Rusiya və Fransa sülhə maneə olacaq - GÜNDƏM SÖHBƏT

Sərdar Cəlaloğlu: “Azərbaycan üçün uğurlu danışıq platforması Vaşinqtonda keçirilən görüşlərdir”

“ABŞ elə məkandır ki, orada Fransa və Rusiya öz oyunlarını oynaya bilmir”

“Ermənilər özləri də Zəngəzurun əldən çıxacağını bilirlər. Zəngəzurun Azərbaycana verilməsi ilə problem, həqiqətən də, birdəfəlik həllini tapar. Azərbaycan tərəfi də müəyyən güzəştlərə gedə bilər”

  Azərbaycan Ordusunun Qarabağda keçirdiyi birgünlük antiterror tədbirlərindən sonra bölgədə tamamilə yeni mərhələnin başlanğıcı qoyuldu. Qarabağda kök salmış 35 illik separatizm yuvasının tamamilə dağıdılması, silahlı quldur dəstəsinin məhv edilməsi Ermənistan hökumətinin Qarabağdan birdəfəlik imtinasına və sülh danışıqlarına daha ciddi yönəlməsinə imkan verdi. İndi Ermənistan Baş naziri Nikol Paşinyan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa, münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan etməkdədir. Baş nazir bu ay Azərbaycan tərəfi ilə Brüsseldə görüş barədə razılığa gəlindiyini vurğulayaraq, Mehri dəmir yolu xəttinin bərpasına çalışdığını da bildirir. Lakin baş nazir Rusiyanın görüşlə bağlı təkliflərini birmənalı geri çevirir və Moskvanın çağırışlarına "yox" deyir. Bununla yanaşı, Paşinyan Zəngəzur dəhlizinə Rusiyanın nəzarət funksiyasını qəbul etmədiyini hayqırır və öz versiyalarını gündəmə gətirir. Ermənistan baş naziri sərhədlərin demarkasiya və delimitasiya məsələsində də müzakirə olunacaq problemlərin qaldığını dilə gətirir. Xülasə, sülh üçün əlverişli şəraitin yarandığı deyilsə də, Paşinyanın çəkingən və qeyri-müəyyən mövqeyi prosesi irəliyə daşımağa imkan vermir. Bölgədə baş verənlərlə bağlı müsahibimiz Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. Son günlər regionda cərəyan edənləri "Sherg.az"a dəyərləndirən həmsöhbətimiz hadisələrə öz baxış bucağından aydınlıq gətirməyə çalışdı...

 - Sərdar bəy, Ermənistan Baş naziri Nikol Paşinyan sülhdən danışır, ilin sonuna kimi müqaviləni imzalamağa hazır olduğunu vurğulayır. İddia edildiyi kimi yaxın dönəmdə sülh müqaviləsi imzalana bilərmi?

 - Əvvəla deyim ki, Azərbaycan bütün ərazilərində, o cümlədən Qarabağda suverenliyini tam bərpa etdikdən sonra tərəflər arasında sülh müqaviləsinə mane olacaq ciddi faktor qalmayıb. Əngəl törədən əsas amillərdən biri Rusiyadır. Moskva sülh sazişinin imzalanmasına mane olur. Ancaq Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı da birmənalı dəyərləndirilməməlidir. Paşinyan Rusiyanın Ermənistana loyal təzyiqlərini nəzərə alaraq bəzi fikirlər səsləndirir, ölkə daxilindəki müxalifəti sakitləşdirmək üçün müəyyən ifadələr söyləyir. Paşinyanın son günlərdəki bəyanatlarının ümumi məzmunundan görünür ki, İrəvan hökuməti Azərbaycanla sülh müqaviləsinin imzalanmasında hardasa maraqlıdır. Paşinyanın kommunikasiyalarla bağlı açıqlamaları da göstərir ki, baş nazir rəsmi Bakının şərtlərini yerinə yetirməyə hazırdır. Sadəcə, bu gün Ermənistan elə bir vəziyyətdədir ki, Paşinyandan daha çox İrəvanın siyasətini Fransa və Rusiya müəyyənləşdirir. Rusiya müxalifət vasitəsilə, Fransa isə hakimiyyət vasitəsilə Ermənistana təzyiq göstərir. Ermənistan müstəqil beynəlxalq hüquqi subyekt deyil ki, öz qərarını özü versin. Paşinyana imkan verilsəydi, Türkiyə və Azərbaycanla münasibətləri çoxdan yoluna qoymuşdu. Fransa və Rusiya öz maraqlarını tənzimləmək üçün bölgədə elə oyun qurur ki, İrəvan bloklanmış vəziyyətdə qalır və sülh müqaviləsinin bağlanması gecikir. Ancaq sülh prosesini və müqavilənin uzanmasını qeyri-müəyyən müddətə uzatmaq olmaz. Çünki bu, Ermənistanın özünə ziyan vurur. Ermənistan qısa müddətdə Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalı, kommunikasiyaları açmalıdır. Yenə deyirəm, Rusiya və Fransa neytrallaşmayanadək Ermənistanın müstəqil xarici siyasət aparması mümkün olmayacaq.

