“İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və PHS təhlükəsinə dair maarifləndirilməsi” layihəsi davam edir

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun Mine Action Agency of the Republic of Azerbaijan - ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi qrant müsabiqəsi çərçivəsində “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və PHS təhlükəsinə dair maarifləndirilməsi” adlı layihəsinin həyata keçirilməsini davam etdirir.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərə daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin və bu ərazilərdə infrastruktur layihələrinin həyata keçirilməsində işləyən şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərini formalaşdırmaqdır. 

Hal-hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən hər həftə keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə yeni tikilən və ya bərpa olunan şəhər və kəndlərə daimi yaşamaq üçün geri qayıdışı təşkil edilir. Bu insanlar partlayış riskləri və təhlükə hiss etdikdə hansı dövlət orqanlarına necə müraciət edəcəkləri barədə məlumatlandırılmalı, onlarda ehtiyatlı davranış vərdişləri formalaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, bu insanların çox böyük əksəriyyəti işğal müddətində ölkənin müxtəlif regionlarında məskunlaşdıqları yerlərdə bu təhlükə ilə rastlaşmadıqlarından ilk dəfə belə maarifləndirmə proqramlarına cəlb olunacaq. 

Layihə çərçivəsində 7-9 avqust 2026-cı il tarixlərdə Kəlbəcər rayonunda, 10-12 avqust tarixlərdə isə Laçın rayonunda maarifləndirici tədbirlər keçiriləcək, əhali və infrastruktur layihələrinin həyata keçirilməsində işləyən şəxslər ilə görüşlər olacaqdır. Tədbirlərdə partlayıcı sursatların təhlükəsinə dair ətraflı məlumatlar mina təmizləmə əməliyyatları zamanı partlayışa məruz qalmış şəxs və ANAMA-nın əməkdaşı tərəfindən veriləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaqdır.  

Bu rayonlarda yaşayan insanları bu tədbirlərdə aktiv iştirak etməyə dəvət edirik. KİV də bu tədbirlərə dəvətlidir.