Bu gün milli istiqlal şairimiz, görkəmli tərcüməçi, yazıçı, publisist, dövlət himnimizin banisi, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından, Azərbaycan “Türk Ocağı”nın qurucusu, Vətənimizin və Türk Dünyasının münəvvər övladı Əhməd Cavadın sovet rejimi tərəfindən qətlə yetirildiyinin 85-ci ildönümüdür. Bu mənada “Sherg.az” olaraq Əhməd Cavadın nəvəsi Anar Axundzadə ilə söhbət etmək qərarına gəldik.
-Əhməd Cavad himnimizin müəllifidir, mənəvi babamızdır, hamımız onun nəvələriyik. Sizin isə qan babanızdır. Bu ad, bu soyad sizdə hansı hisləri oyadır?
- İzah etmək çətindir. Hesab edin ki, Əhməd Cavadı düşünəndə həm də dodağında dövlətin himnini zümzümə edirsən. Vətənimizə, bayrağımıza həsr etdiyi şeirləri xatırlayırsan. Əhməd Cavad Türk dünyasının bayraq şairi kimi qəbul edilir. Onun həyatı, yaradıcılığı həmişə xalqın azadlığı, müstəqillik və dövlətçiliklə bağlı olub. Dövlətimizin başçısı cənab İlham Əliyevin Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncamında belə sözlər var: “Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.”
Əhməd Cavad arzulayırdı ki, Türk xalqlarının birliyi yaransın, Türk Milləti, Türk Dünyası vahid olsun. Övladları Azərbaycanın müstəqilliyinin, biz nəvələri də, şükürlər olsun, Əhməd Cavadın bu ideyalarının tədricən həyata keçdiyinin şahidi oluruq. Yenə də tədqiqatçının sözlərini xatırlayıram: “Əhməd Cavad keçmiş deyil, ideyaları və fədakarlığı ilə günümüzü gücləndirən bir gələcəkdir. Onun mübarizələri, ideyaları hələ də aktualdır və Türk Dünyasının yolunu işıqlandırır”.
-Əhməd Cavadın qohum-əqrəbaları, varisləri kimlərdir?
-Əhməd Cavadın 4 oğlu, bir qızı olub. Qızı Almaz 16 yaşında xəstəlikdən vəfat edib. Əhməd Cavadın 10 oktyabr 1935-ci ildə yazdığı "Qızım üçün" şeirində belə misralar var:
"On altıncı bahar, nə qanlı bahar!..
Ox, qızım, fələkdə nə dönüklük var!?"
Oğlanları Niyazi, Aydın, Tukay və sonbeşiyi mənim atam Yılmaz. Niyazi əmimin üç övladı var və həyatdadırlar, Aydın əmimin iki övladından biri vəfat edib. Tukay əmimin də bir qızı vardı, o da vaxtsız köçdü dünyadan. Əhməd Cavadın sonbeşiyi Yılmaz Axundzadənin də sonbeşiyi mənəm, məndən böyük iki bacım var.
- Atanız Yılmaz Axundzadə Əhməd Cavadla bağlı nələr ərz edirdi, onu necə xatırlayırdı?
-Əhməd Cavad 1937-ci ilin iyunun 4-ü həbs ediləndə atam Yılmaz Axundzadənin iki yaşı olub. Xatırlamırdı atasını. Nənəm 1937-ci ilin oktyabr ayının 14-də həbs edilir. 8 il Qazaxstandakı qadınların əsir düşərgəsi A.L.J.İ.R.- də tutulur. Atam danışırdı ki, anamdan utanırdım, üzünü xatırlamırdım, elə bilirdim yaddır. Müstəntiqlər Şükriyyə xanıma Əhməd Cavaddan boşanma təklifini edəndə Əhməd Cavad artıq həyatda deyildi. 1937-ci il oktyabrın 12-də cəmi iyirmi dəqiqəlik “məhkəmə”dən sonra onun güllələnməsinə qərar verilir.
