“Bir sözüm var, çox yerdə deyirəm”
Bəhruz Məmmədzadə: “Xüsusi Təyinatlının missiyası o zaman bitər ki, özü artıq həyatda olmasın”
“Xoşbəxt insanam ki, Allah sonadək döyüşməyi, Şuşanın azadlığı uğrunda əməliyyatlarda iştirak etməyi və qaziliyi mənə nəsib etdi”
Tarixi qələbəmizdən üç il ötür. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın 200 illik işğal siyasətinə son qoydu, Azərbaycanın adı dünya tarixinə qalib dövlət kimi yazıldı. Dünya hərb tarixinə düşən bir qələbəyə imza atdıq. İşğalçı Ermənistanın 30 il ərzində qurduğu hərbi istehkamlar, ordu darmadağın edildi. Milli birlik və döyüşçülərimizin igidliyi sayəsində böyük zəfər qazanıldı. Noyabrın 8-də Şuşa şəhərinin azad olunması isə hərb tariximizin qızıl səhifəsi oldu. Şəhidlərin qanı bahasına əldə olunan bu qələbə ilə Azərbaycan 30 il beynəlxalq birliyin həll edə bilmədiyi və yaxud həll etməyə can atmadığı münaqişəni tarixin arxivinə atdı. Bu ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə 44 günlük müharibəyə yekun vuruldu. Bununla da ərazi bütövlüyümüz, suverenliyimiz təmin edildi. Əlbəttə, möhtəşəm Zəfərin ildönümünü qeyd edərkən bu Qələbəni bizə bəxş edən şəhidlərimizin ruhunu, qəhrəman qazilərimizi yad etməmək olmaz. Prezident İlham Əliyevin dediyi kimi, "Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib". Qəhrəmanlığı dillərdə olan igid oğullarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrimizin tərkibində döyüş yolu keçmiş Bəhruz Məmmədzadədir. Şuşa fatehi qazimiz Bəhruz Məmmədzadə 1981-ci ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 1999-cu ildə hərbi xidmətə yola düşüb və N saylı hərbi hissənin tərkibində ön cəbhədə xidmət keçib. 2003-2021-ci Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Qüvvələrdə xidmətdə olub. Vətən müharibəsi qazisi 44 günlük Vətən müharibəsi zamanı Şuşayadək döyüş yolu keçib. Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd döyüşlərində də iştirak edib. Şuşa döyüşündə yaralanaraq kəllə-beyin travması alıb. Döyüş tapşırıqlarını qüsursuz yerinə yetirdiyinə və torpaqlarımızın azad edilməsindəki xidmətlərinə görə müxtəlif dərəcəli 16 medalla təltif edilib. 2021-ci ildən ehtiyatda olan hərbi qulluqçudur. Həmçinin “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədr müavini və Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür...
- Bəhruz bəy, möhtəşəm Qələbəmizin 3-cü ildönümünü yaşayırıq. Şanlı Zəfərimiz haqqında ilk sözü söyləməyə haqqı olanlardan biri kimi duyğularınızı öyrənmək istərdik. Nələr demək istərdiniz?
- Belə bir Zəfərin qazanılmasında, əldə olunmasında əməyim, xidmətim olduğu üçün böyük qürur hissi keçirirəm. Azərbaycan xalqının bayramları çoxdur. Amma 8 Noyabr Zəfər Günü elə bir bayramdır, elə bir şirin duyğudur ki, xüsusən bizim üçün bunu sözlə ifadə etmək çətindir. 8 Noyabrın önəmini daha dərindən dərk etmək üçün deyim ki, bu möhtəşəm Zəfərin əhəmiyyətini kənardan daha yaxşı görmək mümkündür. Bunu ötən dövrdə bir neçə xarici ölkədə oldum və gördüm. Azərbaycan xalqına, misilsiz Qələbəmizə qibtə edənlər, yerimizdə olmaq istəyənlər çoxdur. Ali Baş Komandanın ətrafında sıx birləşərək bu Zəfərə nail olduq. 3 ildir ki, Zəfər Günümüzü qeyd edirik. Bir qazi, Azərbaycan vətəndaşı kimi hədsiz sevinirəm, qürurlanıram. İçimdə tam əminlik var ki, bu gün dünyanın harasında olmağından asılı olmayaraq, bütün soydaşlarımız "mən azərbaycanlıyam" sözünü böyük fəxarətlə deyirlər. Allah şəhidlərimizə rəhmət etsin. Əlbəttə, dövlət olaraq hər zaman sülhün yanında olmuşuq, ilk növbədə sülh istəmişik. Çalışmışıq ki, bölgəmizdə əmin-amanlıq bərqərar olsun. 3 il öncə, yəni Vətən müharibəsindən qabaq içimizdə bir qaraltı, ləkə vardı. Allaha çox şükürlər olsun ki, həmin ləkəni təmizlədik. İndi hamımız deyirik ki, "nə mutlu azərbaycanlıyam deyənə". Bununla fəxr edirik.
