"Sağalıram, yenidən yazıb yaratmaq üçün gün sayıram”  - Səbuhi Məmmədli

"Möcüzə nəticəsində həkimlər  həyatımı xilas etdilər"

A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alan jurnalist Səbuhi Məmmədli səhhəti ilə bağlı “Sherg.az” a danışıb.
Noyabrın  24- də Topçubaşov adına ECM-də sağ ayağının ambutasiya olunduğunu xatırladan S. Məmmədli  əməliyyatının xəstəxananın ən yaxşı cərrahları tərəfindən aparıldığını deyib: “Bilirsiniz ki, böyrəklərimdə kreatinin miqdarı yüksək idi, şəkər, ürək çatışmazlığı, ağciyərimdə problemlər var idi. Amma ayaqlarımdakı qanrenadan xəbərsiz  idim. Bu da həyatım üçün ciddi təhlükə yaratmışdı.
  Ona görə də təcili əməliyyat etdilər və ayağımı kəsdilər. Hətta deyərdim ki, möcüzə nəticəsində həkimlər  həyatımı xilas etdilər. Məni ölümdən xilas etdikləri üçün   ECM-nin baş direktoru Rauf Ağayev başda olmaqla əməliyyatımda iştirak edən baş həkim Mirzəliyev İsmayıla, ümumi cərrah Babayev Ceyhun o cümlədən əməliyyat və daha sonra müalicə prosesimdə yaxından iştirak edən bütün tibb işçilərinə öz minnətdarlığımı bildirirəm. Burada xəstələrə ən yüksək səviyyədə xidmət göstərilir. Tibbi xidmətlərlə yanaşı, kifayət qədər diqqət və qayğı ilə də əhatə olunuram. Hər birindən çox razıyam və  çəkdikləri əziyyətə görə öz minnətdarlığımı bildirirəm.
Səhhətimlə bağlı məsələni diqqətdə saxlayıb mənə bu şəraiti yaratdığı üçün TƏBİB-ə xüsusi minnətdarlığımı bildirirəm.  İşlədiyim “APA”Holdinqə təşəkkür edirəm. İlk gündən mənə maddi və mənəvi dayaq olduğuna görə sağ olsun. Həmçinin MEDİA, Mətbuat Şurası diqqət və qayğısını əskik etmədi. Gözlədiyim, gözləmədiyim bütün həmkarlarımdan diqqət  gördüm. Yüzlərlə həmkarım zəng edib, mənəvi dəstək oldular. Bütün bunlar da mənə mənəvi güc verir, sağalma prosesini daha da tezləşdirir”. 
Səhətinə gəldikdə isə həmkarımız  artıq yaxşılığa doğru getdiyini deyib: “Ayağım artıq sağalmaq üzrədir. Amma  xroniki böyrək çatışmazlığından əziyyət  çəkdiyim üçün dializ olunuram. Ümid edirəm ki, qısa zamanda sağalıb  işimin başına qayıdacam. Yenidən yazıb yaratmaq üçün gün sayıram”. 

A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ümumi şöbə müdiri Ramil Məmmədli  də “Sherg.az”a açıqlamasında Səbuhi müəllimin səhətinin yaxşı olduğunu, müalicəsində çox ciddi irəliləyişlər hiss olunduğunu deyib: 

“Demək olar ki,hər gün onun səhhəti ilə maraqlanıram, tez- tez özünü ziyarət edirəm. S. Məmmədlinin xətrini  hər birimiz çox istəyirik. Bizim  üçün  çox dəyərlidir. Bilirsiniz ki, Səbuhi müəllimin sağ ayağında dizdən aşağı çürümə  getdiyi üçün ayağı kəsilib. 
Eyni zamanda dializ olunduğu üçün A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicəsi davam edir.  Bir ayağının amputasiya olunması çox üzücü olsa da, bu onu ruhdan salmayıb. Tezliklə sağalıb işə getməyi, cəmiyyət üçün faydalı yazılar  yazmağı arzulayırıq . Hələlik müalicəsi davam etdiyi üçün evə nə vaxt çıxacağı ilə bağlı həkimlər dəqiq məlumat verməyib”. 

Şəymən