“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin icrasını davam etdirir.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə birgə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərini formalaşdırılmasıdır.
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən işğaldan azad olunmuş ərazilərdə yeni tikilən və ya bərpa olunan şəhər və kəndlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlərin daimi yaşamaq üçün geri qayıdışı təşkil edilir. Bu insanlar mütləq partlayış riskləri və təhlükə hiss etdikdə hansı dövlət orqanlarına necə müraciət edəcəkləri barədə məlumatlandırılmalı, onlarda ehtiyatlı davranış vərdişləri formalaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, bu insanların çox böyük əksəriyyəti işğal müddətində ölkənin müxtəlif regionlarında məskunlaşdıqları yerlərdə bu təhlükə ilə rastlaşmadıqlarından ilk dəfə belə maarifləndirmə proqramlarına cəlb olunacaq.

İlk maarifləndirmə tədbiri Kəlbəcər şəhərinə geri qayıtmış keçmiş məcburi köçkünlər və burada infrastruktur layihələrinin icrasına cəlb olunmuş vətəndaşlar üçün təşkil olunmuşdur. Tədbirdə Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, yerli sakinlər, müəllimlər, şagirdlər, FHN və polis əməkdaşları, otel tikintisində çalışan mühəndis və fəhlələr iştirak ediblər.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri, layihə rəhbəri Hafiz Səfixanov iştirakçılara layihə və onun donorları, ölkəmizdə mina təmizləmə əməliyyatları və mina qurbanları, təlimçilər tərəfindən isə ən çox rast gəlinən mina və PHS növləri, təhlükəsiz davranış vərdişlərinin əsasları barədə və digər zəruri məsələlərə dair ətraflı məlumat verib. Bütün iştirakçılara layihə çərçivəsində hazırlanmış buklet verilib.

Kəlbəcər şəhərində fəaliyyət göstərən məktəbin müəllimləri bu tədbirin təşkil olunmasına görə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinə və layihənin donorlarına minnətdarlığını bildiribər və belə bir maarifləndirmə tədbirinin burada təhsil alan bütün şagirdlər üçün təşkil olunmasını xahiş ediblər.
Partlayıcı sursatlar təhlükəsinə dair növbəti maarifləndirmə tədbirləri Laçın rayonunda həyata keçiriləcək.