“Fransada parlamentarilərin fəaliyyətinə dövlət tərəfindən nəzarət olunmur”.
Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Partiya təmsilçisi bildirib ki, belə hallar dəfələrlə təkrar olunub. Tək Fransa yox, digər dövlətlərin vətəndaşları da Dağlıq Qarabağa qanunsuz səfər ediblər:
“Belə hallarda həmin ölkələr dərhal bəyanatla çıxış edirlər ki, bu dövlətin mövqeyi deyil, vətəndaşların şəxsi mövqeyidir. Təbii ki, bu hal qəbuledilməzdir. Dövlət qəti şəkildə xarici siyasətinin prioritetlərini vətəndaşına, heç olmasa dövlətin adı ilə əlaqəli işlə məşğul olanlara izah etməlidir. Deputat harasa səfər edərkən bunun təmsil etdiyi dövlətin siyasətinə zidd olub-olmadığını bilməlidir.
Fikrimcə, Qarabağa səfər edənlərin əksəriyyəti bunun qanunsuz olduğunu bilirlər. Sadəcə olaraq erməni lobbisinin təşkilatçılığı və vəsaiti hesabına məqsədli şəkildə səfərə razılıq verirlər. Bu səfərlərin erməni lobbisi tərəfindən təşkil olunması Dağlıq Qarabağı “müstəqil dövlət” kimi tanıtmaq, onun siyasi çəkisini artırmaq məqsədi güdür”.
Siyasi şərhçinin sözlərinə görə, son dövrlərdə bir neçə Fransa məhkəməsinin Qarabağla dostluq anlaşmalarını ləğv etməsi erməni lobbisinin ciddi narahatlığına səbəb olub:
“Onlar bu səfərləri təşkil etməklə məğlubiyyəti neytrallaşdırmaq, Fransa dövlətinin onlara olan münasibətinin dəyişmədiyini göstərmək istəyirlər. Belə hallara hazır olmalıyıq.
Erməni lobbisi az qala bir əsrdən çoxdur ki, Fransada kök salıb. Öz yalan təbliğatları ilə fransız cəmiyyətində “məzlum”, “soyqırıma” uğrayan “yazıq” xalq imici formalaşdırıblar. Bu baxımdan əsas işimiz erməni təbliğatını mümkün qədər neytrallaşdırmaq olmalıdır. Eyni zamanda Fransa cəmiyyətinin öndə gedən insanlarını təbliğatımıza cəlb etməliyik”.