 - Paşinyan AP-də çıxışı zamanı Brüsseldə görüşlə bağlı razılıq olduğunu dedi. Baş nazirin son dönəmlərdə Rusiyanın bütün görüş təkliflərini geri çevirməsini necə şərh edərdiniz?

 - Paşinyanın Rusiyanın təkliflərindən birmənalı imtina etməsinin səbəbləri var. Moskva sülh müqaviləsinin elə şərtlərlə imzalanmasını istəyir ki, sülh istənilən vaxt pozulsun və Rusiyanın bölgəyə müdaxiləsinə imkan yaransın. İllərdir dediyimiz reallıqları Paşinyan da başa düşür. Rusiya müstəvisində real və davamlı sülh müqaviləsindən danışmaq olmaz. Kreml açıq şəkildə deyir ki, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması Moskvanın mövqelərini nəzərə almaqla mümkündür. Bu da Ermənistan ərazisində Rusiyanın daha bir hərbi bazasının yaradılması, Azərbaycanda isə müxtəlif adlar altında rus hərbi kontingentinin saxlanması deməkdir. Həm də İrəvan öz xarici siyasətini Rusiya ilə razılaşdırmalıdır. Bu cür "sülh anlaşması" hər iki ölkənin müstəqilliyinin itirilməsi deməkdir. Belə sülh kimə lazımdır?!

 - Danışıqların getdiyi Qərb platforması da vahid deyil, bəzi görüşlər Brüsseldə, dogər təmaslar Vaşinqtonda reallaşır. Ən uyğun və optimal platorma hansıdır?

 - Azərbaycan üçün uğurlu danışıq platforması Vaşinqtonda keçirilən görüşlərdir. Vaşinqton elə məkandır ki, orada Fransa və Rusiya öz oyunlarını oynaya bilmir. Digər vasitəçilərlə müqayisədə ABŞ, həqiqətən də, Cənubi Qafqaz bölgəsində proseslərin yoluna düşməsində maraqlıdır. Dünyanın müxtəlif qaynar nöqtələrində, münaqişə ocaqlarında Amerikanın bu və ya digər formada iştirakı zəruridir. Hazırda Ukrayna ilə yanaşı, Yaxın Şərqdə də gərginlik artdığı üçün Ağ Ev diqqəti daha çox həmin bölgələrə yönəltmək istəyir. Cənubi Qafqazda gərginliyin və qarşıdurma ehtimalının qalması ABŞ-nin digər bölgələrdəki səylərini parçalayır. Brüssel formatında aparılan danışıqların da nəticə verəcəyini düşünmürəm, ona görə ki, orada Fransa yer alır. Mənə görə, optimal variantlardan biri Türkiyənin təklif etdiyi dördlü variant - Ermənistan-Rusiya və Azərbaycan-Türkiyə arasında müzakirələrin aparılmasıdır. Bu formatda gedən danışıqlarda daha köklü və ciddi nəticələr hasil ola bilər. Amma problem ondadır ki, Ermənistan bu formata isti baxmır, çünki hazırda İrəvan-Moskva əlaqələri korlanmış vəziyyətdədir.

