- Nəmənd Rüstəmov: "Texnologiyaya tam təslim olmaq olmaz"
- “Gələcəkdə bütün rəqəmsal datanı silə biləcək bir kibervirus təhlükəsi yarana bilsə də, fiziki çap məhsulları tarixi qoruyub saxlayır"
- "Zərdabi evini satdı, amma milli mətbuatın çırağını yandırdı"
- "Özümüzə yeni yuva qurarkən, Zərdabinin təməlini qoyduğu bu müqəddəs ocağı yıxmamalıyıq"
“Milli mətbuatımızın təməlinin qoyulmasından 151 il ötür. Çar Rusiyasının sərt təzyiqləri altında yaşayan xalqımızın ruhunda hər zaman azadlıq alovu şölələnib. Lakin onu üzə çıxarmaq, imperiyanın amansız siyasi kursunu ifşa etmək və xalqı cəhalətdən ayıltmaq kimi tarixi missiya Həsən bəy Zərdabinin çiyninə düşdü. O, maarifçilik işığı ilə milli oyanışın başlanğıcını qoydu”.
Bu fikirləri jurnalist Nəmənd Rüstəmov Sherg.az-a Milli Mətbuat Günü münasibətilə, müasir medianın inkişaf dinamikasını müqayisəli müstəvidə şərh edərkən səsləndirib:
“Zərdabi elə bir maarif ağacının toxumunu səpdi ki, neçə illərdir on minlərlə insan bu bəhrədən faydalanır. Zərdabi "Əkinçi" qəzetini ərsəyə gətirmək yolunda doğma evini belə satmaqdan çəkinmədi. Onun fədakarlığı sayəsində neçə-neçə gənc jurnalist bu peşədə öz yolunu tapdı. Özümüzə yeni yuva qurarkən, Zərdabinin təməlini qoyduğu bu müqəddəs ocağı yıxmamalıyıq. Zərdabi mətbuatın xalqa, cəmiyyətə və bütövlükdə dünyaya fayda verməsini arzulayırdı. Bu gün hər birimizin mənəvi borcu onun maarifçilik məfkurəsini şərəflə yaşatmaqdır. Media elə bir sektordur ki, bura üz tutan insanların hamısı böyük amallarla gəlmir. Kiminin şəxsi, kiminin isə maddi maraqları ön plana çıxır”.
N.Rüstəmovun sözlərinə görə, jurnalistikanın fəaliyyət sahəsi kimi sonradan formalaşıb:
“Hətta onun müstəqil elm sahəsi olub-olmaması mübahisə mövzusudur. Bir qrup mütəxəssis jurnalistikanı elm sahəsi kimi dəyərləndirir, digər qisim isə onu ədəbiyyatın bir qolu hesab edir. Onların fikrincə, burada xəbər çatdırmaq, publisistik nümunə ortaya qoymaq və fikir ifadə etmək ədəbiyyatdan şaxələnmiş fəaliyyətdir. Bütün hallarda, inkişaf etmiş ölkələrin konstitusiyalarına nəzər salsaq görərik ki, tərəqqiyə meyil edən cəmiyyətlərdə fikir və söz azadlığı ali dəyər hesab olunur. Azad düşünmək və fikrini sərbəst çatdırmaq imkanı yoxdursa, inkişafdan söz gedə bilməz. Günümüzdə media sahəsinə cavabdeh olan şəxslər də söz və fikir azadlığının qorunub saxlanılması istiqamətində çalışırlar”.
Jurnalist qeyd edib ki, müasir dövrdə texnologiyanın dərin və əsaslı təsirləri ilə qarşı-qarşıyayıq:
"Süni intellektin inkişafı informasiyaya əlçatanlığı dəfələrlə asanlaşdırıb. Bu fonda informasiya savadlılığı reallığı ortaya çıxır: Nəyi bilməli olduğunu, doğrunu yalandan fərqləndirmək kimi yeni məsuliyyətlər yaranır. Biz jurnalistika sahəsində kadr hazırlığı prosesində bu məsələlərə diqqət yetirməyə məcburuq. Artıq data-jurnalistikası kimi yeni formalar meydana gəlir. Bu, qaçılmaz prosesdir. Hər bir yenilik ilkin mərhələdə böyük maraq və ajiotaj yaradır. Bu həvəsdən çekinmək və ya onun qarşısını almağa çalışmaq düzgün deyil. Şərait yaradıldıqda, insanlar onu təcrübədən keçirdikdən sonra həmin ajiotaj tədricən səngiyir. Süni intellekt texnologiyaları da hazırda özünün keçid dönəmini yaşayır. Proseslərin gedişatı ağla gəlməyən senarilərin reallaşma ehtimalını istisna etmir. Texnologiyaya tam təslim olmaq olmaz”.
Müsahibin fikrincə, insanlar müəyyən müddətdən sonra hər şeyin təbii olanına qayıdış etməyə ehtiyac duyur:
“Süni münasibətlər və alətlər insanı yormağa başlayacaq. Ağıllı insanlar başa düşürlər ki, yaxşı görünməkdənsə, mahiyyətcə yaxşı olmaq daha vacibdir. Müasir alimlər və İlon Mask xəbərdarlıq edir ki, gələcəkdə insanın süni intellektə və ya robotlara məğlub olma riski var. Məsələn, bu yaxınlarda qonaq olduğum bir televiziya verilişində studiyada operator yox idi. Şirkət iqtisadi baxımdan qənaət etmək üçün ağıllı kameralara üstünlük verib. Bu da birbaşa əmək münasibətlərinə təsir göstərir və peşəkar operator texnologiyaya uduzmuş olur”.
N.Rüstəmovun qənaətinə görə, müasir çağırışlara əməl etməklə yanaşı, qəzetçilik ənənəsinə də sadiq qalmaq lazımdır:
“Qəzet günün salnaməsidir və tarixi yazır. Gələcəkdə bütün rəqəmsal datanı silə biləcək bir kibervirus təhlükəsi yarana bilsə də, fiziki çap məhsulları tarixi qoruyub saxlayır. Qəzeti reytinqdən salan cəmiyyətin tənbəlliyidir. Hazırda insanların oxumaq vərdişləri azalıb. Sosial şəbəkələr insanları informasiyanı çox qısa zaman kəsiyində almağa öyrəşdirir. Əvvəllər iri həcimli əsərləri oxuyarkən cildlərlə kitabın içindəki təsvirlərlə o mühiti tam yaşayırdıq. İndi isə həmin əsərlər ixtisarlarla, yığcam şəkildə nəşr olunur. Yeni nəslin tələblərinə və tempinə uygun olaraq mətnlər sadələşdirilir və qısaldılır. Bütün bunlara baxmayaraq, gəldiyimiz yeri unutmamalı və qəzetçilik ənənəsinə sadiq qalmalıyıq".