“Fransa Qarabağ probleminin həlli prosesindən uzaqlaşdırılmalıdır”

  “Bu, ilk deyil. Dəfələrlə hansısa səlahiyyətli, vəzifəli şəxslər, idmançılar Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımıza qanunsuz səfərlər ediblər”.

Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi, “Milli.az” portalının baş redaktoru Anar İmanov deyib. 

Ekspert bildirib ki, XİN-dən başqa Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, o cümlədən politoloqlar da Qarabağ bölgəsinə qanunsuz səfərləri pisləyiblər: 



“Bu məsələdə ən üzücü məqam odur ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir və bu ölkə Azərbaycan torpaqlarının sülh yolu ilə qaytarılmasına çalışmalıdır. Amma heç kim bunu görmür.

Əksinə, Fransanın sələhiyyətli şəxsləri Azərbaycandan icazə almadan qanunsuz səfərləri gerçəkləşdirirlər. Fransa onsuz da Qarabağ probleminin çözülməsi ilə bağlı heç bir iş görmür.

Ona görə də bu ölkənin əlindən vasitəçi səlahiyyətini almaq lazımdır. Yadımdadır, bir neçə il öncə bu məsələ qaldırılırdı. Hətta Fransanın Türkiyə ilə əvəzlənəcəyi haqda söz-söhbətlər gəzirdi. O vaxt işğalçı Ermənistan çox narahat olmuşdu, çünki Azərbaycan torpaqlarının sülh yolu ilə qaytarılması çox real görünürdü. Amma heyif ki, bu, baş vermədi”. 

Analitikin fikrincə, Fransa Qarabağ probleminin həlli prosesindən uzaqlaşdırılmalıdır: 

“Fransanın yerinə ən uyğun namizəd Türkiyəni görürəm. Bəlkə də Azərbaycanın işğal edilən torpaqlarının sülh yolu ilə qaytarılması üçün bu, yeganə şansdır. Əks təqdirdə hərb yolu qaçılmazdır”.