“Mən İranı Azərbaycan üçün daha təhlükəli dövlət sayıram, nəinki Rusiyanı”


Eldar Sabiroğlu: “İranın bu gün Azərbaycana yerləşdirdiyi əks-kəşfiyyatı daha güclü və daha qorxuludur”

“Düşmənimizə pilotsuz PUA-ları verib üstümüzə göndərən kim idi!? Bunu da İran etdi. Düşmənçilik daha necə olur!?”


  Laçın istiqamətində baş verənlər bir daha göstərdi ki, Ermənistan pozucu niyyətindən əl çəkmək fikrində deyil. Xüsusən Avropa İttifaqının missiyasının gəlişindən sonra Ermənistan rəhbərliyinin, o cümlədən Baş nazir Nikol Paşinyanın ritorikasında dəyişikliklər diqqətdən kənarda qalmır. Müşahidələr göstərir ki, sülh danışıqlarından və sərhədlərin delimitasiyası prosesindən müxtəlif bəhanələrlə yayınan Ermənistan yeni təxribatlar planlayır. Şübhə yoxdur ki, aprelin 11-də baş verənlər Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş növbəti təxribat cəhdidir. Lakin Avropa İttifaqının missiyasına, hansısa dairələrə arxalanaraq təxribata əl atan Ermənistanın niyyəti baş tutmadı, növbəti dəfə layiqli cavabını aldı. 

Ekspertlərin qənaətincə, Ermənistan bu təxribatı İran və Rusiyanın dəstəyi ilə həyata keçirə bilər. Şərhçilər xatırladırlar ki, bundan öncə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfər edərək həmkarı Əli Şamxani ilə görüşmüşdü. Bundan öncə isə Ermənistanın Rusiya ilə sıx təmasları olmuşdu. Ehtimal odur ki, Ermənistan məhz bu iki dövlətdən dəstək alaraq Azərbaycanla sərhəddə yenidən atəşkəsi pozub. Bölgədə baş verənlərlə bağlı "Şərq"in müsahibi ehtiyatda olan polkovnik, keçmiş millət vəkili Eldar Sabiroğludur. Polkovnik suallarımıza cavabında regionda yaşananlara öz münasibətini bildirib.

 - Eldar müəllim, aprelin 11-də Ermənistan növbəti dəfə Laçındakı mövqelərimizi ağır silahlardan atəşə məruz qoydu, şəhidlərimiz, yaralılarımız oldu. Sizcə, hazırda nə baş verir? Təxribatların geniş hərbi əməliyyatlara çevrilmə ehtimalı nə qədərdir? 

 - Burada bir müəmma, anlaşılması çətin olan məsələ yoxdur. Biz bunun nəticələrini 44 günlük savaşda da müşahidə etdik. Azərbaycanın hərbi qələbəsini, 30 il işğal altında saxlanılan ərazilərimizin böyük bir hissəsinin düşməndən geri qaytarılmasını dünyanın bir sıra siyasi dairələri həzm edə bilmir. Bu səbəbdən də Azərbaycana qarşı hərbi təxribatlar həyata keçirilir. Aprel ayının 11-də baş verən silahlı münaqişəni indiyə qədər aparılan zorakı siyasətin həlqəsi kimi görürəm. Hətta günün birində vaxtaşırı bu cür silahlı təxribatların böyük müharibəyə səbəb olacağını istisna etmirəm. Təklikdə erməniyə qalarsa, onun başını Azərbaycan Ordusu sutka yarıma əzə bilər. Lakin Azərbaycan həqiqətən, müharibə tərəfdarı deyil. Problemin sülh şəraitində həllini istəyir. Dövlətimizin başlıca siyasi maraqları bunun üzərində durur. Düşmən isə şıltaqlıqlarından əl çəkmək fikrindən daşınmır. Görünür, "dəmir yumruğun" zərbəsini təkrar almaq istəyir. Bu dəfə isə zərbənin gücü daha ağır ola bilər.

 - Bu tip qarşıdurmalarda ən çox adı hallanan Rusiyadır. Bunun birbaşa Moskvanın təxribatı olduğu deyilir. Əgər Ermənistanı təhrik edən Kremldirsə, məqsəd nədir? KTMT missiyasını sərhədə gətirməkmi? 

 - Təkcə Rusiyanın deyil, Azərbaycanın müstəqil surətdə inkişafını, hərbi-siyasi və iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilməsini gözü götürməyən bəzi Qərb ölkələrinin, xüsusi ilə Amerika Birləşmiş Ştatlarının rolunu inkar etmək uşaqlıq olar. Rusiyanı başa düşdük. Onun Azərbaycana qarşı iyrənc siyasi və zorakı münasibətinin tarixi dünənin işi deyil. Onların İranla birlikdə Azərbacanı iki yerə bölüb parçalayan siyasətləri Afrikadan gəlməyib. Özləri yetişdirdilər, özləri də yeməyə başladılar. Artıq Azərbaycan boyda ölkəni 1828-ci ildə "udduqları" kimi indi "uda" bilməzlər. Boğazlarında ilişib qalar. Bugünkü hadisələrə gəldikdə mən burada daha çox Fransanın, ABŞ-nin, Yunanıstanın, İranın, dünyanın o başında olan Hindistanın və adlarını çəkmədiyim, lakin özlərini ədalət və demokratiya, insan azadlıqlarının carçısı kimi nümayiş etdirən bir sıra beynəlxalq siyasi dairələrin qərəzli mövqeyini dəftərin hansı qulağına yazaq?! Rusiyanın planları aydındır. Putinin Hitlerlə müqayisəsini Azərbaycanda ilk dəfə mən aparmışam, onu yazım boyu Hitlerə bənzətmişəm. Nə üçün bu "qəhrəmanlığımı" dilə gətirdim!? Bununla ölkəmdəki demokratiya bazlarından soruşmaq istəyirəm. Nədən ABŞ-də keçirilməsi planlaşdırılan "Demokratiya" tədbirinə dünya ölkələrinin tam əksəriyyəti, eyni zamanda faşist xislətli Ermənistan dəvət olunur, Azərbaycan isə yox!? Hansı meyara görə belə ayrı-seçkilik edilib aydındır. Bəs bizim demokratların bu məsələdə ABŞ-yə bir balaca sözünü belə eşitmədik. Həqiqətən, bu məni məyus etdi. Çox istərdim, sizin sualınızda Rusiyanın yanında ABŞ-ni də görəydim. Qaldı KTMT-nin sərhədə yerləşdirilməsi məsələsinə, Rusiya hələ "sülhməramlı adı ilə" ordusunun Qarabağa yerləşdirilməsinin yükündən xilas olmayıb. Artıq Rusiya özünə ikinci belə problem yaradacaq gücə sahib deyil.

