Qarabağ həqiqətləri dünyaya Azərbaycandakı ermənilərin dili ilə çatdırılacaq
Qarabağın işğal faktı ermənilərin dili ilə dünyaya çatdırılacaq. Bunu Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev bildirib. İcma rəhbəri hələlik bu istiqamətdə işlər görülməsə də, ümumi təşəbbüsün olduğunu vurğulayıb: “İcma olaraq həm daxildə, həm də xaricdə bu məsələlərə həssaslıqla yanaşırıq. Düzdür, hələlik konkret olaraq Azərbaycanda yaşayan ermənilərlə hansısa işlər görülmür, lakin icma olaraq belə bir təşəbbüsümüz var.
Yəni birbaşa olaraq həmin şəxslərin dili ilə Qarabağın ermənilər tərəfindən işğal olunması həqiqətini dünyaya çatdırmaq və ümumilikdə bu istiqamətdə işlərin görülməsi kimi fikirlər mövcuddur. Konkret təkliflər olduqdan sonra yekun qərara gəlib təşəbbüsümüzü qısa zaman ərzində həyata keçirəcəyik”.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının təşəbbüsünü “Şərq”ə dəyərləndirən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Ermənistanın torpaqlarımızı işğal etməsinə və soydaşlarımızı ölkədən qovmasına baxmayaraq, bu gün Azərbaycanda yetərli sayda ermənilər yaşayır.
“Azərbaycanda yaşayan ermənilər çəkinmədən bu həqiqətləri dilə gətirib, İrəvanın işğalçı siyasətini ifşa edə bilərlər”
Ekspert bəyan edib ki, ermənilər ölkəmizdə sülh və əminamanlıq şəraitində ömür sürür və həyatlarına qarşı təhlükə hiss etmirlər: “Bu halın özü Azərbaycanın nə qədər sülhsevər və tolerant ölkə olduğunun isbatıdır. Ölkəmizdə bir çox etnik qrup dinindən, dilindən asılı olmayaraq, birgə yaşayır. Ancaq Ermənistan açıq şəkildə faşizmi dəstəkləyir və şovinist siyasətə üstünlük verir. Düşmən ölkədə fəaliyyət göstərən siyasi təşkilatların emblemlərində açıq şəkildə faşistlərə xas simvollar yer alıb. Azərbaycanda yaşayan ermənilər çəkinmədən bu həqiqətləri dilə gətirə, İrəvan hökumətinin təhlükəli siyasətini ifşa edə bilərlər. Əlbəttə, işğal faktını məhz ermənilərin gündəmə daşıması Ermənistan siyasətinin sadəcə qonşu ölkələrə deyil, oz xalqlarına belə ziyan vurduğunu sübuta yetirər. Bu metod effektli olarsa, düşmənlərin yeritdiyi anti-bəşəri siyasəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olar”.