 - Formatlardan biri də Gürcüstan tərəfindən gündəmə gətirilir. Bir müddət əvvəl Baş nazir İrakli Qaribaşvili növbəti dəfə təklif etdi ki, Ermənistan və Azərbaycan rəhbərliyi Tbilisidə görüşsünlər. Bu variant nə qədər uğurlu olar?

 - Əslində, Azərbaycan və Ermənistan arasında ən ideal variant danışıqların qonşu Gürcüstanda, özü də heç bir vasitəçi olmadan aparılmasıdır. Yəni müzakirələrdə hansısa üçüncü tərəfin iştirakı olmur və Gürcüstan sadəcə görüş məkanı təklif edir. Rəsmi Tbilisinin vasitəçilik missiyası tərəflərin danışıqlarına təsir göstərmir. Vaxtı ilə Nikol Paşinyan özü də vasitəçi olmadan, iki tərəfin danışıqlar aparmasını dilə gətirmişdi. Azərbaycan Gürcüstanda danışıqların davam etdirilməsi təklifinə dəstəyini ifadə edib. İrəvan hökuməti də razılaşarsa, tərəflər öz maraqlarına uyğun müzakirələri davam etdirə bilərlər. Şübhə yox ki, Rusiya və Fransa buna da imkan verməyəcəklər.

 - Paşinyanın mütəmadi gündəmə daşıdığı məsələlərdən biri də sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlıdır. Baş nazir sərhədlərin müəyyənləşməsi üçün konkret xəritələrdən bəhs edir. Amma Rusiya dövlət başçısı bunu "texniki məsələlər" adlandırır...

 - Putinin mövqeyi aydındır. Moskva prosesin uzanması və nəticə olmaması üçün sərhədlərin "texniki məsələ" olduğunu deyir. Necə olar bilər ki, iki dövlət arasında sülh müqaviləsi imzalansın, dövlətlər qarşılıqlı bir-birinin ərazi bütövlüyünü tanıdığını desin, amma sərhədlər qeyri-müəyyən qalsın?! Sərhədlər dəqiqləşməmiş qalarsa, ölkələr bir-birinin ərazi bütövlüyünü, suverenliyini necə, hansı əsasla tanıyacaq?! Paşinyan açıqlamalarında Ermənistan ərazisinin 29 min kvadrat km-dən artıq olduğunu vurğulayır. Azərbaycan isə bunu qəbul etmir, çünki bizim minlərlə kilometr ərazimiz sovet Rusiyası tərəfindən Ermənistana verilib. 29 min kv.km ərazi məsələsi maraqlarımıza ziddir. Sərhədlər Rusiyanın dediyi kimi "texniki" yox, ən ciddi məqamlardandır. Digər yandan Ermənistan Qarabağda bizə vurduğu ziyana görə, Azərbaycan reparasiya (dövlətə dəymiş zərərin ödənilməsi - red) tələb edir. Sülh müqaviləsinin şərtlərindən biri reparasiyadır. Ermənilər bizə yüz milyardlarla, hətta bəzi araşdırmalara görə, yarım trilyon manat ziyan vurublar. Bunu Ermənistanın ödəmə şansı yoxdur. Ona görə də öz suverenliyindən imtina etməli və onsuz da Azərbaycana məxsus tarixi ərazilərin bir hissəsini bizə qaytarmalıdır. Əslində, məsələ çox mürəkkəbdir və iddia edildiyi kimi "texniki", yaxud asan deyil.

 - Sərhədlər məsələsində önəmli məqamlardan biri də Zəngəzur bölgəsi ilə bağlıdır. Tarixi torpaqlarımızın Azərbaycana qaytarılması, azərbaycanlıların öz yurdlarına dönüşü nə zaman reallaşacaq?

