Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi “Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı” layihəsi çərçivəsində 25 may 2026-cı il tarixdə Bakı şəhəri 9 saylı məktəbin həyətində ağac əkmə aksiyası keçirilib.

QHT.az xəbər verir ki, aksiya əsasən Ümummili lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə, Bakı şəhərində keçirilən Beynəlxalq Şəhərsalma Forumuna və 5 iyun Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar təşkil edilib. Aksiyada təhsil ocağının müəllimləri, şagirdləri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Ağayev , Adalia Beynəlxalq Qadın Platformasının direktoru Dilşad Əhədova fəal iştirak edib. İctimai maarifçilik, ekoloji müzakirə formatında təşkil olunan kampaniyada 30-dan çox ağac əkildi və suvarılıb.
Elnur Ağayev məktəblilər arasında ətraf mühitin korlanması, ağacların kəsilməsi, təbiətin çirkləndirilməsi kimi kəskin ekoloji durum mövzusunda çıxışlar edib. Bildirib ki, ağacəkmə aksiyası ətraf mühitin qorunması, havanın keyfiyyətinin yaxşılaşdırılması və ekoloji tarazlığın təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. Bu cür təşəbbüslər insanların təbiətə məsuluyyətini artırır, gələcək nəsillər üçün daha sağlam və yaşıl mühit formalaşdırır. Layihə rəhbəri İradə Həsənova bildirib ki, hər əkilən ağac təbiətə verilən ən dəyərli töhvələrdən biridir. Azərbaycanın hər bir bölgəsində tarixdən və kökdən gələn təmizkarlıq, ekoloji və bioloji varlıqların mühafizəsi üçün görülən işlər mütləq dəstəklənməlidir.