Asim Mollazadə: “Rəsmi İrəvan sülhə məcbur edilməlidir”

“2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəticəsiz qaldı”. Bunu Sherg.az-a açıqlamasında V Çağırış Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. 

A.Mollazadə bildirib ki, bunun səbəbi Ermənistanın sülhə hazır olmamasıdır: 

“Ermənistan tərəfi hər zaman müxtəlif  bəhanələr irəli sürməklə danışıqlar prosesini pozur. Düşmən ölkənin yeni rəhbərliyi heç bir plana malik deyil. Yəni ortada hansısa sənəd yoxdur ki, onun üzərində müzakirələr aparılsın. Təəssüflə qeyd etməliyəm ki, həmsədrlər və beynəlxalq ictimaiyyət öz təzyiqlərini Ermənistan üzərində tətbiq etmir. Rəsmi İrəvan sülhə məcbur edilməlidir. Proses bu yöndə davam etdiyi üçün başa vurduğumuz 2019-cu il ərzində də münaqişənin həlli istiqamətində irəliləyiş olmadı”.