Rəsmi mənbələr Əhməd Cavadın 1937-ci ildə, oktyabr ayının 13-də, Bakıda güllələnərək öldürüldüyünü yazsa da, bir sıra qaynaqlar Şükriyyə xanımın da təsdiqi ilə onun oktyabrın 12-də Bayıl təcridxanasında işgəncələrdən öldüyünü bildirir. Görünür tələm-tələsik “məhkəmə”nin keçirilməsinin və hökmün guya 13-ü gecə icra edildiyinin rəsmləşdirilməsinin səbəbi də Əhməd Cavadın artıq həyatda olmaması ilə bağlı olub. Qazaxstandan qayıdıb Şəmkirə yerləşdikdən sonra Şükriyyə xanım elə bilib ki, Əhməd Cavad hələ də sağdır. Onunla həbsxanada görüşə bilmək üçün uzun illər, müxtəlif dövlət orqanlarına, hətta SSRİ Nazirlər Sovetinin sədrinə müraciət edib.
Yalnız 1955-ci ildə Şükriyyə xanıma Əhməd Cavadın hələ1937-ci ildə öldüyü xəbərini veriblər. Əhməd Cavad və Şükriyyə Xanımın dörd uşağından üçü islah müəssisələrinə, kiçik oğlu, atam Yılmaz Axundzadə isə bir müddət nənəmlə təcridxanada saxlandıqdan sonra NKVD-nin tabeliyində olan yetimlər evinə verilib. Şükriyyə xanım yalnız səkkiz il yarımlıq əsirlikdən sonra övladlarına qovuşa bilib.
- Babanız Azərbaycanın tarixinə, milli yaddaşımıza dövlət qurucusu, Milli istiqlal şairi kimi hək olunub. Bu yüksək ad hər kəs qismət olmur...
- Qeyd etdiyiniz kimi, Əhməd Cavad Azərbaycanın İstiqlal şairidir. Doğrudan da, hər bir şairin, hər bir yaradıcı insanın öz xalqının tarixində mühüm yer tutması üçün bundan yüksək zirvə ola bilməz, məncə. Millətimiz Azərbaycan ədəbiyyatı tarixində bu adı Əhməd Cavada layiq bilib. Əhməd Cavadın həyat və yaradıcılığıyla bağlı tədqiqatçıların sözlərini xatırlayıram: “Azərbaycan bayrağına nəzər saldıqda Əhməd Cavadın bütün ideyalarının, mənəvi dünyasının, düşüncə dünyasının, bütün mübarizəsinin təzahürünü görürük. Azərbaycan bayrağındakı həmin qırmızı zolaq Əhməd Cavadın qanıdır. Damarlarından axan qan, uğrunda, ailəsini, hər şeyini fəda etdiyi qandır… Onun türklüyüdür, milliyyətidir. Azərbaycanın bayrağındakı o yaşıl zolaq onun mənəviyyatı, imanı, əqidəsi və İslamıdır. Azərbaycan bayrağındakı mavi xətt, mavi hissə onun tərəqqisi, mütərəqqi tərəfi, baxışıdır. Öz milləti üçün düşündüyü bütün yaxşı amillərdir. Öz millətinin namuslu bir millət kimi yaşamaq istəyi və gözləntisi, o mavi xətdir. Odur ki, Əhməd Cavadın ideyalarını, mübarizəsini, həyatını, hər şeyini, bütün fədakarlıqlarını təmsil edən Azərbaycan bayrağıdır və o Azərbaycan bayrağı səmada dalğalanarkən və onun altında Azərbaycan Respublikası qurulanda heç şübhəsiz ki, Əhməd Cavadın ideyaları, Əhməd Cavadın düşüncələri və Əhməd Cavadın yaradıcılığının ifadə etdiyi anlayışlar üzərində qurulmuşdur”. Düşünürəm ki, hamımızın babası Əhməd Cavadın bu anım günundə onun bir şerini yada salmaq yerinə düşərdi:
Bir bilən yox ki, nə çəkər sənsiz,
Sənin eşqinlə yaşayan könlüm?!
Sən keçən yolda görərək bir iz,
İzin üstündə ozana döndüm!
Çəkdiyim dərdimi saza anlatdım,
Dərdli barmağımla teli ağlatdım!
“Bizə gəl!” dedin, bir addım atdım,
Bir addım yolumda min cənnət gördüm!
Bulaq üstündə yığışır qızlar,
Geciksən azacıq, ürəyim sızlar!
Soruşdum bulağa dedi məndə var,
Suda əksini axtarıb tapdım!
-Bütün əsərləri kimi, çox gözəl şeirdi...
-Çox sağolun!
Ruhun şad, məkanın cənnət olsun, ey Böyük Əhməd Cavad!
Müsahibəni hazırladı: Ayyət Əhməd