Məmmədyarov siqnalını verdi! – “Sülh yoxdursa, öhdəlik də yoxdur” - Silahlar danışacaq? - Müsahibə


“Diplomatik dillər” susanda silahlar “danışacaq”...

“Düzünü deyim ki, Zəngəzur dəhlizinin açılmasına heç şübhəm yoxdur”

“İnanmıram ki, Rusiya dəhlizin açılmasını uzatmaq istəsin”

“Fransanın Azərbaycana təzyiqi ola bilər, amma onun ciddi təsir və effektinin olacağına inanmıram”


Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun “Sherg.az”a müsahibəsini təqdim edirik:

-Azərbaycan və Ermənistan arasında yekun sülhlə bağlı istər Avropa, istərsə də Rusiya siyasi platformalarında hər iki ölkə rəhbərləri,  XİN başçıları və üçtərəfli komissiyanın üzvləri arasında çoxsaylı müzakirələr, görüşlər aparıldı. Ötən həftə azərbaycanlı deputat Xocalıda  Qarabağ erməniləri ilə görüşdü. Hər dəfə yekun sülhdən danışılanda və ya yekun sülh üçün həlledici addımlar atılanda Qarabağda təxribatlar törədilir. Niyə?

-Sülh sazişi daha çox Ermənistana lazımdır. Yəni Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf edib. Regionda lider dövlətə çevrilib. Bu mənada Ermənistan rəhbərliyi anlamalıdır ki, sülh sazişi onlar üçün daha lazımlıdır. Onu da deyim ki, sülh sazişi bir günün içərisində imzalanmır. Onlar Azərbaycanın irəli sürdüyü məlum 5 şərti qəbul edib, bu prinsiplər əsasında iş aparmalıdırlar.  Yəni gec-tez sülh sazişi imzlanmalıdır. Rəsmi İrəvan başa düməlidir ki, Azərbaycan oturub onları gözləməyəcək. Ortada sənəd var. Bu sənədə əməl olunmalıdır.   

-Belə iddialar irəli sürülür ki, guya Ermənistan sülh istəyir, amma xaricdən təzyiqlər var, deyə sülhə gələ bilmir. Bu, doğru yanaşmadırmı?

-Bu da bir versiyadır. Ola bilsin ki, Paşinyan hökumətinə həm bizim qonşu ölkələrdən, həm də beynəlxalq dairələrdən  təzyiqlər olunur. Amma Ermənistan xarici siyasəti həyata keçirəndə gərək, ilk növbədə öz maraqlarını düşünsün. Onlar doğrudan da iqtisadiyyatlarını inkişaf etdirmək istəyirlərsə, razılığa gəlməlidirlər. 

-Qeyd etdiniz ki, ola bilsin, bizim qonşular tərəfindən də Ermənistana təzyiqlər olunsun. Söhbət Rusiya və İrandanmı gedir? Sizi düzmü anlamışam?

-Düzdü, artıq İranın mövqeyini hamımız görürük və bu, heç kimə sirr deyil. Rəsmi Tehran istəyir ki, Çindən Avropa, Avropdan Çinə olan korridor İrandan keçsin. O da həm siyasi, həm də iqtisadi divident qazansın. Bu onlara lazımdır. Bununla yanaşı, ən çox düşünməli olan ölkə Ermənistandır.  Çünki dəhlizlər, yollar açılsa, onlar da çox pul qazanacaqlar.

-10 Noyabr Sazişinin 3 tərəfi mövcuddur: Rusiya, Azərbaycan, Ermənistan.  Yəni bu sənəddə Rusiya prezidenti Vladimir Putinin də imzası var. Niyə Rusiya Ermənistandan imza ataraq öhdəlik götürdüyü şərtlərə əməl etməsini tələb etmir? Bu fikirdən yola çıxaraq iddia edə bilərikmi ki, prosesi ertələyən məhz rəsmi Moskvadır?

