“Seçkilərdə Nikol Paşinyanın qələbəsi bizdə revanşizmin tədricən tarixə çevrildiyi haqda ümidlər yaratmışdı”
"Xarici oyunçular, sülhün əldə edilməsinə deyil, Rusiyanın bölgədən tədricən çəkilməsinə, yaranacaq boşluğu münaqişə vasitəsilə doldurmağa can atırlar"
Bölgə yenidən qaynayır. Ermənistan tərəfi və Qarabağdakı erməni separatçılarının müxtəlif istiqamətlərdə təxribatları ara vermir. Ermənilər Azərbaycanla şərti sərhədlərimizə hərbi texnika cəmləyir, mütəmadi olaraq atəşkəsi pozur və diversiyaya cəhd edirlər. Bu azmış kimi Hindistan Ermənistanı İran vasitəsilə silahlandırmağa davam edir. O səbəbdən hərbi əməliyyatların başlayacağı, İrəvanın lokal müharibəyə hazırlıq gördüyü də iddia olunur. Təbii ki, əsas məsələ təxribatların pik həddə çatdığı indiki şəraitdə Ermənistanı yenidən sülh danışıqlarına, masa arxası müzakirələrə cəlb etməkdir.
Əks halda hərbi toqquşmalar qaçılmaz olacaq. Azərbaycan-Ermənisan arasında, Qarabağda və regionda yaşanan proseslərlə bağlı "Sherg.az"ın budəfəki müsahibi siyasi şərhçi Cəmaləddin Quliyevdir. Politoloq qəzetimizə müsahibəsinə son günlər baş verən hadisələrin haradan qaynaqlandığını, nəyə doğru istiqamətləndiyini izah edib...
- Son günlər hansı proseslər yaşandı ki, erməni tərəfi sülh danışıqlarından imtina edərək təxribat mərhələsinə keçdilər?
- Bu, ilk növbədə erməni cəmiyyətində revanşizmin, irredentizmin təəssüf ki, güclü dayaqları olmasından qaynaqlanır. Nə qədər ki, erməni cəmiyyəti Qafqazda dinc yanaşı yaşama modelini qəbul etməyib, mütləq istər öz daxilində, istərsə də xaricdə anti-Azərbaycan, antitürk, vəziyyət dəyişdikdə anti-gürcü əhval-ruhiyyəyə oynamaq istəyənlər tapılacaq. Sovet ittifaqı dağılan ərəfədə eyni problem Dnestryanı ərazisinə görə Ukrayna və Moldova arasında da yaradılmağa çalışıldı. Dnestraynıda rus hərbi kontingenti yerləşdirilməsinə rəğmən, dövlətlərarsı münaqişəyə ona görə çevrilmədi ki, Ukrayna dövləti və cəmiyyəti bu fitnəyə getmədi. Müəyyən lokal toqquşmalara baxmayaraq, Orta Asiya respublikaları böyük münaqişədən yayına bildilər. Baxmayaraq ki, orada tarixi, etnik dini iddialar daha mürəkkəbdir. Yəni xalqlar istəmədikcə münaqişələrdən yayınmaq mümkündür. İkinci Qarabağ savaşından sonra müharibə partiyasının populyarlığının azalması, seçkilərdə Nikol Paşinyanın qələbəsi bizdə revanşizmin tədricən tarixə çevrildiyi haqda ümidlər yaratmışdı. Deməli, hədsiz nikbin olmuşuq. Təbii ki, xarici oyunçular, sülhün əldə edilməsinə deyil, Rusiyanın bölgədən tədricən çəkilməsinə, yaranacaq boşluğu münaqişə vasitəsilə doldurmağa can atırlar. Həmçinin Ermənistanı silahlandırır, cəbhəxanasını təzələyir, bəzən Ermənistan tərəfindən savaşa qatıla biləcəkləri haqda şantaj xarakterli bəyanatlar da səsləndirirlər.
- Genişmiqyaslı təxribatların hərbi qarşıdurmaya səbəb olacağı, hətta lokal müharibənin başlayacağı iddia olunur. Ermənistan tərəfi Azərbaycanla müharibəni yenidən gözə ala bilərmi?
- Ermənistanın belə riskə getmə ehtimalı yüksək deyil. Amma deeskalasiyaya gedilmədikcə savaş təhlükəsi istisna edilə bilməz. Azərbaycan Ordusu, Azərbaycan əsgəri döyüş qabiliyyətini daha da yüksəldib. Hərbi müttəfiqlərimizlə əməkdaşlıq arsenalı daha da təkmilləşdirməyə imkan verib. Ermənistan bunu nəzərə almaya bilməz.
- Erməni lobbisi də fəallaşıb. BMT-nin TŞ-dəki uğursuz cəhddən sonra erməni tərəfi beynəlxalq müstəvidə Azərbaycana təzyiq üçün hansı metodlara əl ata bilər?
