“Rusiya üçün Azərbaycan iflasa uğramış Ermənistandan daha dəyərlidir”


“Paşinyanın sərsəm bəyanatları müharibə riskini artırır”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Azər Badamov deyib. 

Deputat bildirib ki, biz əvvəllər danışıqlar yolu ilə münaqişənin tənzimlənməsindən danışırdıqsa, indi müharibəni istisna etmirik: 

“Paşinyanın ağılsız siyasəti, sərsəm bəyanatları danışıqlar prosesinin əhəmiyyətini itirir. Təbii ki, ermənilər müharibəyə hazır deyil. Paşinyanın son bəyanatlarından sonra erməni siyasətçilərin açıqlamalarını izləyirik. 

Onlar etiraf edirlər ki, bu gün Ermənistanın iqtisadi-hərbi potensialı Azərbaycanla müharibə etmək iqtidarında deyil. Rusiya regionda baş verən prosesləri görür və bilir ki, əgər Azərbaycan işğal olunmuş torpaqlarında müharibəyə başlayarsa, ermənilər tamamilə Qarabağdan çıxarılacaq. Bu halda ermənilərə dəstək verilməyəcək. 

Birincisi, ona görə ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edir və təmizləmə əməliyyatını öz sərhədləri çərçivəsində aparır. İkincisi isə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir və Rusiya üçün Azərbaycan iflasa uğramış Ermənistandan daha dəyərlidir. 

Çox təəssüf ki, bütün bunlara baxmayaraq Ermənistan rəhbərliyi ölkənin gələcəyini dərk etmir. Paşinyan üçün hər şeydən önəmlisi hakimiyyəti əlində saxlamaqdır. O anlamır ki, Azərbaycan müharibəyə başlasa, onun hakimiyyətdən getməsini sürətləndirəcək”. 

Parlament üzvünün sözlərinə görə, Qarabağ erməniləri yaxşı bilirlər ki, Azərbaycan heç vaxt öz torpaqlarını onlara güzəştə getməyəcək: 

“Hərbi təlimlərin geniş miqyas alması düşmənə mesajdır. Təbii ki, bu qorxu və təşviş bütün Qarabağ ermənilərini əhatə edir. Dağlıq Qarabağda yaşayan ermənilərin narahatlığı günü-gündən artmaqdadır”.