“Əlilliyi olan şəxslər üçün mədəni turların təşkili” layihəsi çərçivəsində növbəti tədbir Quba şəhərində keçirilib

“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə maliyyə dəstəyi müsabiqəsinin qalibi olduğu “Əlilliyi olan şəxslər üçün mədəni turların təşkili” layihəsi çərçivəsində Quba şəhərində növbəti tədbirini keçirib.

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin sosial və mədəni həyata fəal inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtının səmərəli təşkilini təmin etmək, yaradıcılıq və bacarıqlarını nümayiş etdirmələri üçün imkan yaratmaq, eləcə də inklüzivliyin cəmiyyətdə təşviqinə töhfə vermək olub.

Quba şəhərində təşkil olunan tədbir çərçivəsində iştirakçılar üçün mədəni tur və konsert proqramı keçirilib. Tədbir iştirakçıları Qubanın tarixi və mədəni məkanları ilə tanış olub,Quba Soyqrımı Memorial Kompleksini ziyarət edib, bölgənin zəngin tarixi-mədəni irsi haqqında məlumat əldə ediblər.

Tədbirin xüsusi hissəsini əlilliyi olan şəxslərin iştirakı ilə keçirilən inklüziv konsert proqramı təşkil edib. Müxtəlif musiqi və bədii çıxışların təqdim olunduğu konsert proqramı iştirakçılarda böyük maraq doğurub.

Tədbir vasitəsilə əlilliyi olan şəxslərin istedad və bacarıqlarının geniş auditoriyaya təqdim olunmasına şərait yaradılıb.

Layihənin mühüm istiqamətlərindən biri də Bakı şəhərində fəaliyyət göstərən inklüziv və peşə-reabilitasiya mərkəzlərində olan əlilliyi olan şəxslərin regionlarda keçirilən mədəni tədbirlərə cəlb olunmasıdır. Bu məqsədlə Bakıdan olan iştirakçıların Qubada keçirilən tədbirdə iştirakı təmin olunub. Belə görüşlər müxtəlif regionlardan olan əlilliyi olan şəxslər arasında ünsiyyətin və sosial əlaqələrin genişlənməsinə imkan yaradır.

Tədbir çərçivəsində əl işlərindən ibarət sərgi də təşkil olunub. Sərgidə layihə iştirakçıları tərəfindən hazırlanmış müxtəlif əl işləri nümayiş etdirilib. Altı iştirakçının öz əl işlərini təqdim etdiyi sərgi əlilliyi olan şəxslərin yaradıcılıq potensialının və bacarıqlarının nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Tədbirdə Ablimpiya və Paralimpiya hərəkatı, idmanın əlilliyi olan şəxslərin sosial inteqrasiyasındakı rolu barədə də məlumat verilib. İştirakçılara Paralimpiya idmanının imkanları və əlilliyi olan şəxslərin idmana cəlb olunmasının əhəmiyyəti haqqında məlumat təqdim olunub.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektoru Aynur Yəhyayeva, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Qurban Paşazadə, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin sektor müdri Mansur Ağayev, Mədəniyyət şöbəsinin direktoru Ramiz Ramazanov, eləcə də digər dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Rəsmi qonaqlar tədbir çərçivəsində həyata keçirilən fəaliyyətlərlə tanış olub, əlilliyi olan şəxslərin sosial və mədəni həyata fəal inteqrasiyasının, onların istedad və bacarıqlarının dəstəklənməsinin vacibliyini vurğulayıblar. Tədbirə digər dövlət qurumlarının və yerli ictimaiyyət nümayəndələri də dəvət olunublar.

Tədbir iştirakçıları üçün konsert, sərgi və idman fəaliyyətlərinin bir arada təşkili inklüziv mühitin formalaşdırılmasına və əlilliyi olan şəxslərin cəmiyyətin ictimai-mədəni həyatında daha fəal iştirakına imkan yaradıb.

Quba şəhərində keçirilən tədbir həmçinin müxtəlif regionlardan və Bakıdan olan iştirakçıların bir araya gəlməsi, yeni dostluq əlaqələrinin qurulması və qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətli olub.

Layihə çərçivəsində həyata keçirilən bu cür tədbirlər əlilliyi olan şəxslərin yalnız mədəni tədbirlərin izləyicisi deyil, həm də konsert proqramlarının iştirakçısı, yaradıcı şəxs, sərgi iştirakçısı və idman fəaliyyətlərinin fəal üzvü kimi təqdim olunmasına şərait yaradır.

“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov bildirib ki, layihənin maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Quba rayonunda tədbirin keçirilməsinə dəstək göstərən dövlət qurumlarına, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən tərəfdaşlara, həmçinin tədbirdə iştirak edən bütün şəxslərə təşəkkürümüzü bildiririk.