişafı üçün var gücümüzlə çalışırıq. Əslində “Yeni Müsavat” qəzetinin daha  keyfiyyətli formatına nail olmağın yollarını bilirəm, amma bunun üçün xeyli sərmayəyə ehtiyacımız var deyə hələlik reallaşdıra bilmirəm. 

-Ən çox  hansı medianın işinə nəzarət edirsiz?

-Əlbəttə, hamısına. Amma bir reallıq da var ki, “Yeni Müsavat” Media Qrupunun  baza təsisatı qəzetdir və  çarxı çevirən də odur. Gündəlik planlaşdırma, xəbərlərin hazırlanması kimi proseslər qəzet əməkdaşlarına aiddir. Sadəcə əməkdaşlarımız əldə etdiyi özəl informasiyaları axşama qədər  qəzetdə getməsi üçün saxlamır, birbaşa sayta yerləşdirirlər. 

- Qəzetin inkişafı üçün xeyli sərmayəyə ehtiyac duyduğunuzu dediniz. Bəs, hazırda qəzetin satışı gördüyünüz bu işlərin məsrəfini ödəyə bilirmi?

-Təəssüf ki, xeyr! Elektron saytlarımız gəlirlə işləyir və qəzeti də ordan gələn dotasiyalar vasitəsilə ayaqda saxlayırıq. Eyni zamanda dövlətin, əvvəl KİVDF-nin, bu gün də MEDİA-nın dəstəyi sayəsində  qəzetin nəşrini davam etdirə bilirk. Əgər bu  dotasiyalar  olmasaydı  çox əziyyət çəkərdik.  Çünki qəzet çox əziyyətli və məsrəfli bir informasiya vasitəsidir.  Biz də uzun bir tarixə dayanan çap mediası ənənəsini qırmaq istəmirik deyə, çətinliklə də olsa yolumuza davam edirik.

-Jurnalistikada hamı maaşın azlığından gileylənir. “Yeni Müsavat”ın kollektivinin vəziyyəti necədir? Razı sala bilirsiniz. Yoxsa tez -tez "müdür, maaşımızı artır " deyirlər...

-Razıyam, jurnalistikada maaş azdır. Çox təəssüf ki, ümumilikdə media sektorunda böyük pullar yoxdur. Bütün dünyada bu sahədən kifayət qədər gəlir əldə edirlər, amma Azərbaycanda imkanlar çox məhduddur. Ölkədə fəaliyyətdə olan çox az sayda media quruluşu reklam bazarında özünə yer tutub, qazana bilir. Qalanları isə əziyyətlə dolanır. Ölkənin intellektual kəsimi hesab edilən jurnalistlər də minimum maaşla işləməli olurlar. Əslində, Azərbaycan mediasının ümumi durumuna nisbətən “Yeni Müsavat”da  vəziyyət qənaətbəxşdir. Sözsüz, əməkdaşlarımızı tam istədiyimiz maaşla təmin edə  bilmirik və bu da xəsislik etdiyimiz üçün deyil. Maliyyə imkanlarımız o qədər də geniş olmadığı üçün buna məcburuq. Lakin gələcəklə bağlı ümidlərimiz çoxdur. İnşallah, jurnalistlərimizi yüksək maaşla təmin etmək imkanlarına da sahib olacağıq. 

- “Yeni Müsavat” 34 yaşına nə kimi planlar, hədəflərlə gedir?

- 33 il boyunca tək strategiyam mövcudluğumuzu qorumaq və qəzetin nüfuzuna xələl gətirməmək olub. İmkan daxilində də inkişafına nail olmaq. 34 yaşımıza da bu ümid və planla gedirik. Qəzetin varlığını, kollektivin birliyini qorumaq əsas hədəfimizdir. Bunlar varsa, gələcək də var. Gələcək varsa, demək süprizlər də olacaq. Gələcəyə iddialıyıq!  "Yeni Müsavat"ın yaşamasında və bu günlərə çatmasında əməyi olan hər kəsə minnətdarıq!

P.S. “Şərq” qəzeti olaraq bir daha  "Yeni Müsavat” qəzetinin baş redaktoru  Rauf Arifoğlu başda olmaqla orada çalışan həmkarlarımızı təbrik edir, kollektivə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Şəymən Bayramova