Mahmudəli Çöhrəqanlı:  Vaşinqtona və Brüsselə etimad göstərmək olmaz - MÜSAHİBƏ

“Sülh üçün ən yaxşı platforma Tbilisidə aparılacaq danışıqlardır”

“Rusiya bəlkə bir qədər islah olunub, amma Moskvaya da aşırı güvənmək yolverilməzdir”

“Zəngəzur sadəcə dəhliz deyil, Türk dünyasının azad edilmiş torpaqlar vasitəsilə birləşməsi deməkdir. Türk dünyasını birləşdirən yoldur. Hələ heç nə bitməyib”

  Qarabağda keçirilən birgünlük antiterror tədbirlərindən sonra bölgədə yaşanan proseslər tamamilə yeni mərhələyə qədəm qoydu. Bir qərinəlik separatizm virusunun zərərsizləşdirilməsi, silahlı quldur dəstələrinin məhv edilməsi Ermənistan hökumətinin Qarabağdan birdəfəlik imtinasına gətirib çıxartdı. Həm də İrəvanın sülh danışıqlarına bəhanəsiz yönəlməsinə şərait yaratdı. Ermənistan baş naziri Nikol Paşinyan və hökumətin digər üzvləri il yekunlaşmadan Azərbaycanla sülh müqaviləsi imzalamağa, münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan etməkdədir. 

Buna baxmayaraq, erməni baş nazir bəzi Qərb ölkələrinin təhriki ilə Rusiyanın görüşlə bağlı təkliflərini birmənalı geri çevirir və Moskvanın çağırışlarına "yox" cavabı verir. Həmçinin Zəngəzur dəhlizinə Rusiyanın nəzarət funksiyasını qəbul etmədiyini hayqırır və öz təkliflərini irəli sürür. Paralel olaraq sərhədlərin demarkasiya və delimitasiya məsələsində müzakirə olunacaq problemlərin qaldığını dilə gətirir. Xülasə, sülh üçün əlverişli şəraitin yarandığı deyilsə də, Paşinyanın çəkingən və qeyri-müəyyən mövqeyi prosesi irəliyə daşımağa imkan vermir. Halbuki hazırkı şərtlər daxilində sülh ən çox Ermənistana lazımdır. Digər problem isə odur ki, Avropa, Qərb də artıq təşəbbüskar görünmür. Regiona aidiyyəti olmayan ölkələrin bölgədəki proseslərə kobud müdaxiləsi də arzuolunan deyil. Sülh danışıqları ətrafında cərəyan edən proseslər sadəcə 10 milyonluq xalqımız yox, bütövlükdə 50 milyonluq Azərbaycan türkləri tərəfindən diqqətlə izlənməkdə, tarixi nailiyyətlərimiz bütün soydaşlarımızın sevinc və qürur hissinə səbəb olmaqdadır. 
Uzun müddətdir Amerika Birləşmiş Ştatlarında mühacir həyatı yaşayan ünlü soydaşımız, filologiya elmləri doktoru, professor, Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı da "Sherg.az"-a müsahibəsində vurğulayıb ki, xarici ölkələrdə yaşayan güneyli milli fəallarımızın ürəyi müstəqil, güclü və qalib Azərbaycanla döyünür. Müstəqillik tariximizin şanlı səhifələrini, məmləkətin qürurverici uğurlarını okeanın o tayında fəxarətlə izləyən doğma yurd həsrətli professor soydaşlarımızın Azərbaycanın bütün uğurlarına hədsiz sevindiklərini, tarixi anlar, izaholunmaz hisslər yaşadıqlarını bəyan edib...

 - Mahmudəli bəy, torpaqlarımızın böyük hissəsini düşməndən azad etsək də, Qarabağda separatizm tüğyan edirdi. Ancaq bir günlük antiterror tədbirləri ilə bölgədə separatçılığa son verildi. Bayrağımızın nəhayət Xankəndidə dalğalanmasını, Qarabağ mövzusunun danışıqların gündəmindən çıxmasını necə dəyərləndirirsiniz? 

