Qonşu dövlətlərin radio və hətta televiziya kanallarının bir-birinin yerüstü yayım məkanına müdaxilə etməsi normal haldır, çünki yerüstü radio-televiziya yayımı fiziki-coğrafi sərhədlər tanımır.
Bunu Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) qəbul etdiyi qonşu ölkələrin radiotezliklərinin tənzimlənməsi ilə bağlı reqlamentə əsasən ölkə dərinliyinə 200 km-ədək qonşu ölkənin radio siqnalının çatması qəbuledilən sayılır:
“Azərbaycan radio kanallarının bütün ölkə üzrə yerüstü yayımda əlçatanlığının təmin olunması üçün ölkə başçısının 2023-cü ilin 24 iyul tarixində imzaladığı Sərəncama uyğun da fəaliyyət həyata keçirilir. Həmin Sərəncama uyğun olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu məqsədlə 13,7 milyon manat pul ayrılmışdır. Sözügüdən nazirliyin tabeliyində olan “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi Azərbaycan Respublikası Audiovizual Şurası ilə birgə ölkə üzrə Bakı Teleqüllə Kompleksi də daxil olmaqla 17 ən əhəmiyyətli RTYS-ləri müəyyən ediblər. Həmin stansiyalardan ümumölkə statuslu radio kanalların yayımının tam təmin olunması üçün “Teleradio” İB tərəfindən ölkəyə zəruri verici-ötürücü avadanlıqlar gətirilib və hazırki mərhələdə onların quraşdırılması həyata keçirilir. İntensiv aparılan işlərin 2024-cü ilin sonuna qədər başa çatması nəzərdə tutulub. Bundan sonra ümumölkə statuslu 16 radio kanalın bütün ölkə ərazisində yayımı təmin olunacaq, nəticədə həm radiotezliklərdən səmərəli istifadə, həm də qonşu ölkələrdən olan müdaxilələrin minimallaşdırılması mümkün olacaq”.