İntellektual bir müəllifə hər yazısı üçün 200-300 manat qonorar ödəmək mümkün deyil
Qismət Rüstəmov yolunu tapıb, yazmaq, sonra isə kağızdan gəmilər düzəldib Xəzərə buraxmaq...
“Yenidən esselər yazmağa başlamışam, fokusumda əsasən son dövrlər yazılmış yerli ədəbiyyat nümunələridir. Bu gün bir neçə saytla, qəzetlə danışdım. Büdcə yoxdur, daha doğrusu var, ancaq indiki şərtlərlə həmin qonorara esse yazmaq alınmır”. Bu sözləri yazar Qismət Rüstəmov sosial media hesabında yazıb.
Yazar qeyd edib ki, 2006-cı ildə köşə yazılan qonorarı indi esseyə təklif edirlər:
“Belə başa düşürəm ki, yazı adamından hamı - yeni kitabı çıxmış müəlliflər də, redaksiyalar da havayı fədakarlıq, müftə ziyalı xidməti gözləyir. Sonra da qaynar ədəbi proses arzulayırıq. Bayaq qəfildən yolunu tapdım: yazmaq, sonra isə kağızdan gəmilər düzəldib Xəzərə buraxmaq...”.
Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə isə "Sherg.az"a deyib ki, yaradıcı insanlara xüsusi münasibət göstərməyin, onlara yüksək qonarar ödəməyin tərəfdarıdır. Lakin Azərbaycan reallığında bunun mümkünsüz olduğunu qeyd edib:
"Təəssüf ki, Azərbaycanda fəaliyyət göstərən KİV-lərin maddi-texniki bazası bir o qədər də güclü deyil. Redaksiyaların əksəriyyəti 3-4 əməkdaşdan formalaşıb. Onların çoxu gənc və təcrübəsiz jurnalistlərdir. Peşəkar jurnalistlərin çoxu müxtəlif səbəblərdən mətbuatı tərk edib. Obrazlı desək, bu gün KİV rəhbərləri şapalaqla üz qızartmaqla məşğuldurlar".
S.Verdizadənin fikrincə, Seymur Baycan, Aqşin Yenisey, Qismət Rüstəmov, Cavid Zeynallı və bu kateqoriyaya daxil olan digər intellektual şəxslərin davamlı olaraq yazması mətbuatımız üçün qazancdır:
“Sadəcə, redaksiyaların maddi durumu onların zəhmətini qiymətləndirməyə imkan vermir. Bu gün Azərbaycanda KİV rentabelli sahə deyil. Redaksiyaların böyük əksəriyyəti dotasiya hesabına yaşayır. Belə olan halda intellektual bir müəllifə hər yazısı üçün 200-300 manat ödəmək mümkün deyil. Yazarlar özləri də Azərbaycanda yaşayırlar və KİV-lərin hansı durumda olduğunu yaxşı bilirlər”.
Baş redaktor bildirib ki, oxucunun marağını nəzərə almadan KİV kimi ayaqda qalmaq mümkün deyil:
“Qismətin şəxsiyyətinə də, yaradıcılığına da böyük hörmətim var, amma mən əmin deyiləm ki, Qismətin yazdığı esse Röyanın verdiyi açıqlamadan daha çox oxunacaq. Təcrübə göstərir ki, oxucuları və bütövlükdə cəmiyyəti intellektuallardan çox şou-biznes nümayəndələri maraqlandırır. Təəssüf ki, bu gün saytlar arasında IP uğrunda amansız mübarizə gedir. Şou əhlinə arxa çevirən KİV bu mübarizədə məğlubiyyətə məhkumdur. Buna görə də həm KİV rəhbərlərinin, həm də intellektual yazarların qarşısında dayanan əsas vəzifə cəmiyyəti aydınlatmaq, insanlar arasında elmə, ədəbiyyata maraq oyatmaqdır. Belə olsa, istedadları ilə öyünməyə haqqı çatan yazar dostlarımız layiq olduqları qiyməti alacaqlar”.
Jurnalist Azər Niftiyev isə "Sherg.az"a açıqlamasında Qismətin yaradıcılığını yaxından izlədiyini və onun hekayələrini çox bəyəndiyini deyib. Onun fikrincə, Qismət Rüstəmov müasir Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən biridir:
“Qismətin esselərini oxumaq, ədəbi fikirləri ilə tanış olmaq bir jurnalist, bir oxucu olaraq mənim üçün arzuolunan haldır. Lakin media biznes subyektidir və öz fəaliyyətini tələb-təklif əsasında formalaşdırır. Bugünkü Azərbaycan cəmiyyəti, oxucular isə daha çox informasiya istehlakında maraqlıdır deyə, media orqanları da daha çox informasiya mənbəyi kimi çıxış etmək məcburiyyətindədirlər. Ölkədə ədəbi fəaliyyətlə məşğul olan media orqanları olsa da, onların sayı kifayət qədər azdır. Zənnimcə, onların da yazıçılara yüksək qonorar verərək esselərini dərc etmək imkanı yoxdur. Yaxşı olar ki, yazarlar bununla bağlı Azərbaycan Yazıçılar Birliyinə müraciət edib, öz layihələrini təklif etsinlər. Hətta məhz esselər dərc edən bir ədəbi orqanın yaradılması barədə də təklif vermək olar”.