- Zəfərimizin üçüncü ilini fərqli formada qeyd edirik. Artıq Qarabağda separatçılıq ləğv edilib və ərazilərimiz bütünləşib. Qələbəmiz də tamamlanıb deyə bilərikmi?
- Dövlətimiz Qarabağdakı separatçıları, qanunsuz silahlı birləşmələri dəfələrlə xəbərdarlıq etmişdi ki, növbəti dəfə qan tökülməməsi üçün tərksilah olsunlar və torpaqlarımızdan çıxsınlar. Ancaq separatçılar və silahlı dəstələr öz havadarlarına güvənərək təxribatçı addımlarını davam etdirdilər. Xüsusən, həmin ərəfələrdə baş vermiş terror hadisələri nəticəsində xalqımızın da, cənab Ali Baş Komandanımızın da səbr kasası daşdı. Sentyabrın 19-20-si tarixlərində Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirtdik. Azərbaycanın ərazi bütövlüyü tam olaraq bərpa olundu. Şanlı bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanır. Şəhidlərimizin və Ulu Öndərin ruhları şaddır. Gedişat göstərir ki, builki 8 Noyabr Zəfər Günümüz daha möhtəşəm qeyd olunacaq. Xankəndidə paradın keçiriləcəyi ilə bağlı xəbərlər və digər məqamlar bunu göstərir. Həqiqətən, tarixi günlər, anlar yaşayırıq. Bəlkə də heç kimin ağlına gəlməzdi ki, nə vaxtsa Xankəndiyə qayıdacağıq. Amma bu gün Xankəndidəyik, Xocalıdayıq. Bəziləri deyirdilər ki, Xankəndi nə oldu? Xocalı nə oldu? Şəhidlərimizin, qazilərimizin hesabına suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etdik. Xankəndiyə qayıtmağa nail olduq. Bu qüruru sözlə ifadə etmək olmur. Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu şaddır.
- Cəbrayıldan, Füzulidən Şuşayadək, düşmənlə mübarizənin son gününədək döyüş yolu keçmək sizə nəsib oldu. Şuşa fatehlərindən biri olmaq necə bir duyğudur?
- Şəhid olmaq, yaxud qazi olmaq Allahın lütfüdür, qismətidir. Hər bir əsgərin, hərbçinin savaşarkən duası o idi ki, torpaqlarımızı son qarışına kimi işğaldan azad edənədək düşmənlə döyüşək, yaralanaraq savaşdan çəkilmək məcburiyyətində qalmayaq. Axıradək gedək, nə olacaqsa, ondan sonra olsun. Xoşbəxt insanam ki, Allah sonadək döyüşməyi, Şuşanın azadlığı uğrunda əməliyyatlarda iştirak etməyi və qaziliyi mənə nəsib etdi. Şuşa əməliyyatları zamanı hamımızda yüksək coşğu, düşmənə hədsiz nifrət hissi var idi. Əlbəttə, döyüş yoldaşlarımızın şəhid olması bizi sarsıdırdı, ürəyimizi ağrıdırdı. Şükürlər olsun ki, şəhidlərimizin qanı hədər getmədi. Alınmaz qala sayılan Şuşanı işğaldan azad etdik. Yenə deyirəm, adi sözlərlə ifadə olunmayan duyğular yaşadıq və yaşamaqdayıq...
- Siz həm də İctimai Birlik təmsilçisi, MŞ İdarə Heyətinin üzvüsünüz. Qazi olaraq aktiv ictimai fəaliyyətinizi necə dəyərləndirirsiniz?
- Bir sözüm var, çox yerdə deyirəm. Xüsusi Təyinatlının missiyası o zaman bitər ki, özü artıq həyatda olmasın. Yəni onun dünyasını dəyişəndən sonra missiyası başa çata bilər. Qazi ola bilərik, səhhətimizə görə xidmətdən tərxis oluna bilərik. Amma biz elə bir məktəb keçmişik ki, Xüsusi Təyinatlı missiyasını ölənədək aparmalıyıq, aşılamalıyıq. Orduda xidmətim bitə bilər, amma ictimai fəaliyyətimi, öz missiyamı davam etdirirəm. Əlimizdən gələni edirik və etməliyik. İmkan verməməliyik ki, şəhidlərimizin, qazilərimizin, o cümlədən Ali Baş Komandandan tutmuş xalqın ən sıravi nümayəndəsinədək heç kimin əziyyəti, xidməti itməsin. Bunları daim təbliğ etməliyik. Azərbaycanımızı dünyada layiqli təmsil etməliyik, yüksək səviyyədə tanıtmalıyıq. Təbii ki, ağır və əziyyətli işdir, ancaq şərəflə öhdəsindən gəlməyə çalışırıq. İmkan daxilində şəhidlərimizin ailələrini ziyarət edirik. Şəhid ailələri bizləri görəndə sanki öz övladlarını görürlər, onların qoxusunu bizdən alırlar. Ona görə də daimi olaraq onların yanında olmaq bizim mənəvi borcumuzdur".