 - İranın adını çəkdiniz. Ermənistanın mövqelərimizi İran PUA-ları ilə hədəf aldığı deyildi. Qeyd olundu ki, İran hər zamankı kimi yenə Ermənstanı dəstəkləməkdədir. İran hansı səbəblərdən Ermənistanı müharibənin yenidən alovlanmasına təhrik edir? 

 - İrana gəldikdə tamam başqa bir mənzərənin şahidi oluruq. Mən bu ölkəni Azərbaycan üçün daha təhlükəli dövlət sayıram, nəinki Rusiyanı. Mən vaxtı ilə Müdafiə Nazirliyində çalışarkən İranla Ermənistanın hərbi-iqtisadi-kəşfiyyat əlaqələrinə dair müəyyən məlumatlarla tanış olmuşdum. Buna əsaslanaraq, deyə bilərəm ki, İranın bu gün Azərbaycana yerləşdirdiyi əks-kəşfiyyatı daha güclü və daha qorxuludur. Və bu imkandan Azərbaycan torpaqlarını işğal edən, Qarabağda məscidləri donuz tövləsinə çevirən erməni faşizmin geniş şəkildə istifadəsinə şərait yaradırdı. İranın fars rejimi müsəlmanlıq adı altında müsəlman ölkələrinə sözün əsl mənasında düşmənçilik mövqeyini heç gizlətmir də. Aprelin 11-də erməni hərbi qüvvələrinin Azərbaycana hücum məqsədi ilə törədilən təxribatı zamanı bir daha gördük. Düşmənimizə pilotsuz PUA-ları verib üstümüzə göndərən kim idi!? Bunu da İran etdi. Düşmənçilik daha necə olur!? PUA-ın qısa adı DRON-dur. Hələ ki, döyüşlərdə bu insansız hava aparatlarını əvəz edəcək bir silah növü yoxdur. PUA dəqiq müşahidə qabiliyyətinə, döyüş və sabit məkanlarda şəraitə uyğun olaraq informasiyaları mərkəzə daşımaq və əgər həmin ərazini qüvvələrdən zərərsizləşdirmək əmrini alarsa, həmin dəqiqə özündəki silahla nəzarətində olan sahəni yerlə-yeksan edərək geri qayıdır. Özünü müsəlman sayan, "Quran"ı və Allahını tanıyan və sevən dövlət bu xainlikləri başqa müsəlman dövlətinə edərmi!? Erməniyə bağışladığı PUA-larla Azərbaycana qarşı istifadə nəticəsində şəhidlər verdik. Ona görə də Azərbaycan dövləti və Prezident İlham Əliyev İranın ölkəmizdəki gizlin yuvalarını küçə və meydançalarımızdan haqlı olaraq qovub çıxarır. Mən bir vətəndaş olaraq İranla bağlı hakimiyyətimizin həyata keçirdiyi təmizləmə işini yüzdəyüz müdafiə edirəm. Bir məqamı da qeyd etməyi lazım bilirəm. İrandakı rejimin Azərbaycan əleyhinə siyasətinə soydaşlarımızın səsi daha gur çıxmalı, fəallıqlarını artırmalıdırlar. Bu proseslərdə passiv və səssiz qalmaları məyusluq doğurur.

 - Ümumiyyətlə, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması yaxın dönəmdə mümkündürmü? Ortada üçtərəfli razılaşmalar və Rusiyanın, Avropa İttifaqının, ABŞ-nin vasitəçilik təşəbbüsləri var. Sizcə, bunların hansı uğurlu nəticə verə bilər?

 - Bu sualınıza qısa və konkret cavab vermək istərdim. İndiyə qədər az qala 100-lə beynəlxalq təşkilat problemin həllinə cəlb olunub. Hansının işi işğalçını geri çəkilməyə məcbur edib? Heç birinin. Onların içərisində ya ermənilərə işləyəni olub, ya da bu problem bəziləri üçün o dərəcədə ciddi əhəmiyyət kəsb etməyib. "Dəmir yumruğu" ikinci dəfə Paşinyanın başına endiriməyincə yerlərində sakit oturmayacaqlar. Artıq üçüncü Vətən müharibəsi başlayıb. Azərbaycanı düşmənə təslim etməmək üçün hər bir vətəndaşımız döyüşə hazır olmalıdır. Bu ağır gündə hər kəs dövlətin, Ordunun, Ali Baş Komandanın əmr və göstərişlərini yerinə yetirməyi özünün namus borcu bilməlidir. Biz sülh istəyirdik, qarşısını kəsdilər. Allahın köməkliyi, xalqın birliyi, qəhrəman əsgərimizin, Prezident İlham Əliyevin qətiyyəti sayəsində qələbə yenə bizimlə olacaq.