 - Prezident İlham Əliyev Füzuli sakinləri ilə görüşündə bəyan etdi ki, tankla yox, maşınlarla Zəngəzura qayıdacağıq. Bu o deməkdir ki, Azərbaycan tərəfi Zəngəzurun qaytarılmasının dinc yolla həllinə üstünlük verir. İndiki şəraitdə İlham Əliyevin apardığı siyasət düzgündür. Azərbaycan Demokrat Partiyası olaraq dövlət başçısının siyasətini dəstəkləyirik. Ermənistan özü də başa düşür ki, Zəngəzurun Azərbaycana verilməsi gün məsələsidir. Erməni şərhçilər də sual edirlər ki, nəyə görə, İran, Rusiya və Fransa bir-birinin ardınca Qafanda konsulluq açırlar? Deməli, sözügedən bölgə ya neytral ərazi statusunda olacaq, yaxud da birbaşa Azərbaycana veriləcək. Əks təqdirdə həmin ölkələr İrəvanda səfirlikləri olduğu halda kiçik şəhərdə konsulluq açmazdılar. Bunları ermənilər özləri düşünür və Zəngəzurun əldən çıxacağını bilirlər. Zəngəzurun Azərbaycana verilməsi ilə problem həqiqətən də birdəfəlik həllini tapar. Azərbaycan tərəfi də müəyyən güzəştlərə gedə bilər. Məsələn, Zəngəzur və Dərələyəzin qaytarılması ilə razılaşsalar, bizə vurduqları maddi ziyanın əhəmiyyətli hissəsini bağışlaya bilərik. Əfsuslar ki, bu məsələdə hər şey bizim dövlət maraqlarından asılı deyil. Rusiya və İranın, digər dövlətlərin də maraqları toqquşur. Sülh müqaviləsi imzalanmayacağı təqdirdə Cənubi Qafqaz dünya müharibəsinin başlamasının səbəblərindən biri kimi ortaya çıxa bilər. Fransa, Rusiya, İran, ABŞ və Türkiyə açıq şəkildə öz maraqlarını gündəmə gətirməyə başlayıblar. Adı çəkilən hər ölkə Qafqazda siyasi-diplomatik və hərbi rollarını gücləndirirlər. Çoxtərəfli güclərin olduğu bölgədə sülh müqaviləsinin bağlanması da çətinləşir və müxtəlif formatlar meydana çıxır. Hadisələrin gedişatından çox şey asılı olacaq. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına, sülh müqaviləsinin imzalanmasına yaxın durmasa, söhbət bütöv Zəngəzur torpaqlarından gedəcək. Ermənilər ya dəhliz verməli, ya da Zəngəzuru qaytarmalıdır. Ermənistan baş naziri kommunikasiyaların açılması dedikdə anlamalıdır ki, həmin xətlərin böyük hissəsi məhz Azərbaycan ərazisindən keçir. Ümumiyyətlə, Ermənistan Azərbaycanın min kilometr ərazisindən sərbəst istifadə etmək istəyir, amma özünün yüz kilometr ərazisinə razı olmur?!

 - Paşinyan Rusiya ilə gərginlik fonunda rəsmi Bakının gözləntilərinə uyğun addımlar ata biləcəkmi?

 - Ermənistan çox pis vəziyyətdədir. Uzun müddət başqalarının əlində alət olmaları onları pis vəziyyətə salıb. İctimaiyyət parçalanıb, bir qrupu Rusiya tərəfindən çıxış edir, digəri "Avropa" deyir. Həmçinin "qalib dövlət", "qalib xalq" mifləri də dağılıb. Nailiyyətsizlik sindromu yaşayırlar. Bu məqamlar Ermənistan cəmiyyətində çox təhlükəli proseslərə təkan verə bilər. Məlumat var ki, rus polisi Ermənistan ölü halda tapılıb. Rusiya bu cür olaylardan istifadə edərək Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd edə bilər. Bunları bəhanə edərək, Ermənistana əlavə qoşun yeridər. Paşinyan hökumətinə qarşı ağlagəlməz addımlar atıla bilər. Rusiya bir çox hallarda öz adamlarını özü öldürüb və məqsədinə çatmaq üçün müxtəlif siyasi oyunlar oynayıb. O baxımdan gedişatı proqnozlaşdırmaq çox çətindir. Ancaq Ermənistan baş nazirinin addımları göstərir ki, artıq Rusiya ilə müttəfiq deyillər.

 - Rusiya sülhməramlılarının Qarabağdan nə zaman çıxacağı da müzakirə predmetidir. Rus hərbi kontingenti 2025-ci ildən sonra torpaqlarımızda qala bilərmi?