- BMT-nin TŞ ərəfəsində bütün dünya miqyasında görünməmiş, son illərin ən miqyaslı anit-Azərbaycan kampaniyası aparıldı. İstər Qərb, istər Şərq, xüsusən İran mediasında, insan hüquqları ilə məşğul olan beynəlxalq QHT, ayrı-ayrı beynəlxalq qurumlar, dövlətlərin parlamentləri, hökumətləri səviyyəsində çağırışlar edildi. Bizim yaxın müttəfiqlərimiz olan Türkiyə və İsrailin erməni lobbisinin təsirində olan bir qrup ziyalısı, keçmiş siyasətçiləri belə bu prosesə cəlb olundular. Çağırışlarda 1948-ci ildə Qərbi Berlinə humanitar hava məkanı açılması ilə bağlı tarixi müqayisələr aparılır, Laçın dəhlizinin dərhal, qeyd-şərtsiz açılması tələb olunurdu. Fikrimcə, bu kampaniyanın müsbət cəhəti odur ki, erməni lobbisinin maksimal imkanlarını, media kampaniyalarının miqyasını, bizimlə müttəfiqlərimizin arasını vurmaq üçün hansı addımlar ata biləcyini təsbit edə bildik. Sonrakı addımlarını da gizlətmirlər. ABŞ Konqresində 907-ci düzəlişin yenidən təbiqinə çalışılacaqlarını, Azərbaycanda "insan haqları" mövzusunu aktuallaşdıracaqlarını deyirlər. İnsan haqları mövzusunda Frenk Palone, baronessa Koks, Bob Menendes kimi ifrat azərbaycanofob şəxslərin fəallaşması təsadüf deyil. Amma bir müddət əvvəl müşahidə etdiyimiz intensivliyin səngiyəcəyini güman edirəm.
- Erməni mediası sentyabrda tərəflər arasında görüş olacağından danışır. Bu qədər təxribatdan sonra yaxın dönəmdə Azərbaycan-Ermənistan arasında görüş ehtimalı varmı?
- Görüş mümkündür, hətta görüşlər bəzən təxribatların qarşısını almaq üçün vacibdir də.
- Görüşlərin hazırda mövcud olan hansı platformalar müstəvisində davam etdirilməsi daha məqsədəuyğundur - Vaşinqton, Brüssel, yoxsa Moskva platforması?
- Bizə bəlli rəsmi mövqe belədir ki, Azərbaycan sülhə doğru aparan istənilən platformada danışıqların davamında maraqlıdır. Amma indiyə qədər aparılmış danışıqlarda Brüssel və Vaşinqton platformaları daha məhsuldar olub.
- Ermənistana ciddi dəstək verən ölkələrdən biri də İrandır. Qafanda konsulluq açır, Zəngəzur dəhlizinə qarşı çıxır. İrəvanı dost-qardaş bilən İranın Azərbaycanla normal münasibətləri realdırmı?
- İran bizim böyük qonşumuz, regionun mühüm ölkəsidir. Amma bu ölkədə hansısa qüvvə gərgin diplomatiya sayəsində əldə edilən anlaşmaları, qarşılıqlı iqtisadi maraqların, çoxəsrlik ortaq mədəni tarixi əlaqələrin, etnik yaxınlığın diktə etdiyi əməkdaşlıq zərurətini cari mənafelərə qurban etməkdən çəkinmir. Bu günlərdə İrandan Ermənistana edilmiş yardımın daha böyük siyahısı açıqlanıb. Azərbaycan-İran platformalarında fəallar Hindistan silahlarını, o cümlədən tankları daşıyan yük maşınlarının İran sərhədindən keçərək Ermənistana daşındığına dair video və fotoları yayıblar. Ondan iki gün sonra İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinə yaxın mənbələrin açıqladığı siyahıda əsgərlərin daşınması üçün zirehli avtomobillər, zenit raketləri, “yer-yer” və “yer-hava" raketləri, eləcə də Rusiya və Hindistan radarları var. Tehran son həftələr ərzində İran ərazisi vasitəsilə Ermənistana çoxlu sayda yüksək keyfiyyətli silahlar, o cümlədən PUA-lar göndərib. Bunun tərəflər arasında hərbi tarazlıq yaratmaq, Azərbaycanın “Sünik vilayətini işğal etməsinə” mane olmaq məqsədi güddüyünü deyir. Üstəlik, erməni əsilli İran vətəndaşlarının səfərbər edilərək Azərbaycana qarşı döyüşmək üçün göndərilə biləcəyi söylənilir. Təəssüf ki, belə bir ölkə ilə normal münasibətlərdən danışmaq çətindir.