2026-cı il iyunun 5–6-da Lənkəran rayonunda “Milli Qəhrəman irsinin tanıdılması” layihəsi çərçivəsində iki tədbir keçirilib.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsinin qalibi olan “Vətən Uğrunda” Şəhid Ailələri və Milli Qəhrəmanlar İctimai Birliyi tərəfindən həyata keçirilir.
Tədbirlərdən əvvəl Lənkəran rayonunda şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib.

İlk tədbir Lənkəranda fəaliyyət göstərən “Palıd” otelin tədbir salonunda təşkil olunub. Tədbiri layihə rəhbəri, İctimai Birliyin sədr müavini, kapitan Gülarə Musayeva açıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gülarə Musayeva layihənin məqsədi və nəzərdə tutulan fəaliyyətlər barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, təşkilatın sədri Hikmət Əsgərov səhhətində yaranmış ciddi problemlərlə əlaqədar tədbirlərdə iştirak edə bilməyib.

Tədbirdə Lənkəran Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ramal Cahangirzadə, Lənkəran rayonunu təmsil edən Milli Məclisin deputatı, professor Anar İsgəndərli, İctimai Birliyin Masallı rayon şöbəsinin sədri Yavər Yusubov, şəhid ailələri, qazilər, QHT rəhbərləri və ictimaiyyət nümayəndələri olmaqla 50 nəfər iştirak edib.
Çıxış edən şəhid ailələrinin üzvləri qarşılaşdıqları problemləri və təkliflərini diqqətə çatdırıb, Lənkəranda bu istiqamətdə tədbirlərin keçirilməsinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər. Deputat Anar İsgəndərli Lənkəranın və bütövlükdə Azərbaycan xalqının Qarabağın azadlığı uğrunda keçdiyi şərəfli mübarizə yolundan danışıb.
Layihənin ikinci tədbiri “Qızıl Tac” şadlıq evində şəhidlərin xatirəsinə yaradılmış guşədə keçirilib. Tədbirdə İctimai Birliyin Masallı rayon şöbəsinin sədri Yavər Yusubov, şəhid və Milli Qəhrəmanların valideynləri, övladları, ailə üzvləri və qazilər iştirak ediblər.

Azərbaycanın Milli Qəhrəmanı Paşa Qurban oğlu Təhməzovun yeganə övladı Zəminə Təhməzova atası ilə bağlı xatirələrini bölüşüb. Azərbaycanın Milli Qəhrəmanı Etibar Böyükağa oğlu Əliyevin qızı Aysel Rzayeva isə atasının vətənpərvərliyindən, ailəsinə münasibətindən və yaddaşında qalan xatirələrindən danışıb.

İki gün ərzində keçirilən tədbirlərdə ümumilikdə 70 nəfər iştirak edib. Şəhid ailələri belə tədbirlərin mütəmadi təşkil olunmasının və şəhidlərin xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayıblar.
Tədbirlər zamanı şəhid ailələrinin qaldırdıqları bəzi məsələlər qeydə alınıb. Həmin problemlərin həllinə kömək göstərilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb.