“Misir-Azərbaycan münasibətlərinin əsası 1992-cü ildə “diplomatik münasibətlər yaradılması protokolou”nun təsdiq olunması ilə başlanıb”. Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Partiya təmsilçisi bildirib ki, 1993-cü ildə Afrika qitəsində ilk diplomatik əlaqələr Misirlə yaradılıb:
“Misir-Azərbaycan münasibətləri həm də İslam Əməkdaşlıq Konfransı çərçivəsində uğurla davam etdirilib. Misir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyən tərəf olub. Bütün bunlar Azərbaycanın xarici siyasətindəki uğurları sahəsində əldə olunub. Bununla yanaşı, Misirin Ermənistanla daha isti münasibətlərə malikdir. Bu iki ölkə arasında ucuz aviareyslər təşkil olunub ki, turist axını daha da artsın. Xüsusilə, Şarm Əl Şeyx şəhəri ermənilərin sevimli istirahət yeridir. Şarm Əl Şeyx şəhər qubernatorunun Qarabağın seperatçı rejimi “rəhbəri” ilə görüşməsi Misirin Azərbaycana münasibətində qeyri-müəyyənlik yaradır”.
Politoloq: "Azərbaycan xarici işlər nazirliyi Misirə diqqəti daha da artırmalıdır və iki ölkə rəhbərləri arasında görüşlərin keçirilməsini intensivləşdirməlidir"
V.Əfəndiyevin sözlərinə görə, ümumilikdə Pakistan və Türkiyə istisna olmaqla heç bir islam dövləti ümmət maraqlarından çıxış etmir:
“Misirdən bundan artığını gözləmək sadəlöhvlükdür. Lakin Azərbaycanın mövcud durumu və xarici siyasəti nəticəsində Misir bizi siyasi müstəvidə dəstəkləməkdə davam edəcək. Bu da təbii ki, güclü ordusu və siyasi çəkisi olan bir dövlətin dəstəyi deməkdir. Baş vermiş xoşagəlməz hadisədən nəticə çıxarmağı bacarmalıyıq. Misirlə daha çox işləməliyik. Hesab edirəm ki, Azərbaycan xarici işlər nazirliyi Misirə diqqəti daha da artırmalıdır və iki ölkə rəhbərləri arasında görüşlərin keçirilməsini intensivləşdirməlidir”.
Qeyd edək ki, Misirin Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim bildirib ki, Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Səfirin sözlərinə görə, Misir və Azərbaycan arasındakı münasibətlər çox yaxşı səviyyədədir. Səfir müsahibədə xarici mətbuatda qondarma Dağlıq-Qarabağ “rəsmisi”nin Şarm-Əl-Şeyxin qubernatoru ilə görüşməsi məsələsinə toxunub. Bu görüşün rəsmi görüş kimi qəbul olunmadığını bildirən səfir qeyd edib ki, qarşı tərəf özünü Dağlıq Qarabağın deyil, Ermənistanın nümayəndəsi kimi təqdim edib. Səfər turistik xarakter daşıyıb, heç bir rəsmi səfərdən söhbət getmir. Səfir vurğulayıb ki, Misir dövləti üçün Dağlıq Qarabağ işğal edilmiş bir ərazidir. “Biz bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”.