 - Qarabağda hansısa sülhməramlıdan söhbət gedə bilməz. Demək olar ki, orada mülki erməni qalmayıb. Qarabağda əli silahlı, separatçı, terrorçu da yoxdur. Uzağı 5-10 nəfər quldur hərbçi dağda-daşda gizlənə bilər. Rusiya hərbi kontingentinin sülhməramlı missiyası aradan qalxmış sayılır. Bölgədə sülhün təmin edilməsi üçün heç bir əsas yoxdur. Bunu ruslar özləri də etiraf edirlər və Qarabağdakı sülhməramlı kontingentin adını, missiyasını dəyişdirmək barədə düşünürlər. Fikirləşirlər ki, bundan sonra Azərbaycanda hansı adla qala bilərlər? "Müşahidə missiyası" kimi variantlar gülməlidir. Nəyi müşahidə edəcəklər? Ağdamda Rusiya-Türkiyə birgə müşahidə mərkəzi fəaliyyət göstərir. Onlar nə qədər istəyirlər qalsınlar, onsuz da bütün günü nərd, futbol oynayırlar. Amma rus hərbçiləri və onların ağır texnikaları Xankəndidən çıxmalıdır. Məntiqlə İrəvan hökuməti Qarabağdan imtina etməklə 2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli sazişdən də imtina etməlidir. Hətta bu mənada üçtərəfli bəyanat da hüquqi gücünü itirmiş sayılır. Rus hərbçilərinin Qarabağda qalmasına heç bir zərurət qalmayıb. Nə qədər artıq qalsalar, bir o qədər qeyri-qanuni sayılacaq. Konstitusiyamız ərazimizdə xarici qoşunların saxlanmasına icazə vermir.

 - Bəy, Qarabağdan öz istəkləri ilə çıxmış ermənilər geri dönəcəkmi?

- Müəyyən kənar qüvvələr, Ermənistanda bəzi dairələr çox çalışır ki, Qarabağdan könüllü surətdə çıxmış erməniləri, ən azından bir qismini yenidən Azərbaycana qaytarsınlar və 30 ilki oyunları yenidən, sıfırdan başlasınlar. Ancaq Nikol Paşinyan hökuməti bunda maraqlı deyil. Ermənilərin Qarabağa gəlməsi İrəvanın yenidən Moskvaya ağız açmasına, kömək istəməsinə səbəb olacaq. Rusiya isə Ermənistanın müstəqilliyini məhdudlaşdırmaq və başqa şərtlərlə Paşinyana dəstək verəcək. Həm də nəzərə alaq ki, Qarabağdan gedən ermənilərin 60-70 faizi onsuz da Azərbaycanda yaşamaq hüququna malik olmayan adamlardır. Yaşamaq hüququ olanların əksəriyyəti də Azərbaycan dövlətinə və xalqına qarşı çoxsaylı cinayətlərdə, separatçılıqda iştirak ediblər. Cəzalanacaqlarını bildikləri üçün geri dönməyi düşünmürlər. Xankəndi, Xocalı, Xocavənd və digər yerlərdə nə qədər silah-sursat aşkarlandı. Bütün silahlar Qarabağı tərk edən ermənilər tərəfindən istifadə olunurdu. Gələnlər də böyük ehtimal ki, yeni tapşırıqlarla geri dönəcəklər. Qayıdış məsələsi o qədər də asan olmayacaq. Azərbaycan ciddi ələmə prosesi həyata keçirəcək. Qərbi azərbaycanlıların öz yurdlarına geri dönməsi məsələsi həllini tapmadan ermənilərin Xankəndiyə qayıtmasına da imkan verilməməlidir. Qayıdış ikitərəfli olmalıdır. Hazırda Xankəndidə minə yaxın adam qalıb. Görünür, elə günahsız olanlar da onlardır. Cinayətlərdə əli olmadıqları üçün qalmağı seçiblər. Ümumən, düşünürəm ki, ermənilərin kompakt yaşamasına razılıq verilməməlidir, çünki bunun ziyanını çox çəkmişik. Azərbaycanda qalacaq erməniləri müxtəlif regionlarda yerləşdirmək lazımdır ki, əvvəlki arzuolunmaz hadisələr təkrarlanmasın.