Rəqəmsal yayıma keçid: Azərbaycan üçün prioritet hədəf - Qulu Məhərrəmli

Nazirlər Kabineti “Rəqəmsal radio yayımının tətbiqi və inkişafı üzrə Tədbirlər Planı”nı təsdiq edib.
Bu barədə müvafiq sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, rəqəmsal radioyayıma keçidlə əlaqədar Avropa İttifaqı və digər inkişaf etmiş ölkələrdə DAB+ standartlı rəqəmsal radionun tətbiqinə başlanılması Azərbaycanda da bu standarta keçidlə əlaqədar müvafiq tədbirlərin görülməsini zəruri edib.
Sözügedən keçidin məqsədi radioyayım sahəsində rəqəmsallaşmanın təmin olunması, tezlik resurslarından səmərəli istifadə, ölkə ərazisində müasir və daha keyfiyyətli radio yayımının tətbiqi, yeni növ rəqəmsal informasiya xidmətlərinin təşkili, eləcə də efir məkanının təhlükəsizliyinin gücləndirilməsinə nail olmaqdır.
2019-cu ilin 26 avqust tarixindən etibarən Bakı şəhərində və Abşeron yarımadası ərazisində DAB+ standartında rəqəmsal radionun test yayımı həyata keçirilir.
Tədbirlər Planının icrası nəticəsində 2026-cı ilə qədərrespublikanın şəhərlərinin və rayon mərkəzlərinin, həmçinin magistral avtomobil yollarının təxminən 70%-nin, 2027-ci ildə ölkə ərazisinin 99,6%-nin rəqəmsal radio yayımı ilə əhatə olunması nəzərdə tutulur. Prosesin yekunu olaraq ölkə ərazisində rəqəmsal radio yayımına tam keçid təmin ediləcək.
Keçid zamanı rəqəmsal radio ilə təchiz olunmuş nəqliyyat vasitələrinin sayı, DAB+ radioqəbuledici qurğuların satışda kifayət qədər olması, həmçinin əhalinin məlumatlılıq səviyyəsi nəzərə alınacaq.
Eyni zamanda rəqəmsal radio avadanlıqların ölkəyə idxalının təşviq edilməsi və yayımçılara dəstəyin göstərilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında tanınmış telejurnalist, professor Qulu Məhərrəmli ölkə ərazisinin tamamilə rəqəmsal radio yayıma keçməsinin Azərbaycan üçün prioritet hədəf olduğunu vurğulayıb:

“2015-ci ildə qəbul olunan qərara görə Azərbaycan ərazisi 2020-ci ilə qədər tamamilə rəqəmsal radio yayıma keçirilməli idi. Amma bu mövzuda sərhədlərin müəyyənləşdirilməsi kimi müəyyən problemlər oldu. Rəqəmsal yayım həm keyfiyyətinə, həm də siqnalların çatdırılmasına görə bütün dünyada qəbul edilən sistemdir. Bu formaya keçid məlumatların və səs siqnallarının keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Ancaq  keçid üçün radioların, televizyaların avadanlıqları rəqəmsal olmalıdır. Analoqla çəkilən materialların yenidən rəqəmə çevrilməsi və onu siqnala çevirərək yaymaq sistemi özünü doğrultmur. Radio və televiziyaların hər biri rəqəmsal yayıma keçid etməlidirlər. Ölkə ərazisində belə televiziyalar var. Amma sayları çox azdır. Nazirlər Kabinetinin qərarı ilə yəqin ki pillə-pillə bu problemlər aradan qaldırılacaq”.