“İran tarixən çox kəmfürsət olub və kimin ağrıyan yeri varsa, daim oranı qanadıb. Bu gün də o siyasət davam edir”.
Bunu “Sherg.az”a siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.
Professor bildirib ki, Tehran hökuməti Azərbaycanın qanıyan yerinin Dağlıq Qarabağ münaqişəsi olduğunu çox yaxşı bilir:
“Qonşu dövlətlər zaman-zaman bu yaradan yararlanırlar. Əslində, bu cür davranış İranın zəifliyinə dəlalət edir. 80 milyonluq bir dövlət 200 min erməni əlində əsir-yesir qalıb. Özü də Məhərrəmlik ayında, yəni matəm dövründə təmtəraqlı erməni olimpiadasının keçirilməsi İranda dinin bir siyasətdən ibarət olduğunu göstərir.
Deməli, lazım gələndə ən yüksək bildikləri dini maraqları belə ayaqlar altına atmağı bacarırlar. Bu addım İran üçün üzqarasıdır. Belə hərəkəti Tehrana yaraşdırmıram. Böyük dövlətçilik təcrübəsi olan bir dövlətin cılız bir ölkənin təxribatına uyması yolverilməzdir”.
Analitik vurğulayıb ki, Azərbaycanda XİN-dən başqa 50-yə yaxın qeydiyyatdan keçmiş siyasi partiya, 3000-dən artıq QHT var:
“Niyə partiya və qeyri-hökumət təşkilatları bir yerə yığılıb bir forum təşkil etmirlər?! Təəssüflər olsun ki, ötən gün iqtidar-müxalifət arasında baş tutan görüşdə də İranla bağlı məsələyə toxunulmadı. Halbuki, mövzu “daxili siyasətə xaricdən olan təhlükələr” idi. Bilirsiz, İrandakı proseslərə dövlət səviyyəsində reaksiya verilməsi düzgün deyil.
Çünki rəsmi şəxslər dövlət maraqları naminə qonşu ölkələrlə kəskin müstəvidə danışmamalıdır. Milli Məclis nə işlə məşğuldur? Parlamentdə xarici ələqələr komitəsi var. Yığılsınlar, bir bəyanat versinlər. Başqa məsələlər üçün dərhal vaxt tapırlar, amma milli və həssas məsələdə səsləri çıxmır. QHT-lər, siyasi partiyalar çağırış etməli, etiraz bildirməlidir. Dövlət hesabına yaşayan yüzlərlə qurum var. Onların da fəaliyyəti hiss olunmur. Bəzi siyasi partiyalar mənasız mitinqlər üçün “ölürlər”.
Amma Dağlıq Qarabağ məsələsində 15 adam bir yerə toplaşıb təxribata qarşı etiraz bildirmir. Hamısı yalançı millətçidir. Xaricdən sifariş alan kimi hərəkətə keçirlər, ancaq xalqın sifarişini yerinə yetirmirlər. Əfsuslar olsun ki, müxalifətimiz şəxsi maraqlar gündəmə gələndə çox fəal olurlar. Lakin milli və dövlətçilik müstəvisində aktivlikləri sıfırdır”.