 - Yaxşı sualdır, amma inanmıram ki, Rusiya prosesi uzatmaq istəsin. Çünki indiki zamanda şimal qonşumuz üçün ən mühüm tərəfdaş Azərbaycandır. Dəmir yollarının yenidən bərpası onlar üçün də arzuolunandır. Yəni Zəngəzur dəhlizinin açılmasında Rusiya maraqlı tərəfdir.  Ona görə onlar bunun üzərində işləyirlər. 

-Açılacaqmı bu dəhliz?

-Düzünü deyim ki, Zəngəzur dəhlizinin açılmasına heç şübhəm yoxdur. Gec-tez Naxçıvana, Naxçıvandan da Körfəzə qədər dəmir yolu açılacaq. Türkiyə ilə Bakı-Tbilisi-Qars dəmir yolumuz var. Bu yolla daşınan yüklərin həcmi gündən-günə artırılır. Bir sözlə, Culfaya, oradan da körfəzə qədər olan Zəngəzur dəhlizi gec-tez açılacaq. 

- Türkiyənin adını çəkdiniz. Bu günlərdə rəsmi Ankara ilə rəsmi İrəvan arasında sərhədlərin açılması aktuallaşdı. Uzun illər ərzində qardaş Türkiyə daim bəyanatlar verirdi ki, Azərbaycanın əraziləri Ermənistanın işğalından azad olunmayınca, sərhədlər açılmayacaq. Amma son günlər Türkiyə -Ermənistan münasibətlərində loyallaşma, yumşalma müşahidə olunur. Bunun Azərbaycanla Ermənistan arasında yekun sülhə təsirləri olacaqmı?

- Doğrudur, son günlər rəsmi Ankara və İrəvan arasında yumşalma var. Amma belə hesab edirəm ki, Türkiyə Ermənistanla bağlı addımlarını Azərbaycanla birbaşa müzkirə edərək atır. Bu da önəmlidir. Çünki Türkiyə artıq regional deyil, qlobal oyunçudur. Türkiyənin rolu gündən-günə artır. 

- “Yekun sülh, ərazilərin delimitasiya və demarkasiyası ertələnir, bu üzdən Azərbaycan artıq antiterror əməliyyatlarına başlamalıdır!” nidalarını tez-tez eşidirik. Tutalım, rəsmi Bakı bu gün qərar verib, əməliyyatlara başlayıb, Qarabağdakı terrorçu tör-töküntülərin sonuna çıxsa, nə kimi beynəxalq təzyiqlərlə üz-üzə qala bilər? Belə bir risq varmı?

-Antiterror əməliyyatlarına başlamazdan əvvəl Azərbaycan Ermənistanı və maraqlı beynəlxalq dairələrə bəyan etməlidir ki, biz sülh istəyirik, Ermənistanı sülhə gətirin. Yox əgər onlar sülhə, delimitasiya və demarkasiyaya gəlməsələr, antiterror əməliyyatları aparılmaldır. Yəni sülh yoxdursa, öhdəlik də yoxdur. 

-Demək istəyirsiniz ki, “diplomatik dillər” susanda silahlar “danışacaq”...

- Bəli, belə də demək olar...

Hipotetik olaraq düşünək ki, biz antiterror əməliyyatlarına başladıq. Rəsmi Parisin Bakıya təzyiq və sanksiyaları nədən ibarət ola bilər?

- Biz Fransanın rolunu şişirtməməliyik. Rəsmi Parisin rolunu hamımız gördük. Fransa parlamenti Azərbaycan əleyhinə qərar qəbul edir. Amma Fransa hökuməti hər dəfə təkrar edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Bəli, Fransanın öz rolu var. Onlar düşünürlər ki, qlobal oyunçudurlar. Cənubi Qafqazda özlərini göstərmək niyyətləri də yox deyil, amma inanmıram ki,  Azərbaycan hansısa təzyiq altına düşsün. Hə, təzyiq ola bilər, amma onun ciddi təsir və effektinin olacağına inanmıram.

Söhbətləşdi: Ayyət ƏHMƏD