“Ermənistan rəhbərliyi dörd günlük “Aprel döyüşləri”ni araşdırılması üçün parlamentdə komissiya yaradıb”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, komissiyanın işi 2016-ci ildə ordunun döyüş hazırlığını və məğlub olma səbəbini araşdırmaqdır:
“Şübhəsiz, bu komissiya “inqilab lideri” Paşinynanın “Qarabağ klanı”na qarşı başladılan cinayət təqibinin məntiqi davamıdır. 1 mart hadisələri ilə bağlı “Qarabağ klanı”na zərbə vuran Paşinyanın növbəti hədəfi işğal olunmuş ərazilərdəki separatçılardır. “Qarabağ klanı”nın əsas dayağı Qarabağdır və klan burada toparlanmaq istiqamətində işlər aparır. Gələn il qondarma qurumda keçiriləcək “seçkilər”də rəhbərliyi yenidən öz əllərində saxlamağa çalışırlar. Məhz buradakı separatçıları Paşinyan öz iqtidarına qarşı təhlükə görməklə yanaşı, onları Robert Koçaryan və Serj Sarkisyanın əsas tərəfdarları olaraq siyasi səhnədən silməyə səy göstərir”.
Siyasi şərhçinin sözlərinə görə, parlamentdə yaradılan komissiyanın araşdırmaları Xankəndindəki separatçılara qədər uzanacaq:
“Onların istintaqa cəlb edilməsi qaçılmazdır. Komissiyanın nəticələrindən sonra Paşinyan separatçıları orduda baş verən uğursuzluğa görə ittiham edəcək. Hətta Qarabağ ermənilərini onlara qarşı qaldıracağı da istisna deyil. Separatçıların korrupsiyada, orduda yeyintiyə yol verməkdə və uğursuz hərbi əməliyyatlarda ittiham edilməsi gözlənilir. Göründüyü kimi Paşinynanın daxili siyasi intriqası davam edir. Hakimiyyətini qorumaq üçün Qarabağda adamlarını qondarma "rəhbərliyə" gətirməyi hədəfləyir. Paşinyan özünə qarşı qatı düşmən olan klanı zərərləşdirərsə, Qarabağ münaqişənin həllində hansı addımlar atacağı bəlli olacaq. Amma gələn ilin aprelinə kimi Paşinyanı cəbhədə və Kreml tərəfindən yeni surprizlər gözləyə bilər”.