Ədəbiyyat İnstitutunda “525-ci qəzet”in 30 illik yubileyinə həsr olunmuş tədbir... - FOTO



Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda“525-ci qəzet”in 30 illikyubileyinə həsr olunmuş “Müstəqillik dövrünün müstəqil mətbuatı: “525-ci qəzet” adlı tədbir keçirilib.Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, AMEA-nın və əhatə etdiyi elmi müəssisə və təşkilatların baş direktorları, əməkdaşları, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin nümayəndələri, Türkiyə və Özbəkistandan qonaqlar, şairlər, eləcə də “525-ci qəzet”in kollektivi və KİV-lər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti,Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidi Akademiyanın dostu və Azərbaycanın görkəmli ziyalısı adlandırıb və onu Azərbaycan Mətbuat Şurasının sədri seçilməsi münasibətilə təbrik edib. Qeyd edib ki, Rəşad Məcidin bu vəzifəyə seçilməsi geniş mənada Azərbaycan mətbuatının, xüsusilə “525-ci qəzet”in ən böyük nailiyyətlərindən biridir. Onun sözlərinə görə, “525-ci qəzet” müstəqil Azərbaycanın müstəqillik dövrü mətbuatının ən davamlı və uğurlu nümunəsidir.
Azərbaycanın müstəqilliyini bərpasından sonra ölkəmizdə çox sayda mətbuat nümunələrinin meydana çıxdığını deyən AMEA rəhbəri bildirib ki, ötən illər ərzində onlardan bir çoxu fəaliyyətini dayandırsa da, müstəqilliyimizlə yaşıd olan “525-ci qəzet” öz missiyasını aydın şəkildə yerinə yetirməkdədir:

 “525-ci qəzet” müstəqil mətbuat yaratmaq istəyənlər üçün ən böyük nümunədir. Azərbaycanın dövlətçilik, müstəqillik ideyalarını qoruyan, özünəməxsus siması olan çoxprofilli mətbu orqandır. “525-ci qəzet” Azərbaycan cəmiyyətinin maraqlandığı bütün sahələr üzrə, istər ictimai-siyasi, iqtisadi, istərsə də elmi, ədəbi, mədəni, idman və digər istiqamətlərdə məqalə və xəbərləri peşəkarcasına ictimaiyyətə təqdim edir. Həmçinin müəllifləri də genişprofillidir və bir sözlə, “525-ci qəzet” Azərbaycanın müstəqillik dövrü mətbuatının flaqmanıdır”.

Akademik İsa Həbibbəyli bildirib ki, “525-ci qəzet” yarandığı gündən Azərbaycan alimləri ilə sıx əməkdaşlıq edir və AMEA-nın son 30 ildəki tarixi ilə qəzetin materiallarını oxumaqla tanış olmaq mümkündür. O qeyd edib ki, “525-ci qəzet” daim Azərbaycan cəmiyyətini, oxucusunu dolğun, qərəzsiz informasiya ilə təmin edib və çoxprofilli olub bütün istiqamətlərdə fəaliyyətini peşəkar şəkildə davam etdirməsinin başlıca səbəbi onun baş redaktoru Rəşad Məciddir. Akademikin sözlərinə görə, Rəşad Məcid ictimai-siyasi xadim, görkəmli mətbuat nümayəndəsi və əsl dost kimi özünü sübut edib və Azərbaycan mətbuatı tarixində fərqli jurnalistika məktəbi yaradıb: “525-ci qəzet” həftədə bir dəfə feysbuk sosial şəbəkəsindən seçmələri çap edir. Bu, feysbukun qəzet variantıdır. Bir sözlə, Azərbaycan mətbuatında yenilikdir. Rəşad Məcid ədəbi məktəbin sərhədlərini aşaraq müasir, çoxprofilli jurnalistika məktəbi yaradıb.

Onun baş redaktoru olduğu “525-ci qəzet” isə sabaha gedən yollara rəhbərlik edən, ictimai fikrin formalaşmasında ön cərgələrdə gedən nümunəvi mətbu orqandır”.
AMEA rəhbəri çıxışının sonunda Rəşad Məcidi və qəzetin kollektivini 30 illik yubileyləri münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.AMEA prezidenti üzərində Şuşa qalasının və Xarıbülbülün təsviri olan fotonu “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə hədiyyə edib.
Tədbirdə Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli “Jurnalistikada məktəb yaratmış qəzet: “525-ci qəzet” adlı geniş məruzə edib.

Riyaziyyat və Mexanika İnstitutunun baş diraktoru, AMEA-nın mübir üzvü Misir Mərdanov çıxışında vurğulayıb ki, “Akademiyanın prezidentinin şəxsən iştirakı ilə ilk dəfə bir qəzetin yubileyi qeyd olunur. Qəzetin kollektivini, Rəşad müəllim başda olmaqla təbrik edirəm. Mən bu qəzeti Təhsil Naziri vəzifəsində işlədiyim ilk illərdən tanımışam. Qəzetdəki yazılarla tanış olandan sonra bu qəzeti seçdim. Mən bu qəzetin abunəçisiyəm, bütün nömrələrini evimdə saxlayıram”.

Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə,Avrasiya Yazarlar Birliyinin başqanı, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu,Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Nurbay Cabbarov, professorlar Şirindil Alışanlı, Cahangir Məmmədli və Ədəbiyyat İnstitutunun əməkdaşı Ülkər Hüseynova çıxışlarında “525-ci qəzet”in uğurlu fəaliyyətindən müxtəlif nüanslara toxunublar.
Sonda Milli Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək tədbirin təşkili üçün böyük ehtiramını, minnətdarlığını bildirib:“30 il bundan qabaq fəaliyyətə başlayanda 17 noyabr Milli Dirçəliş günü idi. Min nüsxə qəzeti meydanda paylamışdıq və ondan sonra da çox illər bunu xatırlayan insanlar var idi. On illik yubileyimizi Azərbaycanın ictimai fikrini əhatə edən insanlarla keçirmişdik. 1998-ci ilin 29 oktyabrında biz qürur duyuruq ki, o vaxt Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyevin “Neft bizim üçün məqsəd yox, vəzifə olmalıdır” müsahibəsi ilk dəfə Azərbaycan mətbuatında “525-ci qəzet”də çap olunmuşdu.  “525-ci qəzet” həm ədəbiyyat-mədəniyyət hadisələrinə, həm siyasi proseslərə münasibətdə təmkinli mövqeyini qoruyub-saxlayıb.

On illiyimizdən sonra 15 və 20 illiyimizi keçirmədik. 25 illiyi Bakı Dövlət Universitetində keçirdik. Bunun da bir mənası var idi. Bizim əksəriyyətimiz BDU-nun jurnalistika fakultəsini bitirmişdik. İsa müəllim o vaxt da Ədəbiyyat İnstitutunda yubileyimizi keçirdi. Bir neçə ay bundan qabaq İsa müəllim deyirdi ki, yubileyi akademiyada keçircəyik. Onda hələ vitse-prezident idi. Bu ərəfədə də xoş bir hadisə baş verdi. İsa müəllim akademiyanın prezidenti oldu və sizin dediyiniz kimi, akademiyanın prezidenti başda olmaqla bir qəzetin yubileyi keçirilir. Buna görə sizəhədsiz minnətdarlığımı bildirirəm. Əməkdaşlarımızdan Yusif Rzayev, Seyfəddin Hüseynli, İsgəndər Həsənov, Aydın Bağırov və digər gənclərimiz buradadırlar.

Gülnar Səma
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
İctimaiyyətlə əlaqələr şöbəsi