 - Bu cür möhtəşəm zəfərlər, tarixi uğurlar ən mümkün halda yarım əsrdə, 100 ildə bir reallaşır, hansısa millətə nəsib olur. Açığını deyim, 3 il bundan öncə, Zəfər savaşından qabaq azərbaycanlının başı "qınında" idi. Sayı 3 milyondan az olan erməniyə, bir ovuc separatçı və terrorçuya məğlub edildiyinə görə utanırdı. Erməniyə məğlub olmamışdıq, məhz məğlub edilmişdik, bunlar fərqli anlayışlardır. Şükürlər olsun, o böyük Zəfər xalqımıza qismət oldu, 30 illik işğaldan sonra torpaqlarımız azadlığa qovuşdu. İndi həmin ərazilər öz həqiqi sahiblərinin nəfəsiylə, əliylə dirçəlməkdədir. Soyqırım törədilmiş, 700-ə yaxın günahsız insanın qətlə yetirildiyi Xocalımız da erməni işğalından azad oldu. Mərkəzi Xankəndi olmaqla ətraf rayonlar, Xocavənd, Ağdərə Azərbaycanın nəzarətinə keçdi, bölgədə suverenliyimiz bərpa olundu. Hazırda müqəddəs milli bayrağımız Xankəndidə dalğalanmaqdadır. Bu duyğular insanı hədsiz qürurlandırır, ruhunu coşdurur. Sevincdən, mənəvi gücdən dolub-daşırıq. Qarabağda separatizm məhv edilməklə illərdir davam edən təhlükəli proses də sonlandı. Allah Vətən torpağı uğrunda, azadlığımız naminə canını fəda etmiş şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun. Qazilərimizə də can sağlığı diləyirəm. Şanlı və şərəfli millətimizin başı daim uca olsun. 

 - Qarabağdan könüllü gedən ermənilərlə bağlı Ermənistanda, daha çox Qərbdə hay-küy salanlar, hətta "genosid" iddiasında olanlar var. Sizcə, torpaqlarımızı tərk etmiş ermənilərin yenidən qayıtmasına imkan verilməlidirmi? 

 - ABŞ-də, Fransada, o cümlədən digər Avropa ölkələrində erməni lobbisi, diasporu kifayət qədər güclüdür və Azərbaycan əleyhinə fasiləsiz aktiv fəaliyyət göstərirlər. Məhz həmin diaspora vasitəsilə həqiqətləri tamamilə dəyişdirir, haqqı batil edərək, batili haqq yerinə qoyaraq dünya ictimaiyyətinə sırıyırlar. Hətta Azərbaycan millətinin başına gətirdikləri oyunları, qətliamları elə təqdim edirlər ki, guya, Azərbaycan Ordusu ermənilərə qarşı cinayətlər törədib. Erməni xisləti belədir. Ona görə də hesab edirəm ki, torpaqlarımızı tərk etmiş ermənilərin yenidən qayıtmasına imkan verilməməlidir. Bu istiqamətdə aparılan təbliğatlara, "genosid" nağıllarına da adekvat cavabımız olmalı, qarşısını almalıyıq. Ermənilərə "burda qalın, getməyin" söyləməyə də ehtiyac görmürəm. Onları zorla çıxartmırıq ki?! Qalmaq istəyən qalıb, getmək qərarı verənlər könüllü surətdə Qarabağı tərk ediblər. Məncə, nə qədər çox getsələr, o qədər yaxşıdır. 300 ildir zəbt etdikləri torpaqlarda ancaq qan tökürlər. Anadoluda, Azərbaycanın quzeyində və güneyində yüzillər ərzində yarım milyondan çox insanı qətlə yetiriblər. Təkcə Güney Azərbaycanda 250-300 min insanımızı öldürüblər. Təcrübə göstərir ki, qalsalar, yenə rahat durmayacaqlar. Arzuladıqları kimi Ermənistanda, ermənilər arasında yaşasınlar. Millətimiz də bir daha erməni qətliamlarına məruz qalmasın.

 - Azərbaycan və Ermənistan arasında sülh danışıqları əsasən üç platformada - Vaşinqton, Brüssel və Rusiyada aparılır. Son olaraq qonşu Gürcüstan da vasitəçilik təklif edir. Bakı müzakirə üçün bu formatların hansına üstünlük verməlidir? 

 - Ən qanlı savaşlar belə son nəticədə masa arxasında müzakirələrlə yekunlaşır. Danışıqların davam etməsi zəruridir. Düzdür, Vaşinqton, Brüssel formatlarına da çox etimad göstərmək olmaz. Rusiya bəlkə bir qədər islah olunub, amma Moskvaya da aşırı güvənmək yolverilməzdir. Təbii ki, variantlar arasında ən münasibi qonşu Gürcüstanda, Tbilisidə aparılacaq danışıqlar, müzakirələrdir. Zənnimcə, hər platformadan istifadə etməliyik və maraqlarımıza cavab verən istənilən müzakirələrə qatılmalıyıq. Lakin inanmıram ki, indiki şəraitdə Qərbdə, Vaşinqton və Brüsseldə aparılan müzakirələr Azərbaycanın nəfinə, yəni xeyrinə irəliləyişə gətirib çıxartsın. ABŞ və digər Qərb ölkələrinə güvən olmadığını dəfələrlə müşahidə etmişik. Çünki burada erməni lobbisi güclü fəaliyyət içindədir. Konqresmenlərlə, dövlət qurumları ilə müxtəlif üsullarla sıx əlaqələr qurmağı bacarıblar və onlardan öz məqsədləri üçün maksimum istifadə ediblər. Ona görə də Vaşinqton obyektiv mövqe sərgiləyə bilmir. Halbuki, bu cür siyasət Ağ Evin dövlət maraqlarına ziddiyyət təşkil edir və zaman-zaman fəsadları ilə üzləşirlər. 

 - Bu gedişlə Ermənistan baş nazirinin iddia etdiyi kimi, ilin sonunadək, yaxud qarşıdakı aylarda sülh müqaviləsinin imzalanması mümkün görünürmü? 

 - Ermənistan çarəsiz, gücsüz vəziyyətdədir, siyasi-iqtisadi, hərbi və mənəvi-psixoloji cəhətdən ən ağır dönəmini yaşamaqdadır. Amma iddiası hər zamankı kimi başından böyükdür. Təsəvvür edin, 11 milyonluq xalqın yaşadığı ərazi 86,6 min kv.km.dir. 3 milyonluq ermənilərin isə 30 min kv.km-ə yaxındır. Ermənilər bu sayla indiki halda belə çox torpağa sahibdirlər. Ancaq hədlərini bilsələr, zəbt etdikləri tarixi torpaqlarımızda hələlik yaşamalarına imkan verərik. Ermənistan tarixi fürsəti düzgün dəyərləndirməlidir. Hər halda Azərbaycan bütün hədəflərinə nail olacaq və gec-tez sülh müqaviləsi imzalanacaq. 

 - Türkiyənin sülh danışıqlarında, xüsusən Rusiya və İranın neytrallaşmasında daha yaxından iştirakı mümkündürmü? 

 - Şübhəsiz, Türkiyənin bu məsələlərdə əhəmiyyətli rolu danılmaz və çox müsbətdir. Həm 44 günlük Vətən savaşında, həm də ondan sonrakı üç il ərzində Türkiyə Azərbaycanın daim yanında olub və öz qətiyyətli mövqeyini ortaya qoyub. 
  İstəyimiz odur ki, Türkiyə daim səhnədə olsun. Qonşu Rusiya və İranla mütəmadi təmas qursun. Güclü Türkiyənin sülh prosesində və Azərbaycanın bütün oğurlanmış haqq-hüquqlarının geri qaytarılmasında müstəsna xidmətləri ola bilər. İnanıram ki, hər şey Türkiyə və Azərbaycanın faydasına olacaq. Yaşasın uca türk milləti, yaşasın Türkiyəmiz və qardaş ölkənin başında duran cənab Rəcəb Tayyib Ərdoğan!  

 - Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi ilə bağlı müxtəlif illəri əks etdirən xəritələrdən bəhs olunur. İki ölkənin sərhədləri necə, hansı dövrün xəritələrinə əsasən müəyyənləşməlidir? 

 - Sərhədlər məsələsi çox aktual, ciddi, həm də çətindir. Dünyanın, BMT-nin qəbul etdiyi qanuniləşmiş sərhədlər var. Beynəlxalq qurumlar tərəfindən tanınmış sərhədlərlə bağlı konkret hansısa addımların atılması asan deyil. Qarabağda ona görə rahat antiterror tədbirləri keçirə bildik ki, Qarabağ dünya tərəfindən Azərbaycan ərazisi kimi tanınır, qəbul olunur. O baxımdan düşünürəm ki, ilk mərhələdə BMT çərçivəsində tanınmış sərhədlərlə bağlı işlər aparılmalıdır. Sərhədlərlə bağlı anlaşma olmazsa, sülh, barış müqaviləsi olmadan yaşamağa çalışmalıyıq. Bu da regionun sabitliyinə, bölgənin əmin-amanlığına, Güney Qafqaz dövlətlərinin təhlükəsizliyinə, xalqların rifahına böyük zərbə deməkdir. Savaş halında olan bir bölgədə iqtisadi sistem işləməz. Yaxşı olar ki, tarixi torpaqlarımızla bağlı iddialar dövlət xətti ilə, rəsmi üslubda yox, daha çox qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti, media müstəvisində gündəmə daşınsın. Əlbəttə, Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır. Cənab Prezident İlham Əliyev də bunu bir neçə dəfə vurğulayıb. Amma dövlət başçısı həm də qeyd edir ki, biz o torpaqlara tankla deyil, avtomobillərlə qayıdacağıq. Bu çox mühüm məqamdır.

 - Önəmli məsələlərdən biri də Zəngəzur dəhlizidir. Ermənistan razılıq vermədiyi üçün Naxçıvana quru yolunun İrandan keçməsi müzakirə olunur, hətta razılaşmaların olduğu deyilir. İrandan keçəcək yol Zəngəzur dəhlizinə alternativ sayılırmı? 

 - Ermənistanın sərgilədiyi mövqe, Türkiyə və Azərbaycan rəsmilərinin açıqlamalarından görünür ki, Zəngəzur dəhlizi gündəmdən çıxma mərhələsindədir. Buna görə çox heyifsilənirik və hesab edirik ki, məhz Zəngəzurdan keçən dəhliz şiddətli dərəcədə lazımlı və faydalıdır. Naxçıvana gedəcək yolun İrandan keçməsi məsələsi müzakirə olunmaqdadır. Əslində, İran adlanan yer Güney Azərbaycan torpağıdır və onsuz da Naxçıvana güneydən yol var idi. Gömrük haqqı verərək İran ərazisindən istifadə edilirdi. Zəngəzur dəhlizi ona görə lazımlıdır ki, türk düşməni fars-molla rejimi ilə əlaqəmiz, iş birliyimiz olmasın. 42 kilometrlik Zəngəzur ərazisi vasitəsilə Naxçıvanın Azərbaycanın əsas bölgəsi ilə birləşməsi, dəmiryolu, avtomobil xətlərinin çəkilməsi məqsədəuyğun olardı. Nəzərə almalıyıq ki, Zəngəzur sadəcə dəhliz deyil, Türk dünyasının azad edilmiş torpaqlar vasitəsilə birləşməsi deməkdir. Türk dünyasını birləşdirən yoldur. Hələ heç nə bitməyib, müzakirələr gedir. Ermənistana ərazi iddiası ilə çıxış etmirik, sadəcə, Zəngəzurdan çəkilmiş dəhliz vasitəsilə Naxçıvana, oradan da Türkiyəyə və digər bölgələrə hərəkət istəyirik. 

 - Daim İrəvana dəstək verən Tehran rejimi Qərb ölkələrinin Ermənistana doluşmasını niyə asanlıqla həzm edir? 

 - Fars və faşist molla rejimi yaxşı bilir ki, ABŞ-də, Fransada və digər ölkələrdə ən güclü lobbilərdən biri ermənilərdir. Maraqlı məqam odur ki, ermənilər harada varsa, dolayı yolla fars rejimi də oradadır. Tehran rejimi erməni diasporası üzərindən, onların əliylə pərdə arxasından qazanclar əldə edir, öz istəklərini reallaşdırır. Fars-molla rejimi İrəvanın Qərblə yaxınlaşmasına bu səbəbdən açıq-aşkar və sərt formada təpki göstərmir. Çünki bunu avantaja çevirir.